Azərbaycan Demokratik Respublikasının qurucusu Məhəmməd Əmin Rəsulzadənin Novxanı kəndində anadan olduğu və böyüdüyü evdəki barelyefi ilə bağlı xoşagəlməz hadisə ətrafında söz-söhbət bitmək bilmir.
Xatırladaq ki, köhnə barelyef yanvarın 15-də oğurlanmışdı. Sonra polis barelyefi metal qırıntısının qəbulu məntəqəsinə verən cinayətkarları tutdu.
24 yanvarda qəsəbə bələdiyyəsi yeni barelyefin quraşdırıldığını bəyan etdi. Məlum oldu ki, yeni barelyefə mətni yazmaq yerli məktəbin müəllimlərinə tapşırıllıb. Amma onlar bu işin öhdəsindən gələ bilmədilər. Belə ki, barelyefdə Azərbaycan Xalq Cümhuriyyəti “Azərbaycan Dövlət Cümhuriyyəti” kimi yazılmışdı. Həmçinin Müsavat Partiyası “Milli Müsavat Partiyası”, “Məhəmməd Əmin Rəsulzadə” isə “Məmmədəmin Rəsulzadə” kimi qeyd olunmuşdu.
Qalmaqal olmasın deyə yeni barelyefi tələsik götürdülər. Və bu gün ADR banilərindən birinin doğulduğu evin qarşısında növbəti xatirə lövhəciyi peyda olub. Bu dəfə müəlliflər orada "Məhəmməd Əmin Rəsulzadə 1884-cü ildə bu evdə anadan olmuşdur" sözlərini yazmaqla kifayətləniblər.
Barelyefin müəllifləri Məhəmməd Əmin Rəsulzadənin kim olduğunu və Azərbaycan tarixinə hansı töhfələri verdiyini qeyd etməyi lazım bilməyiblər.
Bələdiyyə sədri Şahin Tağıyev bunu belə izah edib: "Onsuz da onun xidmətlərini hamı bilir və bir daha sadalamağa ehtiyac yoxdur".Azadpress.az Virtualaz.org-a istinadən.