top of page

Paşinyan işğal olunmuş torpaqları anneksiya etmək istəyir


Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a deyib ki, Paşinyanin bəyanatları daxili siyasi əks etdirir: “Bu baxımdan Paşinyanın mövqeyi iki hissədən ibarətdir. Yəni özünün baxışları və daxili siyasət. Bu baxımdan son görüşlər olmadan real analitiklər deyirdilər ki, onun sülhə meylli olması mümkün deyil. İndi biz görürük ki, bu, doğrudan da belədir. Amma indi təzə bir məsələ ortaya çıxıb. Son bəyanatı onu göstərir ki, Paşinyan ümumiyyətlə, danışıqların perspektivi ilə bağlı çox mənfi fikirdədir. Yəni onun “ərazilər əvəzinə sülh mümkün deyil” sözləri bunu göstərir ki, Ermənistanın strategiyası tam dəyişib. Qabaqlar deyirdilər ki, Dağlıq Qarabağ ətrafında olan əraziləri onlar sülhə, yaxud statusa dəyişmək niyyətindədirlər. İndi isə Ermənistanın hökumət başçısı açıq-açığına bəyan edir ki, işğal altındakı torpaqların hamısı anneksiya olunmalıdır. Yəni bunlar danışıqlar mövzusu deyil, birmənalı Ermənistana birləşməlidir, ya da birinci mərhələdə müstəqil olmalıdır, ikinci mərhələdə Ermənistana birləşmə. Təbii ki, onun bu açıqlaması çox vacibdir. Çünki ondan qabaq – Köçəryan və Sərkisyana məxsus - taktika ki, var idi, Paşinyan həmin taktikanın məzmununu ortaya çıxarıb və açıq şəkildə ortaya qoyur. Yəni biz işğal olunmuş torpaqların hamısını gec və ya tez Ermənistana birləşdirmək niyyətindəyik”. T.Zülfüqarov hesab etmir ki, N.Paşinyan rəqiblərinin təzyiqləri qarşısında geri çəkilib: “Mən bu məsələnin Ermənistan tərəfindən analiz olunmasının tərəfdarı deyiləm. Burada müxtəlif səbəblər var . Amma əsas səbəb ondan ibarətdir ki, onlar qatı millətçi, işğalçı, anneksianist bir siyasət həyata keçirirlər. Hansısa mərhələdə qabağa çıxan daşnaklar, ya digərləri olacaq, fərqi yoxdur. Lakin əsas məsələ Azərbaycanın bu bəyanata reaksiyasıdır. Faktiki olaraq qonşu dövlətin hökumət başçısı birmənalı şəkildə Azərbaycana qarşı iddialarını açıq şəkildə irəli sürdü. Odur ki, buna cavab heç də XİN-in sözçüsü səviyyəsində ola bilməz!” Eks-nazir deyir ki, N.Paşinyanın bəyanatının ciddiliyini nəzərə alaraq, Azərbaycan Milli Məclisdə bu məsələyə aid geniş müzakirələr olmalıdır: “Azərbaycanın bu bəyanata aid mövqeyi birbaşa XİN səviyyəsində öz həmkarlarına çatdırılmalıdır. Özü də məktub şəklində yox, birbaşa səfərlər yolu ilə onların rəyini bilmək lazımdır ki, artıq Paşinyanın dedikləri Minsk Qrupunun mandatından birmənalı imtina olunmasına gətirib çıxarır. İndi müzakirə mövzusu Minsk Qrupunun mandatı çərçivəsində deyil. Yəni vasitəçilər bu məsələyə aid öz mövqeyini bildirməlidir və bunun əsasında Azərbaycan qərara gəlməlidir: biz onların vasitəçiliyini qəbul edirik, ya yox? Faktiki olaraq bu bəyanat onu göstərir ki, Minsk Qrupunun vasitəçiliyi iflasa uğrayıb”. T.Zülfüqarov belə bir vəziyyətdə fevralda nazirlər səviyyəsində keçirilməsi gözlənilən Münhen görüşünə də ehtiyac qalmadığını vurğuladı: “O görüşdə nəyi danışacaqlar? Dövlət başçısı deyir ki, biz Azərbaycan ərazilərini azad edən deyilik, onda biz nəyin barəsində danışacağıq? Əslinə qalsa, Azərbaycanın istəyi işğal olunmuş ərazilərin sülh yolu ilə azad olunmasından ibarətdir. Amma Paşinyan deyir “yox, azad etməyəcəyəm”. Bundan sonra daha danışıqlar üçün heç bir mövzu qalmır. Şəxsən mən Azərbaycanın mövqeyini əsas götürərək danışılacaq mövzunu görmürəm. Əgər belə bir mövzu yoxdursa, danışıqlar nəyə lazımdır?” Azərbaycan XİN Paşinyanın bəyanatına sərt reaksiya verib. Lakin hələlik rəsmi Bakının növbəti görüşlə bağlı mövqeyi bəlli deyil.Azadpress.az  


bottom of page