"Efirdə yayımlanan serialların vəziyyəti bizi çox narahat edir".
ONA-nın xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.
MTRŞ sədri teleseriallarda müşahidə olunan qüsurları açıqlayıb: "Seriallarda qeyri-peşəkar aktyorların iştirakını vurğulamalıyam. Bundan başqa, serialların ssenarisi - Azərbaycanın ailə dəyərlərinə uyğun olmayan mövzular, seriallarda bayağı, vulqar, qeyri-etik ifadələrdən istifadə bizi çox narahat edir".
N.Məhərrəmli qeyd edib ki, əsas narazılıq doğuran seriallar komediya və kriminal janrda çəkilən seriallardır: "Həmin seriallarda Azərbaycan ailəsinə xas olmayan məsələlər qabardılır. "Qaynata-kürəkən", "Qaynana-kürəkən", "Ata-oğul", "Ata-qız", "Bacı-qardaş", "Hörmətsiz ağsaqqal", "Qeyrətsiz oğul" söhbətlərindən seriallardan gen-bol istifadə olunur. Bu da bizi narahat edir. Ona görə də bu gün televiziya rəhbərləri ilə görüşüb, bu problemləri aradan qaldırmaq istəyirik". Azadpress.az