"Gürcüstan narkotik mərkəzə çevrilir"-Saakaşvili


Bu yaxınlarda marixuanadan istifadəni leqallaşdıran Gürcüstan hökuməti indi bu narkotik maddənin yetişdirilməsinə və ixracına başlamaq niyyətindədir. Gürcüstan hökuməti ölkədə marixuana istehsalı və onun ixracı ilə bağlı hazırlıqlara başlayıb. Artıq Azərbaycana qonşu ölkənin hökuməti marixuananın ixracı, eləcə də tibbi məqsədlə istehsalına icazə verən qanun layihəsi hazırlayıb. Belə ki, ixrac olunan marixuana əczaçılıq və kosmetika ehtiyacları üçün istifadə ediləcək. Bir müddət əvvəl isə ölkənin Daxili İşlər Nazirliyi deputatları qanun layihəsi ilə tanış ediblər. Hökumətin bu təşəbbüsünü hakim “Gürcü arzusu” partiyasının rəhbəri Bdzina İvanişvili dəstəkləyib. Qanun layihəsinə əsasən marixuananın istehsalı lisenziyalaşdırılmış fəaliyyət növü elan olunacaq. Gürcüstan parlamentinin deputatı Akaki Zoidze "İmedi" telekanalının efirində çıxış edərkən bildirib ki, marixuananın müalicə məqsədilə ixracı ölkəyə böyük gəlirlər gətirə bilər. Həmçinin, maliyyə naziri İvan Maçavariani də öz növbəsində bu yolla ölkənin büdcəsinə “yaxşı pullar” daxil olacağını deyib. "Rosbalt"ın yazdığına görə, artıq keçmiş post-sovet məkanında Gürcüstan ilk ölkədir ki, marixuananın heç bir cəza tətbiq olunmadan açıq şəkildə istifadəsinə icazə verib. İyulun 30-da Gürcüstan Konstitusiya Məhkəməsi ölkədə marixuananı leqallaşdıran qərar qəbul edib. Bununla belə qərara əsasən, təhsil müəssisələrində, nəqliyyatda və ictimai yerlərdə marixuananın istifadəsi qadağan ediləcək. Qeyd olunmalıdır ki, sabiq prezident M.Saakaşvilinin dövründə narkotik vasitələrin istifadəsi azadlıqdan məhrum etmə cəzası ilə nəticələnirdi. Son iki ildə isə narkotik vasitələrdən istifadə edənlərlə bağlı sanksiyalar bir qədər yumşaldılıb, azadlıqdan məhrumetmə cəzaları deyil, inzibati cərimələr tətbiq olunub. İyulun 30-da isə marixuanadan istifadəyə görə tətbiq olunan cərimələr də ləğv edilib. Artıq Gürcüstanda narkotik vasitələrdən azad şəkildə istifadə etməyə icazə verilib. Bununla yanaşı, marixuananı almaq və saxlamaq yenə də qadağandır. Belə ki, 10 qram yaş və ya 5 qram quru marixuananın alınıb saxlanmasına görə 500 lari (200 dollar) civarında cərimə nəzərdə tutulur. Külli miqdarda narkotik vasitələrin dövriyyəsində isə cinayət işi qaldırıla bilər. Gürcüstanın Konstitusiya məhkəməsinin qərarı ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Marixuananın leqallaşdırılmasına qarşı Gürcüstanın Katolikos-Patriarxı II İliya çıxış edib və öz xütbəsində Konstitusiya məhkəməsinin qərarını "böyük səhv" adlandırıb. Bildirib ki, narkotiklərin istehlakı ehtimalı bu "millətə düşmənçilikdir". “Rosbalt”ın yazdığına görə, qonşu ölkənin əhalisinin dörddə üçü narkotik vasitələrin istifadəsinin qanuniləşdirilməsinə qarşıdır. Gürcüstanın sabiq prezidenti M.Saakaşvili də hökumətin bu addımını kəskin tənqid edib. O, bu ideyanın hakim "Gürcü arzusu" partiyasının sədri Bidzin İvanişviliyə məxsus olduğunu deyib və onu lobbiçilikdə ittiham edib. “Mənim vaxtımda Gürcüstan biznes, mədəniyyət, inkişaf, logistika və yeni texnologiyaların mərkəzinə çevrilmişdi. İvanaşvili isə bütün bunları ləğv edir, Gürcüstanı narkotik mərkəzə, narkotik vasitələr satan ölkəyə çevirmək istəyir”- deyə M.Saakaşvili bildirib.Azadpress.az 


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.