top of page

"Vergi islahatları nəqliyyat sektoruna müsbət təsir edəcək"-Ekspert


Dünya avtomobil bazarlarında qiymətlər istehsalatda müasir və bahalı texnologiyaların tətbiqi nəticəsində xərclərin artması, eləcə də ölkədə ümumi iqtisadi vəziyyət də daxil olmaqla bir sıra amillərdən asılıdır. Belə ki, böhran yaşanan ölkələrdə ənənəvi olaraq avtomobillərin qiymətlərində sürətli və gözəçarpan artım müşahidə edilir.

Etiraf edək ki, vergi siyasəti də avtomobil idxalına təsir edən heç də sonuncu qüvvə deyil. Məsələn, Polşada avtomobil idxalına ƏDV 23%, Ukraynada isə 17%-dən ibarətdir və bu vergi bütün növ avtomobillərə tətbiq edilmir.

Bu səbəbdən də ən təcrübəli analitiklər belə proqnoz verməkdə bir qədər çətinlik çəkirlər. Çünki 1 və ya 1,5 ildən sonra hər hansı bir ölkənin xarici siyasətində və daxili arenasında vəziyyətin necə olacağını, eləcə də bazarın məşhur oyunçularının öz məhsulu üçün nə planlaşdırdığını bilmək olmur. Bu halda cari vəziyyətdən çıxış edərək 2019-cu ildə bizi nə gözlədiyini yalnız 2018-ci ilin nəticələrinə nəzər salaraq proqnoz vermək mümkündür.

Bildiyimiz kimi 2019-cu ilin yanvar ayının 1-dən etibarən Azərbaycana idxal olunan avtomobillərə tətbiq edilən aksiz vergisi artırılıb.

İnsider.az ekspertlərə "Bu il avtomobil bazarında nələr olacaq?", "Vergi rüsumlarının artması avtomobil idxalına necə təsir edəcək?" və ən əsası "Vergi məcəlləsində edilən dəyişiklik yerli avtomobil istehsalının inkişafına təkan verə bilərmi?" sualları ilə müraciət edib.

“Bu ilin yanvar ayının 1-dən etibarən Azərbaycana idxal edilən bütün avtomobillərə tətbiq edilən aksiz vergisinin artırılmasına dair qərar qəbul edilib. Aksiz vergiləri praktiki olaraq mühərrik gücündən asılı olmayaraq bütün idxal avtomobillərinə tətbiq ediləcək. Bu qərarın qəbul edilməsi avtomobil bazarına təsir göstərir, artıq avtomobil bazarında qiymət artır. Apardığımız monitorinqlər göstərir ki, avtomobil bazarında növündən asılı olaraq 5-7% intervalında qiymət artımı müşahidə edilir. Xüsusən də yeni avtomobillərin, eləcə də mühərriki 4000 sm3-dən artıq olan avtomobillərin qiymətində daha çox artım qeydə alınıb. Bu baxımdan da avtomobil bazarında seqmentlərindən asılı olmayaraq bütün markalarda, həmçinin buraxılış ili nisbətən köhnə olan avtomobillərin qiymətlərində də artım müşahidə edilməkdədir. Təbii ki, avtomobillərin qiymətinin artmasına baxmayaraq tələbin artması müşahidə edilmir. Qiymətin artması birbaşa olaraq ölkəyə idxal edilən avtomobillərə tətbiq edilən verginin artırılması ilə bağlıdır, bu da qiymət artımına gətirib çıxarır. Güman olunur ki, yanvarın sonuna doğru qiymətlər stabilləşəcək. Amma biz aksiz dərəcəsinin artırıldığı üçün qiymətlərin azalacağını proqnozlaşdırmırıq. Avtomobillərin qiymətinin artması çox güman ki, ölkəyə idxal edilən avtomobillərin sayına təsir edəcək, idxal edilən avtomobillərin sayının azalması ilə müşahidə olunacaq. Aksiz dərəcəsi yüksək olduğu, avtomobil bazarında durğunluq davam etdiyi üçün sahibkarlar daha çox avtomobil idxal etməkdə maraqlı olmayacaqlar.

