top of page

Prezident İlham Əliyev şəhid ailələri ilə bağlı yeni fərman imzalayıb


“Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan güclü dövlətdir, ölkəmizin güclü ordusu var və xalqımız heç vaxt işğalla barışmayacaq”.

Azadpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüşdə bildirib.

Şəhid ailələrinin nümayəndələrinə dərin hörmətini ifadə edən Prezident İlham Əliyev şəhidlərimizə Allahdan rəhmət diləyib, onların torpaq, Vətən uğrunda həlak olaraq şəhidlik zirvəsinə yüksəldiyini deyib. 1990-cı illərin əvvəllərində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində minlərlə şəhid verdiyimizi, 1 milyondan çox insanın məcburi köçkünə çevrildiyini deyən dövlət başçısı o dövrdə müşahidə olunan hakimiyyətsizlik nəticəsində torpaqlarımızın bir hissəsinin işğal olunduğunu bildirib.

Bu gün Azərbaycanın güclü hərbi potensialı, dünyadakı nüfuzu, artan imkanları sayəsində danışıqlar prosesində mövqelərimizin kifayət qədər gücləndiyini deyən Prezident İlham Əliyev vurğulayıb ki, bizim üçün ölkəmizin ərazi bütövlüyünün bərpası ən vacib məsələdir və münaqişə ilə bağlı qəbul olunan çoxsaylı qətnamələr ölkəmizin ərazi bütövlüyünə beynəlxalq dəstəyi təmin edib. “Azərbaycan xalqı və dövləti heç vaxt bu işğalla barışmayacaq”, - deyən dövlət başçısı son illərdə ordu quruculuğu istiqamətində böyük işlərin görüldüyünü bildirib, müharibədən əziyyət çəkən insanların qayğı ilə əhatə olunduğunu deyib. Son illərdə məcburi köçkünlər üçün 100-dən çox qəsəbənin tikildiyini, bu kateqoriyadan olan insanlara yeni mənzillərin verildiyini və bu prosesin bu il də davam etdiriləcəyini deyən Prezident İlham Əliyev şəhid ailələrinin də ev və avtomobillərlə təmin edildiyini diqqətə çatdırıb. Keçən il prezident seçildikdən sonra ilk fərmanının şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı olduğunu deyən dövlət başçısı bu fərmanla 10 minə yaxın şəhid ailəsinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsinin nəzərdə tutulduğunu bildirib, artıq bu prosesin başladığını və 3 mindən çox şəhid ailəsinin vəsaiti aldığını deyib. Dövlət başçısı vaxtilə müavinəti almış ailələrlə bağlı araşdırmaların aparıldığını, onların aldığı vəsaitin bu günün məzənnəsi ilə uyğunsuzluq təşkil etdiyini nəzərə alaraq yeni fərman imzaladığını və bu fərmana əsasən 11 min manat alacaq vətəndaşların sayının artdığını bildirib.

Xalqa xidmət etməyin onun üçün böyük fərəh olduğunu deyən dövlət başçısı bu gün ölkəmizin sürətlə inkişaf etdiyini, uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycanda böyük sosial layihələrin icra olunduğunu vurğulayıb. Bildirib ki, əsas məqsəd vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasıdır. Bu istiqamətdə icra edilən proqramlardan danışan Prezident İlham Əliyev ölkəmizin hərbi potensialının da gücləndirildiyini, bu məqsədlər üçün böyük vəsaitin ayrıldığını deyib, ötən il Bakıda keçirilən iki hərbi paradın ölkəmizin qüdrətini bir daha nümayiş etdirdiyini bildirib. Dövlət başçısı Cocuq Mərcanlının bizim əyilməz iradəmizin rəmzinə çevrildiyini, onun yenidən qurulmasının hərbi qələbə nəticəsində mümkün olduğunu vurğulayıb. “Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan güclü dövlətdir, ölkəmizin güclü ordusu var və xalqımız heç vaxt işğalla barışmayacaq”, - deyən Prezident İlham Əliyev şəhid ailələrinə Vətən üçün gözəl övladlar yetişdirdiklərinə görə təşəkkür edib, xalqımızın şəhidlərlə fəxr etdiyini, onların bizim ürəyimizdə əbədi yaşayacağını bildirib.


bottom of page