top of page

“Bugünkü Azərbaycan sözü Atropatena ilə bağlıdır”


AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Əkbər Bədəlovun müsahibəsini təqdim edirik.

-Bizim adi oxucu Atropatena haqqında ilk növbədə nəyi bilməlidir?

-Dövlətçilik nöqteyi-nəzərdən bu, Azərbaycanda qurulmuş ikinci dövlətdir. Bundan əvvələ, məsələn, eramızdan əvvəl III minilliyə gedib kutiləri, lullubiləri götürsək, bunlar dövlət quruluşuna yaxın idilər, amma dövlət deyildilər. Amma, bilirsiniz ki, Azərbaycanda ilk dövlət Mannadır. Bundan sonra Qafqaz Albaniyası ilə eyni əsrdə yaranan Atropatena dövlətidir. Dəqiq ilini də demək olur. Məsələn, Atropatena dövlət kimi eradan əvvəl 321-ci ildə yaranıb. Nəyə görə? Bunun əsasları var. Amma Albaniyaya gəldikdə konkret il demək olmur.

Azərbaycanın şimalında ilk dövlət Albaniyadır. Skif padşahlığı Azərbaycanda yaransa da, Azərbaycan dövləti deyil. Bunlar tamam başqa-başqa şeylərdir.

-Neçə il mövcud olubdur?

-E.ə. VII əsrin ortalarından, təxminən 50-60 il mövcud olub. Sonra Midiya onların hakimiyyətinə son qoyub. Düzdür, Skif padşahlığı bu ərazilərdə yaranıb, bir hissəsi şimala, digər hissəsi isə cənub ərazilərimizə düşür, amma bizim dövlət deyil.

-Yəni, irandilli olduğunu demək istəyirsiniz?

-Xeyr, türkdillidir. Kimmerlər, saklar gəlib yaradıb.

-Skif əraziləri həddindən artıq böyük olub?

-İndi belə qəbul ediblər ki, ərazisi Kür çayından Araza qədər, Arazdan Urmiya gölünə qədər olub.

-Ərazisini azaldıblar?

-Əvvəlcə Azərbaycanın cənubunda Manna ilə Urartu arasında olduğunu deyirdilər, amma son tədqiqatlar başqa şey deyir.

-Bu padşahlıq Volqaboyuna da gedib çatırdı?

-Skiflərin yaşadığı vətən ilə qurduğu dövlət başqa-başqa şeylərdir. Kimmerlər, skiflər, saklar Azərbaycana gəlmədilər. Bu, türkdilli etnosların Azərbaycana birinci axınıdır. Əslində, harada türk yaşayırsa digər türk tayfalarının da gedib orada məskunlaşması normal haldır. Adını çəkdiyimiz türklər e.ə. 7-ci əsrin əvvəlləri gəlib həmin əsrin ortaları burada e.ə. 590-cı ilə qədər davam edən dövlət yaradıblar. Amma bu dövlət Azərbyacanda yaransa da, Azərbaycan dövləti deyil. Azərbaycanın ilk dövləti Mannadır. Mannadan sonra, etiraf edək ki, işğalçılar gəlib buranı işğal edib. Midiya da işğalçıdır. Midiya Azərbaycan dövləti deyil, o, İranın mərkəzində yaranan bir dövlətdir. Gəlib həm şimalı, həm də cənubu işğal edib. Əhəmənilər fars dövlətidir, gəlib o da işğal edib. Makedoniyalı İsgəndər Əhəməni imperiyasının varlığına son qoyub, bu ölkə dağılıb, ondan sonra şimalda, cənubda yeni dövlətlər yaranıb. Cənubda Atropatena, şimalda Albaniya.

Atropatenanın bir dövlət kimi Azərbaycan tarixində rolu var. Atropatena dövləti təqribən bizim eranın əvvəlləri müstəqilliyini itirib. Amma, Albaniyadan eramızın 705-ci ilinə qədər danışmaq olur. Dəqiq tarix məlumdur. Ərəblər gəldi, Albaniyanın mövcudluğuna son qoydu.

-Qəbələ rayonu ərazisindəki Çuxur Qəbələ qədim Kabala şəhərinin xarabalıqlarında yaranıb. Bu, sırf Azərbaycan Respublikasının ərazisindədir. Bəs bu Atropatena müasir Azərbaycan ərazisinə düşürmü? Düşürsə, hansı hissələri?

