top of page

"Dədə Qorqud" dastanlarında Göyçə şivələri


“Kitabi-Dədə Qorqud” dastanlarında və Azərbaycan dilinin Krasnoselsk şivələrində bəzi leksik paralellər. Telman Kazımov, filologiya elmləri namizədi. Başı qanlar-qadalar çəkmiş, çox qovğaların həm iştirakçısı, həm şahidi olmuş, ulu Göyçənin bir parçası olan bu kəndin də hər daşının altında bir tarix yatır, hər qarış torpağında sinəsi sözlü-söhbətli bir ozan duyulur. Oğuz igidlərinin və ozanların gəzib dolaşdığı, saz tutub, söz qoşub, at oynatdığı ulu Göyçə torpağı “ Kitabi-Dədə Qorqud”da da təsvir edilən oğuz ellərinin məskəni olmuşdur. Bunu biz dastanın dilində də açıq-aşkar görürük. Fikrimizə aydınlıq gətirmək üçün Telman Kazımovun aşağıdakı məqaləsinə nəzər yetirmək yerinə düşər. Hər hansı bir dilin tarixini öyrənərkən, xüsusən müəyyən dövrlərin yazılı mənbələrində təsadüf olunan bir sıra xüsusiyyətləri araşdırmaq üçün şivə materialları ilə yazılı mənbələrin materiallarını tutuşdurmaq zəruridir. Bu baxımdan Azərbaycan dilinin qədim abidəsi sayılan “Kitabi-Dədə Qorqud” dastanlarının dilinə nəzər saldıqda dastanların leksik tərkibi ilə Krasnoselo rayonu Azərbaycan şivələrinin leksikası arasında bir uyğunluq nəzərə çarpır. Dastanda elə söz birləşmələrinə, ifadələrə və frazeoloji vahidlərə rast gəlirik ki, cüzi dəyişiklikləri nəzərə almasaq, bunlar demək olar ki, olduğu kimi Krasnoselo rayonu Azərbaycan şivələrində də işlənir. Məsələn, evini nəzarətsiz qoyub gedən qadının evinə qayıdandan sonra hirslənib qonşusuna dediyi, “ölmə, itməmi yetmişdim, bilmirdinizmi axşam gənə bu xaravıya ələjəm, nolardı, qonşu döydünüzmü, məm öymə də bir baxseydınız”,- sözləri dastanın müqəddiməsində Dədə Qorqud dilindən ozanın söylədiyi sözləri xatırladır: “Ölməyə-itməyə getmişdim? Yatacaq yerim yenə bu xaraba olasıydı. Nolaydı mənim evimə bir ləhzə baxaydınız!”. Şivədəki bir sıra alqış və qarğışlara da dastanın dilində rast gəlirik: Məsələn: heç otun pitif, suyun axmasın. Nə Qazlıq dağı, axar sənin suların Axar ikən axmaz olsun! Bitər sənin otların, Qazlıq dağı Bitərkən bitməz olsun! Yaxud:Əməli əğinə dolaşsın, döyranın dönsün (çarxın dönsün), başınnan qada bala əysik olmasın, yolun yomrulsun. Ajalın güjdü gəlsin. Ey əməli azmış, feli dönmüş, qadir allah ağ alnına qada yazmış! Ayaqlılar buraya gəldiyi yox. Ağızlılar bu suyumdan içdiyi yox. Sənə nə oldu? Əməlinmi azdı? Felinmi döndü? Əjəlinmi gəldi?. “Kitabi-Dədə Qorqud” dastanlarının dilində işlənən sözlərin bir qismi müasir ədəbi dilimiz üçün arxaik (qədim) olub, Krasnoselo rayonu Azərbaycan şivələrində fəal şəkildə işlənirsə, digər bir qismi ilkin mənasından uzaqlaşmış, fonetik və semantik dəyişikliyə məruz qalaraq, yeni məna çaları qazanmışdır. Belə sözlərdən bir neçəsinə nəzər salaq: Güələmək- yemək, çeynəmək; Savax güələdiyinnən axşama qalır. Güələmək felinə dastanda “güvəzləmək” şəklində və eyni mənada təsadüf edirik: ... Sabahdanca yerindən uru durar, əlin-üzün yumadan doqquz bozlamac ilən bir güvələk yoğurd güvəzlər, doyunca tıxabasa yeyər, əlin böyrünə urar, ayıdar... On,armax feli Krasnoselo rayonu Azərbaycan şivələrində yaxşılaşmaq, sağalmaq, düzəlmək mənalarında