Bu gün Həştərxanda dördüncü beynəlxalq Xəzər mediaforumu start götürüb.
Trend-in məlumatına görə, foruma 250-dən çox iştirakçı, o cümlədən beş Xəzəryanı ölkənin media strukturlarının nümayəndələri qatılıb.
Foruma həmçinin Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistandan ekspertlər, informasiya siyasətinə cavabdeh dövlət orqanlarının nümayəndələri dəvət olunub. TREND İnformasiya Agentliyini tədbirdə baş direktorun müavini Elxan Ələsgərov təmsil edir.
Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin açılış nitqi ilə mediaforum iştirakçılarına müraciət edib və tədbiri “dənizaşırı informasiya körpüsü” adlandırıb:
“Birinci forum cəmi üç il əvvəl keçirilib. Amma bu müddət ərzində ölkələrimiz arasında dostluğun möhkəmlənməsi üçün çox şey etmək mümkün olub: iqtisadiyyatların qarşılıqlı fəaliyyəti artır, yeni əlaqə kanalları, nəqliyyat marşrutları yaranır. Ən əsası isə qonşular arasında dostluq və qarşılıqlı anlaşma möhkəmlənir”.
Forum çərçivəsində müxtəlif auditoriyalar üçün nəzərdə tutulmuş tədbirlər, mühazirə və seminarlar keçiriləcək. Əsas diqqət Xəzər regionu ölkələrinin KİV-ləri arasında informasiya mübadiləsinə həsr olunan layihə təşəbbüslərinin və praktiki məsləhətlərin hazırlanmasına yönəldilib.
Tədbirin ilk günündə E.Ələsgərov Xəzər dənizinin statusu barədə Konvensiyanın imzalanmasından dərhal sonra forumun keçirilməsinin məqsədəuyğunluğunun qeyd olunduğu məruzə ilə çıxış edib.
E.Ələsgərov məruzədə əsas diqqəti Xəzərdə gələcək layihələrin, xüsusilə də nəqliyyat və təhlükəsizlik sahələrində layihələrin reallaşdırılmasına yönəldib.
Baş direktorun müavininin sözlərinə görə, mediaforum ölkələr arasında münasibətlərdəki boşluqları doldurmalı və etimad mühitinin güclənməsinə xidmət etməlidir.
E.Ələsgərov vurğulayıb ki, Xəzər regionu ölkələrinin bütün problemləri üzərində birgə işləmək, tərəflərin hüquqlarını nəzərə almaq və başa düşmək çox vacibdir.
Bir neçə gün əvvəl Azərbaycanda dəniz sahilinin təmizlənməsi ilə bağlı aksiya keçirildiyini deyən baş direktorun müavini həmin günün Xəzər Ekologiyası Günü elan olunması təşəbbüsü ilə çıxış edib.