Huawei və ZTE ölkədəki bütün tenderlərdən kənar edildi. Çinin iki texnoloji nəhəngi, Huawei və ZTE Çexiyadakı bütün dövlət tenderlərindən uzaqlaşdırılacaq. “Reuters” xəbər verir ki, bununla bağlı ölkənin Kibertəhlükəsizlik xidmətinin (NUKIB) rəhbəri Duşan Navratil məlumat verib. O, məsələ ilə bağlı yekun qərarın vergi orqanları tərəfindən qəbul olunacağını anons edib. Onu da qeyd edək ki, Huawei Çin hökuməti və kəşfiyyatı ilə bağlantılı olması şübhəsi ilə beynəlxalq araşdırmanın mərkəzinə düşüb. Qərb rəsmi Pekinin bəhs olunan şirkətlərdən casusluq məqsədilə istifadə etməsindən şübhələnir. Hələ 2018-ci ilin sonlarından Çexiya təhlükəsizlik orqanları ölkədəki mobil operator şəbəkələrini həmin iki Çin firmasının proqram və aparat təminatından çəkinməyə çağırmışdı. Bununla bağlı ölkənin 160 dövlət və özəl şirkətindən problemlə əlaqədar yarana biləcək rikslərin analiz edilməsi tələb olunub. Qeyd olunur ki, bu günlərdə Çexiya hökuməti 5-ci nəsil internet şəbəkələrinin işə salınması ilə bağlı tender elan edəcək. Duşan Navratil yeni şəbəkənin stasionar məntəqələri əvəz edcəyəni və daha ucuz olduğunu bildirib. “Başqa sözlə, 5G şəbəkəsinə nəzarət edən həm də dövlətin işinə fundamental şəkildə təsir etmək imkanı qazanır. Əgər bu öz ölkəsinin marağı naminə hərəkət edən xarici şəxs olsa, ciddi problemlər doğa bilər”,-deyə çexiyalı rəsmi xəbərdarlıq edib. Çini isə narahat edən rəsmi Praqanın bu qərarının domino xarakteri daşıyaraq başqa ölkələr üçün presedent rolunu oynaması perspektividir.Azadpress.az