
Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında Azərbaycanda məmurların hüquqlarının müdafiəsi haqqında qanun layihəsinin hazırlanması təklif edilib.
Azadpress.az BakuPost-a istinadən xəbər verir ki, təkliflə Fazil Mustafa çıxış edib. O bildirib ki, Azərbaycanda məmurları qoruyacaq heç bir mexanizm yoxdur: "Müəssisə sahibi, komitə sədri, nazir dəyişən kimi məmurların problemləri yaranır. Hər bir nazir ya komitə sədri "öz meyarlarını” gətirir və oranı istədiyi kimi idarə edir. "Sözə baxmayanları” isə istədiyi vaxt işdən çıxarır. Həmin məmurun keçmiş fəaliyyətini nəzərə almır. Ona görə də məmurları qoruyacaq hüquqi mexanizmlərin yaradılmasına ehtiyac var. Parlament bu məsələdə öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir”.
Deputat vurğulayıb ki, məmurların çoxu qanunla işləməyə maraqlı və dürüst insanlardır: "Yeni gələn müəssisə rəhbəri və ya nazir çox vaxt öz qaydaları ilə işləməyi tələb edir. Ona görə də biz çalışmalıyıq ki, 10-15 il yetişmiş, savadlı, hazırlıqlı kadrların sıradan çıxarılmasına imkan verilməsin”.