top of page

AŞPA-nın ikili standartları


Avropada özünü demokrat, insan hüquqlarının keşikçisi sayan insanların əsl mahiyyəti Ermənistanda baş verən hadisələrlə bir daha üzə çıxdı. Onların əsl xisləti ikiüzlülükdür.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib. O bildirib ki, dekabr ayının 5-dən başlayaraq, aclıq aksiyası elan edən, Vahid Ermənistan partiyasının sədr müavini və jurnalist olan bir şəxs artıq vəfat edib:

“Yəni onun 50 gündən artıq çəkən aclıq aksiyası nə Ermənistan hakimiyyətini, nə də beynəlxalq insan hüquqlarından dəm vuran təşkilatları narahat edib. Haqlı olaraq suallar yaranır ki, Azərbaycanda Mehman Hüseynov qısamüddətli, bir neçə gün çəkən və ağartı məhsullarının yeyilməsi ilə müşayiət olunan aclıq aksiyasını dayandırsa da, onunla bağlı Avropa Parlamenti tələsik toplanaraq, antiazərbaycan qətnaməsi qəbul etdi. Bu qətnamə Azərbaycanda demokratiya və insan haqları sahəsinin çox ciddi pozuntuların olması ilə bağlı qərəzli, əsassız ittihamlarla dolu idi. Lakin Ermənistanda artıq jurnalist aclıq aksiyasının nəticəsi olaraq, dünyasını dəyişir, aclıq aksiyası onun ölümü ilə yekunlaşır, amma bununla bağlı beynəlxalq təşkilatlardan, insan hüquqlarından dəm vuran qurumlardan səs çıxmır. Azərbaycan əleyhinə Avropa Parlamentində tələsik qətnamə qəbul edənlərdən biri bununla bağlı öz etirazını bildirmir, heç bir dinləmə keçirilmir. Avropa Şurası Parlament Assembleyası susmaqdadır, dünyanın qeyri-hökumət təşkilatları da müəmmalı şəkildə bu hadisəyə münasibət bildirmir. Onda sual yaranır ki, bu selektiv yanaşmanın kökündə nə dayanır?”

Millət vəkili vurğulayıb ki, ikili standartlar bu gün dünya siyasətinə sırınmaqdadır:

“Bu yanaşmanın əsas səbəbi odur ki, həmin qüvvələrin müsəlman ölkəsi olan Azərbaycanın bu qədər inkişafını gözləri götürmür. Azərbaycan öz hədəflərinə çatır və müsəlman dünyasında sabitlik adası kimi tanınır. Ölkəmiz bu gün təhlükəsizlik məkanıdır. Bütün bu uğurların kökündə də Azərbaycanda xalq və hakimiyyətin birliyi dayanır. Bunları gözü götürməyən islamafob, ksenefob, irqçi qüvvələr Azərbaycanda Mehman Hüseynov amilindən siyasi təzyiq vasitəsi kimi istifadə etmək istəyirdi. Onların əsas xisləti, hesab edirəm ki, Ermənistandakı baş hadisə ilə bir daha üzə çıxdı”.

Qeyd edək ki, Ermənistanda dekabrın 5-dən aclıq aksiyası keçirən jurnalist, “haynews.am” saytının rəhbəri, “Erməni qartalları: Vahid Ermənistan” Partiyasının sədr müavini Mqer Yegizaryan 26 yanvarda səhhətində yaranan problem səbəbindən ölüb.

Onun aclıq aksiyasına səbəb Nikol Paşinyan hakimiyyəti tərəfindən “dələduzluq” ittihamı ilə həbs edilməsi və bütün şikayətlərinə rəğmən hüquqlarının təmin edilməməsi idi. Bildirilir ki, Yegizaryan “inqilaba” dəstək vermədiyi və rəhbəri olduğu saytda tənqidi məqalələr yayımladığı üçün Paşinyan hakimiyyəti tərəfindən cəzalandırılmışdı.Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page