Azərbaycanlılar Tbilisidə aksiya keçirəcəklər


Fevralın 5-də, saat 12:00-da Gürcüstan Parlamentinin qarşısında Abxaziyanın və Qarabağın işğalında iştirak etmiş separatcı erməni Mixail Avaqyana Axalkalakidə abidə qoyulmasına qarşı etiraz aksiyası keçiriləcək. Axar.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Aksiyada “Təxribatçılar, əlinizi Gürcüstan-Azərbaycan dostluğundan çəkin!”, “Separatçı Mixail Avaqyanın büstü götürülsün!”, “Gürcüstan və Azərbaycanın ərazi bütövlüyü müzakirə predmeti deyil!”, “Separatçılığa və separatçılara YOX!”, “Gürcüstan-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir!” şüarlarının səsləndirilməsi nəzərdə tutulub. Qeyd edək ki, 20 yanvar 2019-cu ildə Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində Abxaziya və Qarabağın işğalında iştirak etmiş, Xocalı Soyqırımını törədən cinayətkarlardan olan separatcı Mixail Avaqyana abidə ucaldılıb. Belə bir şəxsə Gürcüstanda abidə qoyulması həm ölkə daxilində gərginliyin yaranmasına, həm də dost və qardaş ölkə Azərbaycanla münasibətlərin pozulmasına zəmin yaradır. Ermənilər istisna olmaqla, milli dini və siyasi mənsubiyyətindən asılı olmayaraq, əksər Gürcüstan vətəndaşı separatçılığı kəskin pisləyərək, M.Avaqyanın büstünün götürülməsini tələb edirlər. Gürcüstanın azərbaycanlı icmasının fəalları da bu hadisədən ciddi narahatlıq keçirdiklərini deyirlər. Soydaşlarımız Gürcüstan-Azərbaycan dostluğunun möhkəmlənməsi üçün bundan sonra da var gücləriylə çalışacaqlarını, amma Gürcüstanın ərazi bütövlüyünə qarşı vuruşmuş bir separatçıya abidə qoyulmasını qəbul etmədiklərini bildirirlər.Azadpress.az  


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.