Aksiz dərəcəsinin yerli istehsalata təsir etməsi məsələsinə gəldikdə isə bu, yerli istehsalın kəskin artımına gətirib çıxarmayacaq. Çünki yerli istehsal hələ yeni formalaşır. Neftçalada yerli avtomobil istehsalı zavodu yaradılıb və yerli avtomobillərin sayı azdır. Bu avtomobillərin özünü bazarda doğrultmasına ehtiyac var. Bu baş verdiyi halda, yerli istehsal olan avtomobillərə tələbin artmasını müşahidə edə bilərik.

Neftçalada qurulan avtomobil zavodunun illik istehsal gücü 10 000 avtomobildir. Bu, əslində yerli tələbatın ödənilməsində əhəmiyyətli rol oynaya bilər. Amma ilk növbədə həmin avtomobillərin bazarda təsdiqinin və həmin avtomobillərə olan tələbin formalaşmasına ehtiyac var. 2019-cu ildə yerli istehsal avtomobillərə olan tələbin ödənilməsində xüsusi paya malik ola bilməyəcək”, - iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

Dövlət Gömrük Komitəsinin aylıq hesabatlarına görə, ötən ildə Azərbaycana ən çox avtomobil dekabr ayında idxal olunub. Noyabr və oktyabr aylarında da idxal göstəriciləri yüksək olub.

“Aksiz vergisinin artırılması ölkəmizə idxal edilən yeni avtomobillərdə qiymətlər təxminən 5-7% civarında yüksələcək, rəsmi distribütor və dillerlər bu qiymətləri tənzimləyiblər. Artıq avtomobillər yeni qiymətlər ilə təklif olunur. Qəbul edilən qərara əsasən 2019-cu ilin yanvar ayının 1-dən ölkəmizə gətirilən bütün növ mühərrikli avtomobillərin aksiz vergisi yüksəlib. Kiçik həcmli mühərrikli avtomobillərdə, bu, özünü büruzə verməsə də, burada bahalaşma təxminən 5%, iri həcmli mühərrikli avtomobillərdə bu qiymət artımı kifayət qədər gözə çarpandır. Buna görə də düşünürük ki, 2019-cu ildə iri həcmli mühərrikli, komfortlu və təhlükəsiz mühərrik tutumu 3000-4000 kubmetr və daha çox olan avtomobillərin gətirilməsində say azalacaq. Vətəndaşlar daha çox orta həcmli mühərrikli avtomobillərə, yəni mühərrik həcmi 2000 kubmetr olan avtomobillərə üstünlük verəcək.

Bilirsiniz ki, inkişaf prosesləri getdikcə, əhali sayı artdıqca dünyada, o cümlədən də Azərbaycanda avtomobillərə tələbat artır. Müasir dövrdə avtomobilə - nəqliyyat vasitəsi kimi tələbatın azalması mümkün deyil, əksinə bu tələbat getdikcə artacaq. Sadəcə avtomobillərin spesifikası, konfiqurasiyası mühərrik həcmləri dəyişəcək. Bu tendensiya müəyyən seqmentli avtomobillərə aid olacaq, amma iri həcmli mühərriklərin idxalı azalacaq.

Bütün bu dediklərim yeni avtomobillərə aid idi. Amma nəzərə alaq ki, bu tendensiya ikinci əl avtomobil bazarına da təsir edəcək. Daha doğrusu artıq təsir edib, belə ki, burada da qiymətlər yüksəlib. Təəssüf ki, ikinci əl avtomobil bazarında qiymətlərdə artım 5-7% deyil, 10-15% civarındadır. Digər təəssüfedici hal odur ki, ölkə daxilində çoxdan sürülən avtomobillərin qiyməti yüksəlib. Uzun illər Azərbaycanda sürülən avtomobillərin qiymətini 15% artıraraq bazarda təklif etmək doğru deyil. Avtomobillərin idxalına gəldikdə isə bilirsiniz ki, 2005-ci il istehsalından əvvəlki, məsələn, 2004-2003-cü illərdə istehsal olunan avtomobillərin idxalına artıq qadağa qoyulub, Azərbaycana 2005-ci ildən sonra istehsal edilən avtomobillər idxal edilə bilər. Əvvəllər də qeyd etmişdik ki, Azərbaycana 2019-cu ildə Avropadan ikinci əl işlənmiş dizel mühərrikli avtomobillərin axını ola bilər, bu isə neqativ haldır. Çünki o avtomobillərin çoxu Avropada istifadəsinə qadağa qoyulan və istifadəyə yararsız avtomobillərdir. Bunun da qarşısını almaq üçün artıq 2018-ci ilin dekabr ayında cənab prezident tərəfindən imzalanmış dövlət proqramı mövcuddur. Bu proses konkret dövlət proqramı ilə tənzimlənə bilər. Ölkəyə 2006-cı, 2010-cu ildə istehsal olunmasına baxmayaraq istifadəyə yarasız, Avropada tullantı kimi istifadə edilən avtomobillərin idxal edilməsinin qarşısını almaq mümkündür, bunun üçün artıq hüquqi sənədlərimiz var.

