top of page

Bu içkilər Avropada qadağan edildi


Enerji içkiləri Norveç, Danimarka və Fransada qadağan edilib. 

Enerji içkisi ilk dəfə 1962-ci ildə Yaponiya firması tərəfindən istehsal olunub. Həmin vaxt bu içki uzun müddət əmək fəaliyyəti ilə məşğul olan şəxslər üçün istehsal edilib ki, onlar özlərini gümrah hiss etsinlər. 2000-ci illərin ortalarında enerji içkilərinin 600-ə yaxın növü qeydə alınıb. Hazırda dünya bazarında enerji içkilərinin dövriyyəsi 55 milyard dollar həcmindədir. Statistikaya əsasən, enerji içkilərini qəbul edənlərin 66 faizi 13-35 yaş arasında olan şəxslərdir. Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein var. Kofeinin hesabına enerji içkiləri insanı bir müddət gümrah saxlayır, diqqətini daha yaxşı toplamasına kömək edir. Lakin enerji içkiləri hamilələrə, uşaqlara və yetkinlik yaşına çatmayanlara məsləhət görülmür. Bir litr enerji içkisində təxminən 150 milliqram kofein var. Mütəxəssislərin araşdırmalarına görə, həddindən artıq kofein yuxu pozğunluğuna və xroniki yorğunluğa gətirib çıxarır. Eyni zamanda, enerji içkiləri insanlarda baş ağrısı, mədə-bağırsaq sistemi xəstəlikləri yarada bilir. Enerji içkiləri psixoloji problemlərə də yol açır. Belə ki, enerji içkiləri asılılıq yaratmaqla, gündəlik həyata mənfi təsir göstərir. Enerji içkilərinin tərkibi şəkər var, bu da artıq çəki problemi yaradır. Danimarkada aparılan araşdırmalara görə, enerji içkilərinin mütəmadi qəbulu piylənmə və diabet riskini artırır. Xüsusən idmandan sonra enerji içkilərindən uzaq durmaq tövsiyə olunur. Mütəxəssislər enerji içkilərini təzyiqin qalxmasına, ürəkdə ritm pozğunluğuna və böyrək çatışmazlığına da səbəb ola bilmə ehtimalını istisna etmirlər. ABŞ-ın Şimali Kentukki Universitetinin psixologiya kafedrasının dosenti Sesilya Marzinskinin araşdırmalarına görə, enerji içkilərini alkoqolla qarışdıranlar sərxoş olmağa daha meylli olurlar. İsveçdə alkoqol və enerji içkisinin qarışığından ibarət kokteyli içən 2 nəfər həyatını itirib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatlarına görə, enerji içkiləri uşaqların sağlamlığı üçün də zərərlidir. ABŞ Səhiyyə Nazirliyi yanında Qida və Dərman Departamentinin hesabatına görə, 2004-2012-ci illər aralığında 18 nəfər enerji içkilərindən dünyasını dəyişib. Norveç, Danimarka və Fransada enerji içkilərinin marketlərdə satışı qadağan olunub. 2012-ci ildən Macarıstanda enerji içkiləri zərərli ərzaqların siyahısına daxil edilib. İsveçrədə isə yaşı 15-dən aşağı olan uşaqlara enerji içkiləri satılmır. Azadpress.az  


bottom of page