Gömrük rüsumlarının azaldılması ilə bağlı məsələyə gəlincə, ümumilikdə elektrik avtomobillərinin geniş tətbiqi üzrə beynəlxalq təcrübə ətraflı öyrənilib və ölkəmizdə tətbiqinə dair tədbirlər planı hazırlanıb, müvafiq strukturlara təkliflər verilib.
Azadpress.az xəbər verir ki,Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov autograph.az saytına müsahibəsi zamanı belə deyib.
Anar Ələkbərov deyib ki,hazırda ətraf mühitin qorunması dünya qarşısında duran əsas məsələlərdəndir və bütün imkanlar ətraf mühitin, ekologiyanın qorunmasına yönəlib. Bu baxımdan elektrik avtomobilləri zərərli tullantısız, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri kimi gündəmdədir:
"Azərbaycan Avtomobil Federasiyası və IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) təşkilatının dəstəyi ilə 2014-cü ildən ölkə ərazisində elektrik avtomobilləri ilə bağlı innovativ ekoloji layihənin həyata keçirilməsinə başlanılıb. Bu çərçivədə həm də müxtəlif ünvanlarda istehlakçıların maliyyə xərci olmadan elektrik doldurma stansiyalarının qurulmasına dəstək veririk. Bu məntəqələrin regionlarda da quraşdırılması nəzərdə tutulur. Gömrük rüsumlarının azaldılması ilə bağlı məsələyə gəlincə, ümumilikdə elektrik avtomobillərinin geniş tətbiqi üzrə beynəlxalq təcrübə ətraflı öyrənilib və ölkəmizdə tətbiqinə dair tədbirlər planı hazırlanıb, müvafiq strukturlara təkliflər verilib"
"Azərbaycan Avtomobil Federasiyasının prezidenti olaraq FIA-nın Ətraf Mühit və Dayanıqlılıq Komissiyasında təmsil olunmağım həm də bu sahədə apardığımız işlərin beynəlxalq təcrübəyə əsaslanmasına və yoxlanılmış modellərin tətbiq edilməsinə xidmət edir.Doğrudur, elektrik avtomobillərinin qiymətləri hələ ki, bazarda digər avtomobillərlə müqayisədə yüksək olduğundan onlara geniş müraciət edilmir. Amma şəhərimizin küçələrində elektrik avtomobillərinin olması müsbət haldır və belə sürücülərə rəğbət istər-istəməz artır. Bu sahədə aparılan işlər sayəsində düşünürəm ki, gələcəkdə elektromobillər daha geniş yayılacaq. Çünki bu avtomobillər ekoloji təmiz olmaları ilə yanaşı, həm də insan həyatı üçün təhlükəsiz nəqliyyat vasitəsidir"-deyə, Anar Ələkbərov bildirib.