top of page

Gürcüstanda əcnəbilərə yaşayış icazəsinin verilməsi sərtləşdirilir


Gürcüstan parlamentinin Hüquqi məsələlər üzrə komitəsində “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu” haqqında qanuna nəzərdə tutulan düzəlişlər ikinci oxunuşda müzakirə olunub.

“Report”un xəbərinə görə, hakim Gürcü Arzusu Partiyası tərəfindən hazırlanmış qanun layihəsi ilə ölkədə əcnəbilərə yaşayış icazəsinin verilməsi tələbləri sərtləşdirilir.

Layihəyə əsasən, xarici vətəndaş Gürcüstanda bir illik müddətə yaşayış icazəsi almaq üçün 100 min dollara yaxın dəyəri olan daşınmaz əmlak almalıdır. Mövcud qanunvericiliyə əsasən, bu məbləğ ən azı 35 min dollar təşkil edir. Əcnəbi daşınmaz əmlakı satacağı və ya digər şəxsə verəcəyi təqdirdə, yaşayış icazəsi haqqında sənəddən məhrum ediləcək.

Bununla yanaşı, Gürcüstanda yaşayış izninin alınması üçün investisiyaların minimal həcmi 300 min lari əvəzinə, 300 min dollar həcmində müəyyən olunub. Yaşayış icazəsi haqqında sənəd qeyri-müəyyən müddətə deyil, yalnız 5 il müddətinə təqdim olunacaq.

Əcnəbi vətəndaşa illik dövriyyəsi lari ekvivalentində 120 min dollar təşkil edəcəyi halda da 5 illik yaşayış icazəsi verilə bilər.

Qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.

Qeyd edək ki, 2012-2016-cı illərdə Gürcüstanda 70 min əcnəbi yaşayış icazəsi alıb. Onların da 10 min nəfərini tələbələr təşkil edir. Qeyri-rəsmi məlumatlara görə, ölkədə, təxminən, 100 minə yaxın xarici vətəndaş qanunsuz yaşayır. Azadpress.az


bottom of page