-Naxçıvan və cənub bölgəsi, yəni, Lənkəran, Astara konkret mənbələrdə də var. Atropatenanın ərazisi əsasən Cənubi Azərbaycandan ibarətdir, paytaxtı Qazakadır. Qış iqəmətgahı, yay iqəmətgahı var idi. Mənbələrdə də var, qazıntılar da sübut edib. İndi belə yazırlar: müasir Cənubi Azərbaycan və Azərbaycan Respublikasının bəzi cənub əraziləri.

-Atropatena dövrünə aid abidələr çoxdur?

-Xeyli vardır. Mən sırf o işlə məşğulam. Məsələn, mənim Naxçıvanda apardığım qazıntılar birbaşa Atropatena ilə bağlıdır.

-Bəs İranda?

-İranın özündə əgər bu gün getməsə də, ümumiyyətlə qazıntılar gedib.

-Ölkəmizdən də orada iştirak edən olub?

-Xeyr, ola bilsin bir dəfə gedib təsadüfən iştirak edən olsun. Bəli, Cənubda qazıntılar gedib. Manna dövründən üzü bəri Cənubda qazıntılar aparılıb. Amma desəm ki, bu gün İranda planlı şəkildə qarşılarına məqsəd qoyublar ki, Atropatena tarixini öyrənsinlər, yalan olar.

İran çox hissəsi onların ərazisinə düşən Atropatenanı öz dövləti kimi qəbul edir?

-Xeyr. Farslar İrana gəlmədilər. Özləri də deyir. Məsələn, Midiya fars dövləti deyil. İran özü də etiraf edir ki, mənim dövlətim deyil. Necə ki, biz öz dövlətçiliyimizi Mannadan götürürük, İran da öz dövlətçiliyini e.ə. 550-ci ildən – Əhəmənilər dövlətindən götürür.

-Ölkəmizin ərazisində Rəvvadilər hakimiyyətdə idi və siyasi elitada ərəblər olub. Biz bunu öz dövlətimiz kimi qəbul edirik. Midiya da İran ərazisində olub və deyə bilmərik ki, burada yalnız türklər yaşayıb.

-Midiyada millətlər qarışıq idi.

-O zaman nəyə görə farslar Midiyanı özünki kimi qəbul etmir?

-Çünki Midiyada türkdilli tayfalar da yaşayırdı. Farslar Midiya dövlətini qəbul etsə, onda belə çıxar ki, indiki İran türkdilli dövlətdir. Herodot Midiyada yaşayan tayfaların altısının adını çəkir, onun üçü-dördü türkdillidir. Demək, türkdilli tayfalar orada çoxdan yaşayıb. Midiyanın sonuncu hökmdarı Astiaq Əhəminilərin başçısı Kir ilə, yəni baba nəvə ilə döyüşə gedib. Deməli, onlar eyni kökdən deyildilər, millətləri ayrı idi. Kir fars idi. Astiaq öz qızını farsa vermişdi.

-Amma bu, dünyada hökmran olan Altay nəzəriyyəsini alt-üst etmək deməkdir. Yəni, bu nəzəriyyədə türklərin İran və Qafqaza XI əsrdə gəldiyi qeyd edilir.

-Altay nəzəriyyəsi artıq köhnəlib. Deyirlər ki, türklər Azərbaycana XI əsrdə gəlib. Yəni, səlcuqlar. Bu artıq üçüncü axın idi. Məsələn, əgər mən rusam, Moskvaya getsəm, ilk növbədə rusu taparam. Azərbaycana getsəm özümə yaxın olan azərbaycanlını taparam. Kuti, lullubi türkdilli tayfaları burada üçüncü minillikdə olub.

-Turukkilər də olub?

-Eyni vaxtda olublar. Eyni zamanda Naxç tayfaları, gərgərlər olub. Turukkilər dövlət qurumu yaratmayıb, kuti və lullubi isə yaradıb. Kutinin, lullubinin hökmdarı, ordusu, xəzinəsi var idi. Harada kuti və lullubi olubsa, orada Manna da olub. Harada Manna vardısa, orada Atropatena olub. Ərazi eynidir.

