“Azərbaycan yazda hərbi əməliyyatları bərpa edəcək”


Azadpress.az Milli Məclisin deputatı, politoloq Rasim Musabəyovun Teleqraf.com-a müsahibəsini təqdim edir:

- Rasim müəllim, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin həmsədrlərin iştirakı ilə birlikdə Parisdə keçirilən görüşünü necə şərh edirsiniz?

- Sanki danışıqlar prosesində mühit normaldır. Yəni, tərəflər bir-birinə ittiham irəli sürmür, əksinə, çıxış yolları axtarışındadırlar. Ancaq real nəticə haqda danışmaq hələ tezdir. Yəni real fakt yoxdur ki, biz başlanan danışıqların qısa müddətdə hətta kiçik nəticəyə gətirib çıxaracağını deyək.

İkincisi, bildiyiniz kimi Azərbaycan Prezidenti İlham Əliyev Davos forumu zamanı Nikol Paşinyanla görüşdü. Bu o deməkdir ki, konfliktlə bağlı danışıqlar prosesi əhəmiyyətlidir. Yəni danışıqlar aparılmalıdır, ancaq ordu da işləri intensiv davam etdirməliyik.

- Həmsədrlərin bəyanatında “xalqların sülhə hazırlanması” ifadəsi öz əksini tapıb. Bu ifadənin açıqlaması nədir?

- Bəyəm, həmsədrlər, Minsk Qrupunun üzvləri bunu birinci dəfədir ki, deyirlər? Belə fikirlər, ifadələrə çox rast gəmişik. Sülhə hazırlamaq nə deməkdir? Sən axı ümumi olaraq nəsə deməlisən. Onlar da ümumi şəkildə deyirlər ki, sülh yaxşı şeydir, xalqlar sülhə hazır olmalıdır. Başqa nə deyilməlidir ki? Mən əslində bu ifadəni ciddi qəbul etmirəm. Söhbət ondan gedir ki, ortada müzakirə olunan məsələ olsa, mən də, digərləri də çıxıb mövqe ifadə edəcəyik. Əlbəttə, çətin kompromislər olacaq və sülhün zəruri olduğunu, kompromislərin qəbul edilməsinin lazımlı olduğunu izah etmək mümkündür. Amma indi boş-boşuna çıxıb “sülh yaxşı şeydir” deməyin mənası yoxdur. Adama deyərlər ki, bəyəm sülhün yaxşı olduğunu bilmirdin?

- Düşünürsünüz ki, görüntü yaratmaq naminə belə ifadələrdən istifadə edilib?

- Onların bu ifadəsi o deməkdir ki, danışıqlar hansısa bir nəticəyə gətirib çıxara bilər, amma çalışın, daxili mühitdə gərginlik yaratmayın. Fikrimcə, bu, mümkündür. Eyni zamanda biz görürük ki, həm Azərbaycanda, həm də Ermənistanda müəyyən mənada sanki gərginliyi artıran məqamlar yoxdur.

- Siz indiki erməni hökumətinin Qarabağ konfliktinin həlli üçün ciddi səy göstərdiyini düşünürsünüzmü, yoxsa onlar üçün daha vacib problemlər var?

- Söhbət ondan getmir ki, erməni hökuməti nə düşünür. Baxın, Donald Tramp məktub yazaraq Nikol Paşinyanı təbrik edib. Tramp məktubunda qeyd edir ki, demokratik proseslərdə erməni hökumətinə dəstək verəcək, habelə korrupsiyaya qarşı mübarizədə onların yanında olacaq, ancaq sülhə nail olun. Tramp da qeyd edir, mesaj verir ki, sülhə nail ol. Ermənilər hətta korrupsiyanı sıfır vəziyyətə endirsə, halbuki nəzəri baxımdan bu, mümkün deyil, üstəlik demokratiyanı ən yüksək səviyyəyə qaldırsa belə, sülh əldə edilmədən, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmadan indiki sıxıntılı vəziyyətdən çıxma imkanları yoxdur. Onlara nə maliyyə yardım olacaq, nə də investisiya. Çünki, bu mənasızdır. Bunu da ermənilərə anladırlar. İndi başa düşərlər, məsuliyyəti üzərlərinə götürürlərsə, çox yaxşı. Baxmayaraq ki, Paşinyan üçün bu müəyyən qədər risklidir. Çünki Paşinyan hökumətinin əleyhdarları elan edəcəklər ki, inqilabçılar Qarabağı satmağa gəliblər. İndi erməni cəmiyyəti Qarabağ konfliktinin onun boynunda ağır yük olduğunu, bunu atmadan inkişaf edə bilməyəcəyini anlayacaqsa, buyursun. Azərbaycan hər zaman münaqişənin sülh yolu ilə həllinə hazırdır.

- Yeni erməni hakimiyyətinin belə hücumla qarşılaşması ehtimalı varmı?

- Bunun görüntüləri faktiki mövcuddur. Paşinyan da deyir ki, ona qədər aparılan danışıqlarda Qarabağ ətrafında yerləşən rayonların Azərbaycana qaytarılması müzakirə olunurdu və Sərkisyan hakimiyyəti buna razı imiş. Əgər Paşinyan belə deyirsə, fikrimcə, indi də bu məsələ gündəmdədir. Ancaq bunun hansı şəkildə, hansı dövrdə və necə həll ediləcəyini deyə bilmərəm. Nəzərə alın ki, mən bilavasitə danışıqlarda iştirak etmirəm.

- Düşünürsünüz ki, Paşinyan hökuməti danışıqlarda güzəştə gedə bilər?

- Bizə nə güzəştə gedirlər? Bizim işğal olunan torpaqlarımızdan geriyə çəkilmək, bəyəm güzəştdir?

- Ancaq bunu tərəflərin güzəştə, kompromisə getməsi kimi təqdim edirlər...

- Bunun qarşılığında sərhədlərin açılması, etibarlı sülh gəlir. Hansı ki, bu, onları gücü çatmadığı hərbi xərclərdən azad edə bilər. Bunun qarşılığında əməkdaşlıq gəlir. Bunlar elə-belə məsələlər deyil. Ancaq sən gəlib oturursan kürsünün başında və heç bir riskə getmirsən, məsuliyyəti üzərinə götürmürsən. Axı bunun alternativi də var. Paşinyan da, Ermənistanı himayə edən dövlətlər də bilir ki, bunun alternativi müharibədir. Və Azərbaycan yazda, yayın əvvəlində hərbi əməliyyatları bərpa edəcək. Biz təlim zamanı ora keçirdiyimiz ağır texnikanı geri qaytarmamışıq. Bu texnika elə orada dayanıb. Bunu da onlar gözəl bilirlər.

- Paşinyan sülhə getsə, nə ola bilər?

- Müəyyən mənada ölkə daxilində müqavimətlə qarşılaşa bilər. Amma o indiyə qədər göstərib ki, riskdən qorxan deyil.


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.