top of page

"Köhnə avtomobillər dövriyyədən çıxarılacaq"-Eldəniz Cəfərov


Azərbaycanda müasir standartlara cavab verməyən,köhnəlmiş  avtomobillər dövriyyədən çıxarılacaq.

Teleqraf.com-a müsahibə verən nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov belə deyib: 

“Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” qəbul olunub. Bu o anlama gəlir ki, yaxın illərdə ölkəmizə standartdan kənar, insan sağlamlığı üçün təhlükəli avtomobillərin gətirilməsinin qarşısı alınacaq. 

O bildirib ki, artıq hüquqi baza var, yalnız onu həyata keçirmək qalır: “Belə təhlükəli, Avropada qəzaya uğramış, yararsız hala düşmüş avtomobilləri Gürcüstan və Ermənistanda fəaliyyət göstərən mütəşəkkil qruplar alıb ölkələrinə gətirirlər. Orada isə qeyri-sənaye üsulu ilə parçalanmış halda gələn maşınları birləşdirib satırlar. Bu maşınların bir qismi bizim ölkəmizə də gəlib çıxır. Təbii ki, belə maşınlar yüngül qəza zamanı da insan həyatına son qoyur. Yəni, bu, artıq avtomobil yox, tullantıdır. Biz daha təhlükəsiz və komfortlu nəqliyyatdan istifadəyə üstünlük verməliyik. Qeyd etmək lazımdır ki, Dövlət Proqrama əsasən, kontrafakt, saxta ehtiyat hissələrinin ölkəmizə daxil olmasının da qarşısı alınacaq. Bildiyiniz kimi uzun illərdir müxtəlif ölkələrdə kustar üsulla hazırlanan, müasir standartlara cavab verməyən saxta ehtiyat hissələri və aksessuarlar gətirilir. Bu da öz növbəsində nəqliyyat vasitəsinin tez bir zamanda sıradan çıxmasına səbəb olur. Xüsusən də maşına sonradan quraşdırılan və standarta uyun olmayan elektrik cihazları, işıqlandırma sistemləri avtomobilin qəfil alışıb yanmasına səbəb olur. Bu, həm vətəndaşa, həm də leqal bizneslə məşğul olan rəsmi avtodilerlərə külli miqdarda zərər vurur. Dövlət Proqramı kifayət qədər geniş bir sahəni əhatə edir. Ümid edirik ki, proqramın icrası mərhələ ilə effektiv şəkildə həyata keçiriləcək”. Qeyd edək ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Dövlət Proqramda bir sıra məsələlərlə yanaşı Azərbaycanda texniki reqlamentlərə cavab verməyən nəqliyyat vasitələrinin satışının və istifadəsinin qarşısı alınacağı da öz əksini tapıb. Azadpress.az  


bottom of page