Türklərin bura XI əsrdə gəlmə olduğunu deyən Altay nəzəriyyəsinin cəfəngiyyat olduğunu hamı indi etiraf edir. Bu nəzəriyyə Sovet hakimiyyəti dönəmində qəbul olunurdu, amma ölkəmiz müstəqillik qazandıqdan sonra bu nəzəriyyənin yalan olduğu sübut olundu. Məsələn, deyirik ki, Azərbaycana üç axın olub. İşğalçı başqa şeydir, axın başqa şey. Axın o deməkdir ki, eyni kökdənsən, gəlib qaynayıb qarışırsan. Əhəmənilərə, Midiyalılara axın demək olmaz. Bunu ərəblərə də demək olmaz. Amma hunlara, kimmerlərə, skiflərə, saklara, səlcuqlara axın deyirik. Çünki, kök eynidir. Türklərin hamısını geri yığsan gedib Mərkəzi Asiyaya çıxacaq.

-Bəlkə belə bir fərq olub. Tutaq ki, bir axında qıpçaqlar gəlib, digər axında oğuzlar üstünlük təşkil edib.

-Oğuzlar ilk dəfə VII əsrdə Azərbaycana gəliblər. Bu, ikinci axında olub. Oğuzlar 24 tayfadır: bayat, baharlı, qınıq, qayı və sair. Osmanlını qayı tayfası, Səlcuqu qınıq tayfası yaradıb. Baharlı Qaraqoyunlu, Bayandurlu Ağqoyunlu dövlətini qurub. Dədə Qorqudda da deyir ki, oğuzlar 24 tayfadır. Bu tayfalardan üçü, dördü dövlət yaradıb. Oğuzlardan bəziləri VII əsrdə, digərləri XI əsrdə bura gəlib. Səlcuq da oğuzdur, onun bir qoludur. Səlcuqlar kütləvi gəldiyinə görə Azərbaycan xalqının təşəkkül prosesi başa çatıb. Daha buna ilk dəfə gəldi demək olmaz. Demək eramızdan əvvəl VII əsrdə birinci axın olub, kimmerlər, skiflər, saklar gəlib. Skif padşahlığından danışdıq

Eramızın IV əsrində hunların axını baş verir. Böyük Hun dövləti dağılanda hunların bir hissəsi gedib çıxıb Avropaya, bir hissəsi isə gəlib Şərqə, o cümlədən Azərbaycana. Bu da ikinci axın olub. Hunlar IV əsrdə, böyük Hun imperiyası dağılandan sonra bura gəlib. Üçüncü axın isə səlcuqlar olub.

İnsanların birgə yaşayış formaları var. Ulu icma var, qəbilə icması var. Qəbilələr birləşib tayfa yaradır, tayfalar birləşib xalq yaradır, xalqlar isə birləşib milləti əmələ gətirir. Sonuncu birgəyaşayış forması nədir? Millət. Millət XIX əsrdə formalaşıb, amma XI əsrdə Azərbaycan xalqı formalaşıb. Azərbaycan xalqının formalaşmasında rolu olan xalqlar hamısı bir-birinə qaynayıb qarışıb. Bu gün də Azərbaycanda üç dil qrupuna məxsus: qafqazdilli, irandilli və türkdilli xalqlar yaşayır. Çoxluğu türklər təşkil edir, ona görə də Azərbaycan türkdilli dövlətdir. Amma bu o demək deyil ki, biz başqa xalqları sıxışdırırıq. Onlar da burada yaşayır və Azərbaycan xalqının tərkib hissəsidir. Yaxud irandilli xalqlar: tat, talış, kürd bura gəlmədilər, bunları Sasanilər köçürüb. Şəddadilər dövləti kürd mənşəli, Rəvvadilər isə ərəb mənşəli dövlət idi. Və yaxud Şirvanşahlar. Amma bütün bunlar o demək deyil ki, bu onların dövlətidir.

-İqrar Əliyevin Atropatena ilə bağlı monoqrafiyası kütləvi şəkildə çap olundu. Bizdə evdə də var. Məncə çox ailələrdə o kitab var. O əsərin yazılmasından yəqin ki, 30-40 il keçib?

-Səhv etmirəmsə, 1989-cu ildə nəşr edilmişdir.

-Ondan sonra kimsə elə bir kitab ortaya qoyubmu? Bəlkə elə bir iş gedir, kimsə yazır?

