Şamaxı,Ağsu və İsmayıllıda zəlzələ olub


Fevralın 5-də ölkə ərazisində qeydə alınan yeraltı təkanlar nəticəsində Şamaxı rayon təcili yardım stansiyasına 20 çağırış daxil olub. “Report”un Şirvan bürosunun məlumatına görə, Şamaxı Rayon İcra Hakimiyyəti və rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları ərazilərə baxış keçiriblər. Evi uçan və ya qəzalı vəziyyətə düşən sakinlərə evlərə yaxın getməmələri tövsiyə olunub. Daha əvvəl, AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi ilk olaraq Ağsu rayonunda 4,4 (saat 23:19), ardınca İsmayıllı rayonunda 6 (23:31), ardınca yenə Ağsuda 3,4 maqnituda gücündə (23:37) zəlzələnin baş verməsi barədə məlumat yayıb. Yeraltı təkanlar Pirqulu stansiyasından müvafiq olaraq, 7 km cənubda, 11 km cənub-qərbdə və 8 km qərbdə qeydə alınıb. ETSN-in məlumatına görə, yeraltı təkanlar Bakı, Neftçala, Saatlı, Bərdə, Mingəçevir və Şəkidə 3 bal, Göyçayda 4 bal, Şamaxı və İsmayıllı şəhərində 4-5 bal hiss edilib. Zəlzələ zamanı Şamaxı rayonunda dağıntılar baş verib. Nəticədə 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.Azadpress.az 


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.