top of page

"Əlillərə iş verməyən qurumlara qarşı tədbirlər görülməlidir"


MM-in yaz sessiyasının açılışında deputat Qənirə Paşayeva  son zamanlar Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin məşğulluq proqramı çərçivəsində gördüyü müsbət dəyişiklikləri dəstəklədiyini bildirib və “inanırıq ki, məşğulluq proqramının həyata keçirlməsi zamanı əlillərə xüsusi diqqət ayrılacaq” deyib.  

Millət vəkili Q.Paşayeva çıxışında əlillərin məşğulluğu məsələsinə də toxunub: “Məşğulluq haqqında qanunda hər bir qurumda əlillərin işləməsi üçün kvota müəyyənləşib, amma demək olar ki qurumların əksəriyyəti bu məsələyə riayət etmirlər. Ona görə də əlillər işlə bağlı ciddi problemlə üzləşirlər və dəstək gözləyirlər. Əlillər üçün nəzərdə tutulan kvotalara müəssisələrin əməl etməsi istiqamətində ciddi dönüş yaratmaq üçün hesab edirəm ki, qanunun qurumlar tərəfindən icrasını təmin etmək üçün mexanizmləri sərtləşdirməliyik, qanunlara müəyyən əlavə və dəyişikliklər etmək lazımdır.  

Əlillər üçün ayrılmış kvotalarda onları işlə təmin etməyən müəssisə və qurumlara qarşı qanunlarda əlavə və dəyişikliklər etməklə sərt tədbirlərin - cərimə, cəza və məsuliyyət mexanizmlərinin gücləndirilməsi vacibdir. AŞPA-nın qış sessiyasında Avropa Şurası üzv dövlətləri məkanında əlillərin işlə təminatı məsələsi xüsusi müzakirə olunub və üzv ölkələrə çağırışlar edilib. Nəzərə alsaq ki, ölkəmizdə əlillərin sayının artmasında ərazi bütövlüyümüz uğrunda sağlamlığını itirmiş Qarabağ əlillərinin, köçkünlük həyatının ağırlığı nəticəsində sağlamlığını itirmiş insanlarımızın sayı ciddi rol oynayır, onlar da daxil olmaqla əlillərin işlə təminatı bizim üçün vacib məsələdir və bu məsələ ilə bağlı qanunvericilik bazanın daha da gücləndirilməsi, qəbul edilən qərarların yerinə yetirilmə mexanizminin sərtləşdirilməsi vacibdir."  Azadpress.az 


bottom of page