-İqrar Əliyevlə bir şöbədə işləyən Kamal Əlyev var idi. Fəridə Məmmədova var, bu gün onun konsepsiyası tamam ölüb. Onlar da, İqrar Əliyev də deyir ki, türklər gəlmədir. Bu da öz növbəsində sovet konsepsiyasından gələn ideya idi. Bu gün yazanlar var. Tarix İnstitutunda Atropatena barədə bir neçə əsər yazılıb.

-Bizdə Nizami Gəncəvini Azərbaycan şairi kimi təqdim eləməkdə böyük problem var. Dünya onu fars şairi kimi qəbul edir. Rusdilli mənbələrə baxın: “persidskiy poet”. O biri dilləri bilmirik, amma əminəm ki, o biri dillərdə də belədir. Dünyada, məsələn İranda, Atropatenanı, obrazlı desək, Nizami, “Sarı gəlin” və yaxud “dolma” kimi əlimizdən almaqda israrlı olan qüvvələr varmı?

-Xeyr. Azərbaycan bölünəndən sonra, cənub İranın əlində qalsa da, Tehran yaxşı bilir ki, bu ərazilər qədim Azərbaycan torpağıdır.

-Demək məsələ Strabon, Plütarx və digər mənbələrin də göstərdiyi kimi bu ərazilərdə yaşayan tayfaların əsasən türkdilli olması ilə əlaqədardır. Ona görə də İran Atropatenanı araşdırmaq istəmir.

-Atropatena ilə bağlı heç bir problem yoxdur. Amma Qafqaz Albaniyasının kökünə, mənşəyinə gələndə vəziyyət başqa cürdür. Orada mübahisələr var. Çünki Albaniyada üç dil qrupu mövcuddur. Amma Atropatenada bu problem yoxdur. Atropatenada yaşayan tayfaların bir neçəsi Albaniyada da yaşayıb. Məsələn, kaspilər, kadusilər.

-Talışlar deyir ki, biz kadusilərdən gəlməyik.

-Xeyr, bunlar türkdilli tayfalardır. Atropatenada yaşayanlar türkdillidir. Əslində talış bura gəlmədir və onları da bura köçürən Sasanidir. Hər gələn özünə gəldiyi yerdə dayaq yaratmaq üçün köçürmə siyasəti aparıb. Ərəb də, sasani də, monqol da bunu edib. Təbii ki, gələn özünə arxalanmaq üçün dayaq yaratmalıdır. Sasani buranı işğal edənə qədər burada irandilli tayfalar yox idi.

-Bayaq Vikipediyada gözümə belə bir cümlə sataşdı: Atropatenada yunan dili çoxyayılmışdı.

-Yunan mədəniyyətini Şərqə İsgəndər gətirdi. İsgəndərin atası Yunanıstanı tutub, bütün Yunanıstan Makedoniyadan asılı olub. Sonra İsgəndər Şərqə yürüş edib. İsgəndərin Şərqə gətirdiyi mədəniyyət Ellin mədəniyyəti adlanır. Həmin mədəniyyətin Atropatenada izləri də, yazısı da qalır. Məsələn, Atropatenada Kerefto deyilən yerdə abidə var. Bu gün qayanın üstündə yazı qalır. Yazı yunan dilindədir. Tanrılarından biri olan Herakla aidddir. Bu, Yunan mədəniyyətinin burada təsirini göstərir. Məsələn, Yunan mədəniyyəti Albaniyada da olub. Şəkidə Böyük Dəhnə kəndində qəbrin üstündə yunan dilində yazı var. Demək, yunan bura gəlib, burada ölüb, onu dəfn ediblər, sonra da çıxıb gediblər. Bunlar yunan mədəniyyətinin təsiridir.

-Razıyam, ancaq vikipediyada yazılıb ki, Ellinizm dövründə burada yunan dili geniş yayılmışdı. Hazırkı dövrdə biz də Qərb mədəniyyətindən çox şey götürürük. Və təbii ki, ingilis dilini bizdə də xeyli sayda bilənlər var. Amma öz dilimizdə danışırıq.

-Mədəniyyətin təsiri başqa şeydir. Sasani, ərəb tutalım ki, işğal edib, mədəniyyəti təsir edir. İsgəndərin gətirdiyi Yunan mədəniyyətinin böyük təsiri olub. Amma o demək deyil ki, bu əhali türkdilli deyil. Atropatena şübhəsiz türkdillidir. Ancaq İqrar Əliyevin konsepsiyası sovet dövrünün nəbzini tuturdu.

