top of page

"Azərbaycanda devalivasiyaya ehtiyac yoxdur"


"Mən maliyyə naziri Samir Şərifovun fikrinə də hörmətlə və müsbət yanaşıram. Mənim isə analizim o olub ki, bu gün ümumiyyətlə, Azərbaycanda devalivasiyaya ehtiyac yoxdur”.

Azadpress.az xəbər verir ki, BakuPost-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov belə deyib.

Millət vəkili deyib ki, neftin qiyməti yüksəkdir, idxal-ixrac əməliyyatlarında müsbət saldo var, pul kütləsinə də Mərkəzi Bank tərəfindən nəzarət edilir: "Bunlara əsaslanaraq devalivasiyaya ehtiyac olmadığını demişəm. Bu açıqlamanı ona görə vermişəm ki, cəmiyyətdə sakitlik yaransın, narahat olmasın ki, devalivasiya olacaq. Çünki insanlar bankdan vəsaitləri çıxara bilərlər. Bu açıqlamada başqa məqsəd yoxdur”.

V. Əhmədov maliyyə naziri S. Şərifovla münasibətlərinin normal olduğunu da vurğulayıb.

Qeyd edək ki, maliyyə naziri S. Şərifov dekabrın 4-də Azərbaycan Dövlət Televiziyasına müsahibəsi zamanı manatın möhkəmlənməsinin Azərbaycanı ixrac üçün cəlbedici etdiyini bildirib. Bu açıqlama devalvasiya anonsu kimi qəbul edilib.

Nazirliyin yaydığı açıqlamada bildirilir ki, V. Əhmədov kimi təcrübəli siyasətçinin, Milli Məclisin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü olan bir adamın 2019-cu ilin büdcə müzakirələrindən bir neçə gün sonra maliyyə nazirinin manatın möhkəmlənməsi ilə bağlı səsləndirdiyi fikirlərə ziddiyyətli və təxribat xarakterli münasibət bildirməsi yalnız təəssüf doğurur. Qeyd olunur ki, nazir çıxışı zamanı manatın məzənnəsinin kəskin, ifrat möhkəmlənməsi daxili istehsalçıların fəaliyyətinə mənfi təsir göstərdiyini, idxal üçün cəlbedici vəziyyət yaratdığını, bunun da Azərbaycan dövlətinin marağında olmadığını bildirib. Nəzərə çatdırılır ki, məhz buna görə də son illərdə Azərbaycan Prezidentinin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü iqtisadi islahatların tərkib hissəsi kimi yeni Büdcə Qaydası qəbul edilib ki, bu qayda ilə neft sektorundan xarici valyutada daxilolmaların dövlət tərəfindən dövlət büdcəsində müəyyən edilən çərçivədə daxili valyuta bazarında satışı tənzimlənsin. Çünki neft daxilolmalarının artıqlığı zamanı onların daha çox istifadəsi manatın məzənnəsinin daha da möhkəmlənməsinə təzyiq yaradır:

"Bu isə maliyyə nazirinin qeyd etdiyi kimi ixraca mənfi təsir edir, idxalın isə artmasına səbəb olur ki, bu da milli istehsal üçün, o cümlədən ixracla məşğul olanlar üçün faydalı deyil. Ona görə də bu mənfi təsirləri aradan qaldırmaq üçün dövlət büdcəsinin xərcləri qeyd olunan münbit çərçivədə saxlanılmalıdır. Bu gün əldə edilmiş makroiqtisadi sabitlik və onun gələcəkdə qorunub saxlanılması məhz Büdcə Qaydasına riayət olunması, büdcə siyasətinin Mərkəzi Bank tərəfindən yürüdülən monetar siyasətə dəstəyi ilə sıx əlaqəlidir. Bu isə manatın mövcud məzənnəsinin sabit saxlanılmasını hal-hazırda təmin edir və bundan sonrada təmin edəcək”.


bottom of page