top of page

"Eşşək ətini realizə edib ortaya çıxaracaqlar"


“Qida Təhlükəsizliyi Agentliyi eşşək fermasına sertifikat versə də, şəxsən özüm əhalini boykota çağıracam” “Azərbaycan belə mənasız reklamlarla dünya tibb elminin üzünə tüpürüb”. 

Azadpress.az xəbər verir ki, bu sözləri “Yeni Müsavat”ın canlı yayım verilişinə qatılan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bidirib. Onun sözlərinə görə, eşşək südü, eşşək fermasının reklamı Azərbaycanda tibbin omadığını sübut edən məqamlardan biridir. Müsahibimiz hesab edir ki, eşşək südünü tərifləyən insanlar elmi tədqiqat jurnallarında eşşək südünün nəyəsə faydası olduğunu sübut edən məqalələrlə çıxış etməlidilər: “Əgər onlar bunu etsələr, mən də o zaman onlardan üzr istəyərəm. Bunların hamısı populist, insanları aldadan bir jestdir. Təbii üsullarla müalicə ilə akademik müalicə hər zaman bir-birini inkar edir. Elm həddən artıq irəliləyib. O adamlar belə üsulların ardınca gedir ki, onların ya yeni tibdən xəbərləri yoxdur, ya da yerli tibbə inamları yoxdur. Ölkədə qanun qəbul etməyə gücüm olsa, qərar qəbul edərdim ki, məmurların xaricdə müalicəsinin qarşısı alınsın. Bununla da yerli tibbə olan inamsızlıq aradan qalxardı”. E.Hüseynov bildirib ki, xarici ölkələrdə eşşək südünün faydalı olması ilə bağlı deyilənlər həqiqəti əks etdirmir. Müsahibimiz bu fikirlərini fərqli arqumentlərlə əsaslandırmağa çalışıb: “Hansı Avropa ölkəsi istəyər ki, təqaüdçüləri çox yaşasın? Kim kimin beynini necə yuyur, özü bilər. Elmi ədəbiyyata nə mane olur ki, eşşək südünün faydalı olması ilə bağlı araşdırmaları ortaya qoysun? Baryer nədir? Eşşək ferması açan tədqiqat jurnalını qoysun ortaya”. Müsahibimiz, eyni zamanda, daha bir bəyanatla çıxış edib. Deyib ki, əgər Qida Təhlükəsizliyi Agentliyi eşşək fermasına sertifikat versə də, şəxsən özü əhalini boykota çağıracaq: “İslam Əməkdaşlıq Təşkilatının üzvü olan Azərbaycan eşşəyin haram buyurulduğu ölkədir. Belə bir şəraitdə onun südünün satılması doğru deyil. Süd bəhanədir. Eşşək ətini realizə edib ortaya çıxaracaqlar. Bir azdan onun ətindən kolbasalar satılacaq. Necə ki, alabaş kolbasası çıxacaq. Eşşək gündə 150 qram süd verən heyvandırsa, hansı rentabellilikdən söhbət gedir? Eşşək çox az xərc tələb edən heyvandır. Bu da sübut edir ki, eşşək fermasının açılması ideyası eşşək ətinin bazara çıxarılması üçün bir mərhələdir. Azərbaycanda donuz ferması açmaq nə qədər doğru deyilsə, eşşək ferması da o qədər doğru deyil”.


bottom of page