-Yəqin bir az da Kəsrəvidən ruhlanmışdı.

-İqrar alim idi, akademik idi, amma konsepsiyası başqa idi. Sovet hökümətinin ideologiyasını yerinə yetirirdi.

-Atropatena adına qayıtmaq istəyirəm. Belə versiya var ki, bu ad sonradan Azərbaycan adına çevrilib. Dövlətlərə adlar əsasən ərazilərə, yaxud böyük tayfalara uyğun verilir. Məsələn Qacarlar, Alban dövləti və sair.

-Bugünkü Azərbaycan sözü Atropatena ilə bağlıdır. Azərbaycan sözünü ilk dəfə ərəblər işlədib. VII əsrdə ərəblər gələnə qədər burada Azərbaycan sözü yox idi. “Atropatena”, “Adurbayqan” və sair formalarda dəyişib bizə gəlib çatıb. Ümumiyyətlə, xalqın adını dövlətə qoyurlar. Məsələn, rus – Rusiya, erməni – Ermənistan, gürcü – Gürcüstan. Bizdə isə tərsinədir, torpağın adı xalqa qoyulub. Bu, necə yaranıb? Atropat İsgəndərlə şəxsən görüşüb. Amma o, əvvəlcə III Daraya xidmət edib. İsgəndər Midiyanı tutandan, Əhəməni imperiyası süqut edəndən sonra ərazisi iki hissəyə bölünüb: Kiçik Midiya, Böyük Midiya. Böyük Midiya makedoniyalıların təsiri altında qalıb. Amma Kiçik Midiyanı Atropata tapşırıblar. Atropat sərkərdə idi. Əvvəlcə əhəmənilərə qulluq edib. İsgəndər e.ə. 330-cu ildə Əhəmənilərin varlığına son qoyduqdan sonra Atropat əvvəlcə İsgəndəri qəbul etmək istəmir. Sonradan onunla şəxsən görüşür, İsgəndər yaylaqda istirahət edərkən yanına gedir. Atropat köhnə satraplardan, canişinlərdən yeganə insandır ki, İsgəndər onu yenidən qaytarıb vəzifəsində saxlayır. Sonra Makedoniyalı İsgəndər Hindistanı işğal etməyə gedir. O, Hindistanda olanda Böyük Midiyada üsyan qalxır. Atropat üsyanı yatırır. Daha sonra niyə Atropatın nüfuzu qalxır? İsgəndər Hindistanı tuta bilmir, geri qayıdır. İsgəndərin Şərqə yürüşü on il çəkib, e.ə. 334 – e.ə. 324-cü illər. Tuta bilmədiyi yeganə ölkə Hindistan olub. Cüzi bir hissəsini tutub qayıdıb. Qayıtdıqdan sonra İranın Suz şəhərində toy eləyir, 10 min nəfər yunan-mekodoniya əsgərini evləndirir. Mənbə yazır ki, əsgərlər Şərq qızlarından kimi istəyirsə alıb evlənir. Həmin toyda Atropat öz qızını İsgəndərin ən məşhur sərkərdəsi Perdikkiyə ərə verir. Atropatın nüfuzunun qalxmasının ikinci səbəbi də bu olur. Digər səbəbi isə Bariaks üsyanını yatırmasıdır. Bu üsyan ümumiyyətlə, İsgəndərə qarşı olmuşdu.

İsgəndər e.ə. 323-cü ildə öldükdən sonra imperiyanın idarə olunması müvəqqəti olaraq onun sərkərdəsi Perdikkiyə tapşırıldı. İmperiyanı iki il ərzində Perdikki idarə edir. E.ə. 321-ci ildə Perdikki dünyasını dəyişən kimi Atropat Kiçik Midiyanın müstəqilliyini elan edir. Dövlətin əsasını qoyduğu üçün ölkəni Atropat, yaxud Atropat Midiyası adlandırıblar. Sonra dəyişə-dəyişə gəlib olub Azərbaycan. Azərbaycan sözünün kökü Atropatenadır. Bunu bütün dilçilər, ədəbiyyatçılar, tarixçilər də qəbul edir. Bu sözü doğrudur, ərəblər işlədib, amma ərəblərə qədər müxtəlif adları var idi.

-Bu versiyalardan biridir. Amma adını odla, atəşpərəstlərlə bağlayanlar da var.

