Qarşıdakı günlərdə sərt hava şəraiti gözlənilmir. Kommunal xidmətlər gücləndirilmiş iş rejimi şəraitini davam etdirirlər Yanvarın 17-də Azərbaycanda hava şəraiti kəskin şəkildə dəyişdi. Dağıdıcı tufan, çovğun, qar müşahidə olunmasa da, güclü külək, sulu qar və yağış yağdı, temperatur +1 dərəcəyədək endi. Küləyin təsirindən Bakıda bir neçə yerdə reklam lövhələri, tikililərin dam örtüyü uçub, bəzi rayonlarda ağaclar kökündən çıxıb. Külək hətta iki iritonnajlı yük avtomobilini də aşırıb, bir neçə maşının üstünə ağac düşüb. 5 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya müraciət edib. Yanvarın 18-dən etibarən isə külək kəsildi və temperatur da ötən günlə müqayisədə bir qədər yüksəldi. Hava soyumadan öncə Ekologiya və Təbii Sərvətlər nazirliyi ifrat təhlükəli hidrometroloji hava proqnozu ilə bağlı məlumat yaydı. Bunun ardınca kommunal xidmət göstərən və eləcə də digər müvafiq qurumlar gücləndirilmiş iş rejiminə keçdilər. Eyni zamanda təhsil nazirinin qərarı ilə 17 və 18 yanvar tarixlərində bağça və məktəblər bağlandı. Nazirlik yanvarın 18-də hava ilə bağlı məlumat yayaraq bildirdi ki, yanvarın 17-də düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında 1-26, Mərkəzi-Aran rayonlarında 5-18, Bakıda və Abşeron yarımadasında 2-9, Böyük Qafqazda 2-15, Qazax-Gəncə zonasında 0-8, Kiçik Qafqazda 1-4, Naxçıvan MR-da 2-5 mm təşkil edib. Qar örtüyünün hündürlüyü Ağdərədə 40, Kişçay, Qırızda 15, Altıağacda 11, Kirən, Xınalıqda 10, Qaxmuğal, Şahdağda 7, Xaltan, Sarıbaşda 6, Şahbuz, Qusarda 5, Yardımlıda 4, Quba, Mərəzədə 2, İsmayıllı, Daşkəsəndə 1 sm olub. ETSN-dən proseslə bağlı “Yeni Müsavat”a bildirildi ki, qurumun əməkdaşları bu günlər ərzində iş başında olub, operativ şəkildə məlumat yaydılar. Bildirilib ki, sosial şəbəkələrdəki qınaqlar və digər bu kimi məsələlərə hava şəraiti cavab verdi. Yuxarıda da qeyd etdiyimiz kimi, yanvarın 18-də ölkə ərazisində kəskin küləkli hava prosesi səngiyib. Küləyin sürəti 16-20 m/s-ə qədər edib. Açıq dənizdə dalğanın hündürlüyü 3.6-5 metr arasında dəyişib. Nazirlikdən bildirilib ki, güclü külək 18 yanvar axşam saatlarına qədər davam edib. 19 və 20 yanvar tarixlərində də havanın dəyişkən buludlu, arabir tutulacağı əsasən yağmursuz keçəcəyi gözlənilir. Azərbaycan ərazisində 20 yanvar günü müşahidə olunacaq hava proqnozu açıqlanıb. ETSN-dən bildirilib ki, bu günlərdə şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti təşkil edəcək. Yanvarın 20-də isə Azərbaycan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti, dağlıq ərazilərdə isə 5-10 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq. Havanın kəskin keçdiyi 17 yanvar tarixində bəzi yerlərdə elektrik xətləri zərər görüb. Bu barədə “Yeni Müsavat”a danışan “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, zərər görmüş xətlər bərpa olunub: “Bakı şəhərində elektrik xətləri daha çox yerin altı ilə aparılır. Lakin yerüstü xətlərimiz də var ki, güclü külək nəticəsində bəzi yerlərdə onlara zərər dəymişdi. Məsələn, Masazırda 0.4 kv-luq xətt, Saray qəsəbəsində, Corat, Lerik, Qusarda irigövdəli ağaclar aşaraq, xəttin üzərinə düşdü. Bayıl tərəfdə maşın dirəyə çırpıldı və orada da xətlərdə müəyyən problem oldu ki, hazırda hamısı aradan qaldırılıb. Bunlardan başqa ciddi problem yaşanmadı”. “Azəriqaz” QSC, “Azərsu” ASC və eləcə də “Azəristiliktəchizat” ASC-dən “Yeni Müsavat”a bildirildi ki, fəaliyyətlərində hər hansı bir problem yoxdur. Əhalinin qaz, su, istiliklə təchizatı normal qaydada davam etdirilir.Azadpress.az