Bakıda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda ittiham edilən “Sanimed” və “Epidbiomed” MMC-lərin vəzifəli şəxsləri və həkimlərin cinayət işi üzrə məhkəmə başlayır.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən aparılan istintaq yekunlaşıb. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmə işinə hakim Ramella Allahverdiyeva sədrlik edəcək. İlkin hazırlıq iclasının vaxtı yaxın günlərdə bəlli olacaq. Baş Prokurorluğun yaydığı məlumata görə, “Sanimed” MMC-nin faktiki rəhbəri Nağıyev Müşfiq Mikayıl oğlu cəmiyyətin satış şöbəsinin müdiri Orucov Hafiz Zülfüqar oğlu, satış təmsilçisi Kərimov Asim Rasim oğlu, “Epidbiomed” MMC-nin təsisçisi Əliyev Namiq Sabir oğlu, həmin şirkətin direktor müavini Məmmədov Kamal Əhmədiyyə oğlu və digər vəzifəli şəxslərlə əlbir olaraq tamah niyyətilə daha çox gəlir əldə etmək məqsədilə 2011-ci ildən başlayaraq uzun müddət ərzində ölkəyə təqribən 1 milyon manatdan artıq dəyərində 19 adda orijinal dərman preparatlarından qiymətinə görə dəfələrlə baha olan ekvivalent dərman vasitələrini idxal ediblər.
Rəhbərlik etdiyi şirkətin əməkdaşları vasitəsilə dövlət və özəl müəssisələrdə çalışan 100-ə yaxın həkimlərlə razılaşıb müalicə üçün müraciət etmiş çoxsaylı xəstələrə yalnız həmin dərmanların və zərurət olduğundan daha çox həcmdə təyin olunması üçün onlara mütəmadi olaraq müxtəlif məbləğlərdə pullar verib və idxal etdiyi dərmanların bu cür qanunsuz yolla külli miqdarda satılmasına nail olublar. Bu hal öz növbəsində kütləvi surətdə vətəndaşların sağlamlığının qorunması, bərpası və xəstəliklərinin müalicəsi üçün keyfiyyətli və təhlükəsiz dərman vasitələri almaq hüquqlarını məhdudlaşdırmaqla onların qanunla qorunan mənafelərinə mühüm zərər vurub.
Qeyd olunan qanun pozuntularının törədilməsi həmin vəzifəli şəxslərin özlərinin ifadələri ilə yanaşı, şahid ifadələri, şirkətlərin fəaliyyət göstərdiyi ünvanlardan aşkar edilmiş dərman vasitələri, ayrı-ayrı həkimlər tərəfindən pasientlərə dərmanların təyin edilməsi müqabilində mütəmadi olaraq aylıq 50-1000 manat məbləğlərdə pulların verilməsi barədə yazılı qeydləri özündə əks etdirən dəftərlər, dərman vasitələrinin dövriyyəsini əks etdirən “qara mühasibatlıq” sənədləri, eləcə də “Epidbiomed” MMC-nin fəaliyyət göstərdiyi ofisdən mühasibatlıqdan gizlədilməklə kassaya mədaxil edilməmiş milli və xarici valyutada 138 min manat məbləğində pul vəsaiti, digər maddi sübutlar və istintaq sənədləri ilə təsdiq olunub.
Toplanmış ilkin sübutlar əsasında Müşfiq Nağıyev, Hafiz Orucov, Asim Kərimov, Namiq Əliyev və Kamal Məmmədova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətindən sui-istifadə), 200-1.2.2 və 200-1.2.3-cü (dərman vasitələrinin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.