-O, başqa şeydir. Zərdüştlük dini e.ə. VII əsrdə yaranmışdı. Atropatenada da Zərdüştlük yayılmışdı. Bu dində oda sitayiş üstün olduğuna görə onu Atəşpərəstlik də adlandırırlar.

-Ola bilərmi ki, Zərdüştlük daha çox farsdilli xalqlarla bağlı olsun? Yəni, Hindistandan İrana gəlib özləri ilə oda sitayişi də gətiriblər. Hazırda da atəşpərəstlər daha çox Hindistandadır.

-Zərdüştlük Zərdüşt peyğəmbərin adı ilə bağlıdır. Eramızdan əvvəl VII əsrə aid edilir. Bu din əsasən Azərbaycanın cənubunda yayılmışdı. Şimalında, Albaniya ərazisində o qədər də yayılmamışdı. Cənubda çox yayılmasının səbəbi də Əhəmənilərdə dövlət dininin Zərdüştlük olması idi. Azərbaycan e.ə. 550-ci ildən e.ə. 330-cu ilə qədər bu imperiyanın tərkibində olub. Və Əhəmənilər süqut edənə qədər Azərbaycan şimallı-cənublu 220 il bu dövlətin tərkibində olub. Zərdüştlük Əhəmənilər dövlətində rəsmi din olduğuna görə avtomatik olaraq Albaniya və Atropatena ərazisində də hakim idi. Zərdüştlüyün baş məbədi Atropatenanın paytaxtı Qazakada yerləşirdi. Sasanilərdə də Zərdüştlük rəsmi dövlət dini olub. Sasani şahları da nə vaxt şah seçilməsindən asılı olmayaraq mart ayının 21-ni, Novruz gününü gözləməli, baş məbədə – Qazakaya gəlməli idilər. Paytaxt başqa yerdə idi, amma şahlar mütləq Novruz bayramı günü baş məbədə gəlib ziyərət edəndən sonra başlarına tac qoyulurdu. Tac qoyma mərasimi Novruz bayramı günü keçirilməli idi. Yəni, ola bilsin ki, sən fevralda şah olmusan, amma tac qoymursan, mütləq mart ayının 21-ni gözləməlisən.

–Əkbər müəllim, orta və ya ali məktəblərin tarix dərsliklərində Atropatena layiqincə işıqlandırılırmı?

-Demək olar ki, son zamanlar dərsliklərdə bir dövlət kimi lazımi qədər işıqlandırılır. Məsələn, antik dövrdən danışanda Azərbaycanda iki dövlət göstərilir: Atropatena və Albaniya. İkisindən də ayrı-ayrı paraqraflarda mədəniyyətləri, qonşu dövlətlərlə münasibətləri, ticarət əlaqələri və sair təsvir olunmaqla geniş bəhs edilir. Bu gün bizim 7 cildlik Azərbaycan tarixi və yaxud məktəb dərsliklərində və sairdə Atropatena ayrıca dövlət kimi gedir. Adı Kiçik Midiyadır, Atropat Midiyasıdır, fərqi yoxdur, bizə gəlib çatan variant Atropatenadır. Bu ad da təbii ki, Atropatın şəxsiyyəti ilə bağlıdır.

–Bəs sizdə Atropatena ilə bağlı dissertasiyalar, araşdırmalar, məqalələr haqqında məlumat var? Belə deyək də, zaman-zaman bütün elmlərdə, əsasən də tarixdə dəbdə olan mövzular olur və ona da səbəb bəzən konyuktura, bəzən sosial sifariş, bəzən də hansısa dövlətin basqılarını önləmək cəhdləri olur. Yəni müəyyən zaman ərzində bir maraq, bir bum yaranır.

