Yoxlama Gürcüstanda avtomobil yanacağının tərkibini açıqlayıb


Gürcüstan hökuməti ölkədə avtomobil yanacağının tərkibini yoxlayıb. Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi ölkə ərazisindəki yanacaqdoldurma məntəqələrində benzin və dizel yanacağının tərkibinin (əsasən qurğuşunun miqdarı), atmosferə buraxılan zəhərli qazların miqdarının öyrənilməsi ilə bağlı yoxlamaları başa çatdırıb. AZƏRTAC xəbər verir ki, yoxlanılan yanacaqdoldurma məntəqələri sırasında SOCAR-ın Gürcüstan nümayəndəliyinə aid məntəqələr də olub. Nazirliyin ətraf mühitə nəzarət departamentinin əməkdaşları ölkə üzrə 240 yanacaqdoldurma məntəqəsindən nümunələr götürüb. Yoxlamalar heç kimə xəbərdarlıq edilmədən aparılıb və götürülmüş nümunələr beynəlxalq arenada tanınmış laboratoriyalarda yoxlanılıb. Nazirliyin yaydığı məlumatda deyilir ki, bütün növ avtomobil yanacağında qurğuşunun miqdarı Gürcüstan hökuməti tərəfindən müəyyən olunmuş normalara tam cavab verir. Bildirilib ki, bu cür yoxlamaların məqsədi ölkəyə keyfiyyətsiz yanacaq idxalını azaltmaq və ətraf mühitin mühafizəsini təmin etməkdir.Azadpress.az  


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.