top of page

Millət vəkili hökuməti mətbuata dəstək olmağa çağırdı


Deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov Milli Məclisin payız sessiyasının ilk plenar iclasında mətbuatın problemlərinə diqqət çəkdi.

Ə.Amaşov xatılatdı ki, 2016-cı ildən ölkəyə gətirilən hazır çap məhsulları və qəzet kağızına əlavə dəyər vergisi tətbiq edilir: “Bu zaman Nazirlər Kabinetinin 2015-ci ildə ləğv olunmuş 11 saylı qərarına istinad olunur. İş burasındadır ki, vaxtilə həmin qərara əsasən də ölkəyə gətirilən həm qəzet və jurnallar, həm də qəzet kağızı ƏDV-dən azad idi. Halbuki əvvəldən məsələnin qərara salınması düzgün deyildi. Onsuz da Vergi Məcəlləsinin 164.1-ci və 164.1.7-ci maddələrində idxal olunan KİV məhsullarının ƏDV-dən azad olduğu vurğulanırdı. Elə ziddiyyət də bundadır. Nə üçün ƏDV Vergi Məcəlləsi qala-qala Nazirlər Kabinetinin ləğv edilmiş qərarına əsasən tətbiq olunur? Yaxşı olar ki, qanunvericilik planında biz bu məsələyə də diqqət yetirək. İstərdim ki, bizim qəbul etdiyimiz qanunları heç bir icra strukturu öz mənafeyinə uyğun yozub, istifadə etməsin”.

Mətbuat Şurasının sədrinin qaldırdığı ikinci məsələ onlayn media ilə bağlı oldu: “İnternetin cəmiyyətə təsiri danılmazdır. Qanunvericiliyimiz də buna adekvat olaraq inkişaf edir. Ayrı-ayrı qanunlara dəyişiklik nəticəsində internet üzərindən yayımın məsuliyyəti məsələsinə diqqət yetirilib. Faydalı dəyişikliklərdən biri kimi mən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Telekommunikasiya haqqında” qanunlara dəyişiklikləri vurğulamaq istərdim. Ancaq hesab edirəm ki, internet medianın funksiya və vəzifələri ayrıca qanunda əksini tapsa, daha faydalıdır. Televiziya və radio yayımı haqqında qanun varsa, kabel şəbəkəsi haqqında qanun qəbul etməyi düşünürüksə, demək, internet media fəaliyyətinin də hüquqi əsaslarını bir qanunda birləşdirmək zəruridir. Bu, imkan verəcək ki, həm mövcud sahədəki boşluqlar aradan qalxsın, həm də biz internet medianın da dövlət yardımından bəhrələnməsinə nail olacağıq. Məsələ bu günümüz üçün çox vacibdir”.

Ə.Amaşov informasiya təhlükəsizliyi ilə bağlı da danışdı: “Əlbəttə, müəyyən dövlət sənədlərində bu məsələ əksini tapır. Azərbaycanda Milli Təhlükəsizlik Konsepsiyası və “Milli təhlükəsizlik haqqında” qanun var. Lakin bu sənədlərdə informasiya təhlükəsizliyi məsələsinə ümumi yanaşılır. Halbuki informasiya təhlükəsizliyinin təminatındakı metodlar fərqlidir. Düşünürəm ki, günümüzün reallığını nəzərə alaraq mövcud istiqamətdə daha fundamental yanaşma vacibdir. Bunun üçün informasiya təhlükəsizliyi ilə bağlı ayrıca konsepsiyanın, yaxud da qanunun qəbuluna ehtiyac var”.Azadpress.az


bottom of page