-İnstitumuzun əməkdaşları tərəfindən cənub bölgəsində qazıntılar aparılır. Bu gün o qazıntılarla bağlı Atropatenanın maddi mədəniyyəti mövzusunda dissertasiyalar yazılır. Məsələn, mənim doktorluq işim Naxçıvanın maddi mədəniyyəti barədədir. -Mən bütün məqalələrimdə Naxçıvanı Atropatenanın tərkibi kimi vermişəm. Bu barədə də həmişə çıxış eləmişəm. Bu bir faktdır. Və mənə qarşı heç kəs çıxıb demir ki, sən niyə belə deyirsən. Çünki mədəniyyətin təsiri də özünü orada göstərir. Və yaxud əhalinin dili, adət-ənənəsi, kökü. Türkdilli tayfalar deyirik, naxç tayfaları Azərbaycanda 5 min ildir yaşayır, eramızdan əvvəl III minillikdən isə gərgər, yaxud qarqar tayfaları həm orada yaşayıb, həm də burada. Kaspilər, yaxud kadusilər Əhəmənilərə qarşı vuruşub. Bu tayfalar Əhəmənilər tərəfində İsgəndərə qarşı da vuruşublar. Eradan əvvəl 331-ci ildə Qavqamel döyüşü olub. Orada III Dara İsgəndərə məğlub olub qaçıb. Həmin döyüşdə Azərbaycandakı türkdilli tayfalar: kaspilər, kadusilər, maqlar, müqlər İsgəndərə qarşı vuruşub. Çünki Əhəmənilərin tərkibində idilər.

-O zaman Selevkilərlə, Parfiya və sair ölkələrlə müharibələr olub. Bəs Atropatenanın süqutuna kim və nə səbəb oldu?

-O dövrdə nəyə görə Atropatenaya hamı maraq göstərirdi? Onun coğrafi mövqeyi, təbii sərvətlərinə görə. Atropatenada çıxan neftin adı “Midiya yağı” idi. Ərazi vaxtilə Midiyanın olduğundan adını da Midiya yağı qoymuşdular. O vaxtlar da neftə maraq var idi. Buranın qızıl, gümüş və sair təbii sərvətləri, əkinçilik, maldarlıq üçün şəraiti hamıya maraqlı idi. İsgəndər öləndən sonra Atropatena yaranır. Ümumiyyətlə, imperiyanın yerində bir neçə imperiya və bir neçə də xırda dövlət yaranır: Selevki dövləti, Misir, Makedoniya və sair. O zaman yaranan dövlətlərdən biri də Selevkilər dövləti idi. Selevkilər, yaxud Suriya deyək, bütün Şərqi tutur, amma Atropatena Selevkilərdən asılı olmur. Atropatenanın ilk müharibə apardığı dövlətlərdən biri qonşusu Selevkilər olub. Roma o zaman hələ Şərqə gəlməmişdi. Eramızdan əvvəl 223-cü ildə Selevki hökmdarı III Antiox Atropatenanı tutur. Bu barədə mənbələr də var: Strabon, Klavdi Ptolomey də yazıb. Amma Roma imperiyası e.ə. II əsrdən Şərqə yürüş etməyə başlayır. Roma dövləti e.ə. VIII əsrdə yaranıb, amma Şərqə yürüşü e. ə. II əsrdən başlayıb. Burada da güclü dövlət Selevkilər idi. Şərq uğrunda, Aralıq dənizi sahillərinə görə Roma ilə Selevkilər mübarizə aparırdı. Roma e.ə. 190-cı ildə Maqneziya döyüşündə Selevkiləri məğlub etdi. Selevkilər parçalandı, Atropatena yenidən müstəqil oldu. Atropatena iki dəfə müstəqil olub: birinci dəfə e.ə. 321-ci ildə Perdikki öləndən sonra, ikinci dəfə e. ə. 190-cı ildə Maqneziya döyüşündən sonra. Selevkilər parçalanandan sonra yaranan dövlətdən biri də Parfiya idi. Roma əvvəlcə Selevkilər ilə müharibə edirdi, Selevkiləri məğlub edəndən sonra Parfiya ilə müharibəyə başlayır. Roma həm Parfiyanı, həm də Atropatenanı ələ keçirmək istəyir. Demək, bu iki dövlət bir-birinə yaxınlaşmalıdır. Romaya qarşı Parfiya və Atropatena müttəfiq olur. Ön Asiya, o cümlədən Azərbaycan uğrunda Roma və Parfiya uzun müddət, yəni eramızın III əsrinə, Parfiyanın süqutuna qədər mübarizə aparıb. Atropatena həmişə Parfiya tərəfində sıra tutub. Çünki Roma onların hər ikisini tutmaq istəyib. Ona görə Atropatena Parfiyanın mövqeyindən çıxış edib. E.ə. I əsrdə Roma Şərqə yürüşünü gücləndirir. Lukull və Pompey Romada e.ə. 66-65 illərdə Şərqə səfər edirlər. Onlar həm Albaniyaya, həm də Atropatenaya yürüş edir. O vaxt bu ölkələr Romadan asılı olsalar da, müstəqilliklərini itirməmişdilər. Lukull və Pompey çıxıb gedir, sonra bura Krass adlı başqa bir Roma sərkərdəsi gəlir. Roma ilə Parfiya arasında iki böyük döyüş olub. E.ə. 53-cü ildə döyüşdə Parfiya qələbə çalır. Atropatena da Parfiyanın mövqeyindən çıxış edir. E.ə. 38-ci ildə daha bir Roma sərkərdəsi Antoni gəlir. Bu dəfə Roma qələbə qazanır. Bu döyüşdə də Atropatena Parfiya tərəfdə vuruşurdu. Bundan sonra Antoni e.ə. 36-cı ildə Atropatenaya yürüş edir. Antoninin məqsədi Fraaspanı tutmaq idi. Bu şəhər Atropatenanın qış iqamətgahı idi. Fraaspa uğrunda döyüş olub. Roma məğlub olub. Mənbələr yazır ki, Antoni 35 min qoşun itirib. Antoni böyük tələfat verərək geri qayıdıb. Demək, Atropatena müstəqil dövlətdir ki, özünü qoruyub saxlaya bilib. Bundan sonra Parfiya ilə Atropatena arasında münasibətlər pisləşib. Səbəb? Parfiya Atropatenanı özündən asılı vəziyyətə salmaq istəyirmiş. 150 ildir Atropatena Parfiya tərəfində vuruşur, amma Parfiyanın fikri başqa idi. Atropatena Parfiyadan ayrılıb Romaya yaxınlaşır. Ancaq Parfiya əl çəkmir. Eramızın 20-ci ilində Parfiya Atropatenanı tutdu. Atropatena Parfiyanın süqutuna qədər ondan asılı oldu. Parfiyanı Arşakilər idarə edirdi. III əsrdə Sasanilər Parfiyanın hakimiyyətinə son qoyur. 227-ci ildən sonra Atropatena Sasanilərdən asılı vəziyyətə düşür.