Aksz vergisinin artırılması ilk növbədə büdcə gəlirlərinin artırılması məqsədi ilə həyata keçirilib. Hələ 2018-ci ildə məsələlər müzakirə edildikdə bunun büdcə gəlirləri ilə yanaşı, həm də daxili bazara müsbət təsiretmə ilə əlaqədar ola biləcəyini düşünürdük. Aksiz vergisinin artırılması həm də ekoloji faktorlarla, ətraf mühitin və insan sağlamlığının qorunması ilə əlaqədardır. Avtomobilin mühərriki nə qədər böyükdürsə dünyada qəbul olunan praktikaya görə, o, ətraf mühitə daha çox zərər verir.

Bununla yanaşı 2019-cu ildə avtomobil bazarında bizi pozitiv, müsbət və ürəkaçan məsələlər də gözləyir. Bu, ilk növbədə geniş sahəni əhatə edən "2019-2024-cü illər üçün Azərbaycan Respublikasının Avtomobil yollarının təhlükəsizliyi ilə bağlı dövlət proqramı"nın qəbul edilməsidir. Bu illər ərzində Azərbaycanda həm avtomobil sahəsi, həm yol hərəkəti təhlükəsizliyi mərhələ-mərhələ həll olunacaq və inkişaf etmiş ölkələr səviyyəsinə çatacaq.

2019-cu ildə bizi gözləyən müsbət məqamlardan digəri gömrük qaydalarının liberallaşdırılması, vergi məcəlləsinin təkmilləşdirilməsi, eləcə də aparılan islahatlar nəticəsində Azərbaycana idxal edilən elektrik mühərrikli avtomobillərin rüsumunda müşahidə edilən azalmadır. Bu addımın bəhrəsini biz 2019-cu ildə görəcəyik, çünki Azərbaycana elektromobillərin idxalı asanlaşacaq. Ətraf mühitə, insan sağlamlığına zərər verməyən elektromobillərin Azərbaycana gətirilməsi üçün bir fürsətdir. Elektromobilləri 15% rüsum ödəməklə idxal etmək mümkündür”, - deyə ekspert Eldəniz Cəfərov bildirib.

Hazırda dünya avtomobil bazarının dinamikası üzrə ən yüksək göstəricilər Çin və Hindistana aiddir. Daha öncə bum yalnız Gündoğan ölkəsində müşahidə edilirdisə, 2018-ci ilin yekunlarına görə, adıçəkilən ikinci ölkənin göstəriciləri heç də pis deyil. Dünya bazarında ümumi satış üzrə artım maksimum 2-6%-dən ibarətdir, bəzən isə ümumi kütlənin sabitliyi qorunaraq sadəcə bir texnologiyalardan digər texnologiyalara keçid şəklində format dəyişikliyi baş verir. Nəticədə isə həmin ölkələrdə illik göstəricilərdə bir neçə dəfə artım müşahidə edilir. İnkişaf etmiş digər ölkələr ilə müqayisədə Avropa üzrə əsasən də, ekoloji və avtomat texnologiyalar ətrafında baş verəcək ajiotaj sayəsində kiçik canlanma gözlənilir.

Səbinə Səmidxan insider.az


bottom of page