top of page

Bakıda yollar niyə çökür? – SƏBƏBLƏR


Son üç il ərzində Azərbaycanda yollarda kifayət qədər çökmə və sürüşmə prosesi baş verib. Bayılda iki ev, bir küçə divarı, Zığ prospektində yamac, Badamdarda isə torpaq sürüşməsi qeydə alınıb.

Daha da dəqiq desək, 2017-ci ildə Mirəli Seyidov küçəsində, 2018-ci ildə Həsən Əliyev və Cəlil Məmmədquluzadə küçələrində, Tbilisi, Qara Qarayev, Səməd Vurğun prospektlərində, Xırdalanda, Sumqayıtda, 2019-cu ildə isə Nobel prospektində və Sumqayıtda yol çöküb.

Yol çökməsi ilə bağlı hadisələrdə adətən qurumlar məsuliyyəti bir-birinin üzərinə atır.

Açıqlama verən rəsmilər əksər hallarda səbəb kimi qrunt sularının torpağı yumasını göstərirlər. Hətta, kanalizasiya xətlərinin çürüyərək istifadəyə yararsız hala düşməsi barədə fikirlər də səsləndirilir.

Bəs son illərdə paytaxt ərazisində, eləcə də ölkənin digər şəhər və rayonlarında yolların çökməyə meyilli olmasının səbəbi nədir?

Məsələ ilə bağlı Oxu.Az-a danışan Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun şöbə rəhbəri Əvəz Salamov bildirib ki, yeni yollar çəkilən zaman və ya yollarda yenidənqurma işləri aparılarkən kanalizasiya xətləri mütləq şəkildə yoxlanılmalıdır:

“Çox güman ki, yollarda baş verən çökmələrin səbəbləri yer altından axan nəzarətsiz sular və kanalizasiya xətləridir. Su axını yerin altını yuyur və müəyyən boşluqlar (çökəklik) yaradır. Bir müddət sonra da həmin ərazilərdə çökmə baş verir. Təəssüf ki, bizdə bu işlərə laqeyd yanaşılır.

Bakıda və regionlarda ərazilər yenidən öyrənilməlidir. Yol təkcə çökən hissədən ibarət deyil. Bu cür hadisə baş verirsə, həmin ərazinin yaxınlığında yerləşən ərazilər də dərindən öyrənilməlidir. Bakının kanalizasiya sistemi çox köhnədir. Artıq demək olar ki, istifadə müddəti bitib, borular çürüyüb.

Digər yandan da müxtəlif texniki su axıntıları da boruları sıradan çıxarır. Həmin yolun altı yuyulduğu üçün görünən hissədə yalnız zəif bir asfalt qatı qalıb deyə bilərik. Bu isə gec-tez çökməli idi”.

Ə.Salamov əlavə edib ki, çökən yolu betonla doldurub üzərinə asfalt örtüyü çəkməklə bərpa etmək olmaz:

“Əgər həmin ərazilər öyrənilməsə, yenidən çökmə hadisəsi baş verə bilər. 40-50 il bundan qabaq bu ərazilərdə tədqiqat işləri aparılıb. Əvvəl hidrogeoloji şərait başqa idi, bu gün başqadır.

Yenidən tədqiqat aparılmalı, təhlükəli yerlərdə mütəmadi monitorinqlər keçirilməlidir ki, problemin təkrarlanmasının qarşısını ala biləcək qabaqlayıcı tədbirlər görülsün. Çökən ərazidən 50-100 metr kənar hissələr öyrənilməlidir.

Baxın, bir nümunə deyim sizə, Badamdarda, Bayılda çoxsaylı yaşayış evləri tikilib. Amma, ərazinin kanalizasiya sistemi yoxdur. Bütün sular torpağa axır. Torpaq nə qədər su götürə bilər? Aylarla yağış yağsa həmin ərazilərdə çökmə də olacaq, sürüşmə də”.

Metronun Elmlər Akademiyası stansiyası tikilən zaman tunelin içərisinə yeraltı suların daxil olduğunu deyən Ə.Salamov bu məsələyə ciddi yanaşıldığını da diqqətə çatdırıb:

“Həmin hadisədə mütəxəssislər ciddi tədqiqatlar apardılar. O ərazilərdə “Qanlı göl” var idi. Yeraltı suların mənbəyinin tapılması üçün müxtəlif monitorinqlər aparıldı və problemin qarşısı alındı.

Bu işlər sistematik keçirilməlidir. Əks halda, heç bir qabaqlayıcı tədbir görülə bilməz. Tikilən çoxsaylı yaşayış binaları var ki, onların ətrafları öyrənilməlidir, yolların kənarlarında tədqiqatlar aparılmalıdır ki, baş verə biləcək hadisələrə qarşı hər hansı tədbirlər görülsün. Universitetlərimiz 50 ildir mütəxəssis yetişdirir. Yaxşı olardı ki, həmin şəxslər bu işlərə cəlb edilsin”.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin məlumatına görə, Azərbaycan prezidentinin sərəncamları əsasında dövlət büdcəsindən 2018-ci ildə Azərbaycanda avtomobil yollarının tikintisi və təmirinə 672,05 mln. manat ayrılıb.

Hesabat dövrü ərzində ölkədə respublika və yerli təyinatlı 1,887 min km avtomobil yolları tikilib və əsaslı təmir olunub.

Bundan başqa, ötən il 16 yeni avtomobil körpüsü inşa edilib.Azadpress.az Minval.az-a istinadən


bottom of page