-Yəni, yüz ildən çox müddət ərzində bunlar məcburi müttəfiq olublar. Roma geri oturdulandan sonra öz aralarında didişməyə başlayıblar.

-O zaman Atropatena başa düşüb, Parfiyadan ayrılıb Romaya yaxınlaşıb, amma xeyri olmayıb. Eramızın 20-ci ilində Parfiya onu tutub.

-Bəs sonra necə oldu ki, Sasanilərdən asılı oldular?

-Sasanilər hakimiyyətə gələndə Atropatenanı Parfiya nümayəndələri idarə edirdi. Hakimiyyət o qədər güclü deyildi. Atropatena eramızın 20-ci ilindən sonra əvvəlki qüdrətini itirib, zəifləyib bir əyalət, vilayət kimi asılı halda Parfiyanın tərkibində qalmışdı. Bu dövrə qədər Atropatenanın altı-yeddi məşhur hökmdarının adını demək olar, amma bizim eranın 20-ci ilindən sonra hökmdar yoxdur. Demək bu, müstəqil dövlət deyil ki, hökmdarının adı çəkilmir. Sadəcə ərazi kimi qalıb. Sasanilər də gələndə müstəqilliyi yox idi. Əgər kimsə nümayəndə kimi idarə edirsə, bu müstəqil olmaq deyil. Atropatın, Artabazanın, Ariobarzanın dövründə müstəqil idi. Amma 20-ci ildən sonra deyə bilmirik ki, kimlərsə mübarizə aparıb. Çünki, artıq müstəqilliyini itirmişdi.

-Atropatena ilə bağlı hansı işlər görürsünüz?

-Mənim sırf Atropatena ilə, aparılan qazıntılarla bağlı müxtəlif yerlərdə 20-30 məqaləm çap olunub. Bu barədə geniş kitab da hazırlamaq olar. Birinci növbədə Atropatena haqqında məlumat verən Strabon, Klavdi Ptolomey, Plütarx və digər antik mənbələri göstərmək lazımdır. Arxasınca arxeoloji qazıntılara keçməliyik. Daha sonra əhalinin tərkibi, tayfalar, ərazi, qonşu ölkələrlə münasibətlər, mədəniyyət öz əksini tapmalıdır. Bu ardıcıllıqla hazırlamaq olar.

Mehman İbrahimov, 1905.az


bottom of page