işlənir: Bir sınıxçı gəldi, uşağın qılçını sarıdı, bir aydan sonra uşağın qılçı on, arıf sapasağ oldu. Dastanda on,armax felinə “önəldi” fonetik tərkibində və eyni mənada rast gəlirik: Oğlanın qırx gündə yarası önəldi, sapasağ oldu. Darımax feli sıxışdırmaq, gözümçıxdıya salmaq mənasını daşıyır. Bir qəriv adammız var, onu da darıyıf kətdən çıxartmağ isdiyillər. Bu söz “Kitabi-Dədə Qorqud” da həmin mənada işlənir: Səni yağı nə yerdən darımış, gözəl yurdum?! Sinirrəməx feli boynundan tutmaq, boynundan yapışmaq mənasındadır: Bunu eşidən sat nəçənnix məni də, yanımdakı kişiyi də sinirriyif dama saldı.Sinirrəməx feli dastanda da eyni mənada işlənir. Otağın önündə girişi gərdi, keyiki sinirlədi. Ənrəməx feli uçub-tökülmək, nərə çəkmək, kükrəmək, coşmaq mənalarını daşıyır: Göy elə şaqqıldadır kın, elə bil dam ənrədi. Dastanda bu söz inrədi formasında və coşmaq mənasında işlənmişdir: Dəvə kimi kükrədi, aslan kimi inrədi. Krasnoselo rayonu Azərbaycan şivələrində işlənən maraqlı sözlərdən biri də sıxdamax felidir: Gündə ağlıyıf sıxdamaxnan keşmiş işə mən neynim? Bu söz dastanda da həmin mənada və sıqlamaq şəklində işlənmişdir: “Yolun qıyısın alıb oturdu, ağladı, sıqladı”. Həmin felə sıgda şəkilində türk dillərinə aid qədim yazılı abidələrdə də “ bərkdən ağlamaq” mənasında rast gəlirik. Bu fel V.V. Radlovun lüğətində də sıglamak, sıgtamak və sıqtamaq şəklində və həmin mənada qeyd edilmişdir. Yuxarıdakı cümlənin tərkibində işlənən “qıyı” sözünə şivədə bir ifadənin tərkibində “ağızın qıyısı” şəklində rast gəlirik: Ağzınnan bir də yalan söz çıxsa, əlini at, ağzının qıyısını çək cır. Bu söz “Kitabi- Dədə Qorqud”da da “yolun qıyısı”, yəni yolun qırağı, kənarı mənasında işlənir. Sərp-sıldırım; Sərp yerə heş keçi də çıxammır. Sərp sözü dastanda da eyni mənada və eyni şəkildə işlənmişdir: “Sərp qayalar oynamadan yer obrildi”. “Qaralı-göylü qal”,- ifadəsi dırnaqla sifətin cırılıb göyərdilməsi, qaraldılması və yas zamanı qara paltar geyilməsi ilə izah olunmalıdır. Şivədə bu ifadə qarğış məqamlarında işlənir: Səni görüm qaralı-göylü qal, əlin-üzün qannı qalsın! Dastanda: “Baxdı gördü qız qardaşları qaralı-göylü (bir arada) otururlar". Krasnoselo rayonu Azərbaycan şivələrində təsadüf olunan qırnax, qırnıx sözləri təhqir məqsədilə deyilir və “o kimdir?” ifadəsi ilə bir mənada işlənir: O nə qırnaxdı kın, mən öydə olmuya-olmuya məm öyümdə vəkilliy eliyir? Yaxud: O nə qırnaxdı kı, hər şeydən ötəri ona ağız açırsan? Dastanda qırnaq sözü “qaravaş, kəniz” mənasında işlənir: Qırx baş qul, qırx qırnaq oğlu Uruz başına azad elədi. Şivədə qırnaq sözünün təhqir mənasında işlənməsi yəqin ki, vaxtilə qula, kənizə alçaq nəzərlə baxılması ilə əlaqədardır. Misallardan aydın olur ki, “Kitabi-Dədə Qorqud” dastanlarının dilində təsadüf olunan ayrı-ayrı sözlər Krasnoselo rayonu Azərbaycan şivələrində öz izini saxlamışdır. Şübhəsiz ki, bu uyğunluqlar dastanda cərəyan edən hadisələrin bir qisminin də (IV və X boy) Göyçə mahalı ərazisi ilə bağlı olduğunu güman etməyə əsas verir. Mənbə: Əli Vəliyev, Vaqif Kərim. "Göyçə mahalının Ardanış kəndi" kitabı. 


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page