top of page

“Leyla Yunus ermənilərin etdiyini azərbaycanlıların üstünə yaxır”


Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalistika Layihəsi (OCCRP) guya ifşaedici qrupdur, onların sadəcə yalandan həqiqət düzəltmə laboratoriyaları var. Böyük ölkələrin xüsusi xidmət orqanlarından onlara bəzi məlumatlar ötürülür, həmin məlumatları əsas götürərək, yalandan həqiqət düzəldirlər. OCCRP-nin anti-Azərbaycan mövqeyi çoxdan bəllidir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında hüquq müdafiəçisi Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalistika Layihəsi Azərbaycanın Avropa ilə həyata keçirdiyi, biznes, enerji, kommunikasiya layihələrinin daim əleyhinə çıxış edir: “Azərbaycanın müstəqil xarici siyasətinə dözümsüzlük göstərirlər, iri proyektlər ortaya çıxanda, Avropa İttifaqı ilə danışıqlar başlayanda fəallaşırlar. Yalan laboratoriyasında hazırladıqları yazını da bəzi Azərbaycan “müəllifləri”nin adı ilə verirlər. Məsələn, Xədicə İsmayıl cəza çəkəndə də onun adından yazı yayımlamışdılar, bununla da sübut olundu ki, əslində Xədicə o yazıların heç birini yazmayıb, yaza da bilməzdi. Sadəcə, yazıya onun imzası qoyulur. Amerika Milli Konqresinin yaratdığı və Sevinc Osmanqızının rəhbərlik etdiyi televiziya da, Əkrəm Əylisli, Leyla Yunusun şəbəkəsi, Haaqa şəbəkəsi də vahid məqsəd ətrafında birləşərək, propaqanda maşınını işə salıblar”.

Sahib Məmmədov qeyd edib ki, bütün bunların Azərbaycanla Ermənistan arasında başlanan sülhə hazırlıq prosesini əngəlləmək, yazda Avropa İttifaqı ilə imzalanacağı gözlənilən müqaviləyə maneə yaratmaq üçün həyata keçirildiyi istisna deyil.

O, Leyla Yunusun Avropa Parlamentində “Armenia fobiya” toplantısı keçirərək cəfəng bəyanatla çıxış elədiyini xatırladıb: “Leyla Yunus orada söylədi ki, guya Azərbaycanda 10 yaşına qədər uşaqları ermənilərə, o cümlədən xristianlara nifrət ruhunda tərbiyə edirlər və bu, dərs vəsaitlərinə salınıb. Leyla Yunus Azərbaycanda olanda Milli Məclisdə Avropa Şurasının sosial komitəsinin ümumi toplantısında çıxışında ermənilərə özünü göstərdi ki, bizim dərsliklərdə ermənilərə nifrət aşılanır, ancaq erməni dərslikləri barədə bir kəlmə belə danışmadı. O zaman Təhsil naziri Misir Mərdanov idi, o da həmin toplantıda iştirak edirdi, dedi ki, bizim dərsliklərdə belə bir şey yoxdur, istəsəniz, komissiya yaradılsın, Azərbaycanla Ermənistanın dərslikləri analiz edilsin, görək kim nə yazır? Onda Leyla Yunus hay-küy saldı. Leyla Yunus bu mövzunu daim gündəmdə saxlayır, rəfiqəsi Laura Bağdasaryanla birgə saytları da var, hər zaman Azərbaycana qarşı böhtanlar yağdırır, guya azərbaycanlıların ermənilərə nifrət etməsi ilə bağlı propaqanda maşını var və sair. Ermənilərin azərbaycanlıların etdiyini Leyla Yunus azərbaycanlıların üstünə yaxır. Avropa Parlamentindəki toplantıda da ənənəvi bəyanatla çıxış edib”.

Sahib Məmmədov paralel olaraq ABŞ-da çıxan erməni qəzeti və “The Guardian” qəzetində “Monumental itki: Azərbaycan və 21-ci yüzilin ən pis mədəni soyqırımı” adlı iri məqalə yayımlandığına diqqət çəkib: “Məqalədə göstərilir ki, guya Azərbaycanda mindən artıq erməni xaçkarı məhv edilib. Bu yazıda Əkrəm Əylisliyə istinad edirlər. Guya Əkrəm Əylisli hələ 1997-ci ildə prezidentə müraciət edib bu “vəhşi vandalizm”ə son qoymağı tələb edib. Tamamilə yalan danışır. O vaxt parlamentdə deputat idi, hökumətə yaltaqlanırdı. Ermənistanda mədəni abidələrin, dini obyektlərin, yaşayış məntəqələrinin izi-tozu da yoxdur, amma bu barədə bir kəlmə də yazmayıb”.

Hüquq müdafiəçisi hesab edir ki, separatçı satqın Fəxrəddin Abbaszadənin tutulub gətirilməsi Haaqada separatçı qrup, Çexiyada ermənipərəst PİN təşkilatına bağlı olan şəbəkə, Əkrəm Əylislinin, Leyla Yunusun fəallaşmasına səbəb olub: “Əlikram Hümbətov da Ermənistan KİV-lərində Fəxrəddin Abbaszadə ilə bağlı bədnam bəyanatla çıxış elədi, Azərbaycanda Contact.az saytı və “Azadlıq” qəzetinin elektron versiyası Əlikrama yumşaq münasibətlə yayımladı, Hollandiyada yaşayan siyasi mühacir kimi təqdim etdi. Vaxtilə ABŞ-ın Azərbaycanda səfiri olmuş Steynar Gil yazını paylaşıb, Azərbaycanı ittiham edib. Özünü guya Azərbaycanda demokratiyanın dostu kimi tanıdırdı, müxalifətlə isti münasibətləri vardı. Bu hərəkəti ilə əslində göstərdi ki, Azərbaycanı sevmir. Azərbaycan dövlətinə düşməncəsinə status yazan adam necə ola bilər ölkəmizdə demokratiyanın inkişafında maraqlı olsun. Deməli, demokratiyanı yox, hökuməti kəskin tənqid edənləri dəstəkləyir. Onun ən yaxın dostu da hazırda ABŞ-da yaşayan Ramiz Yunusdur. Ramiz Yunusun anası və atasının anası ermənidir. Qardaşı Arif Yunusla birgə mövqeyi bəllidir. Steynar Gil Azərbaycanın 1918-ci ilə qədər dövlətinin olmadığını iddia edir. Əks fikir yazanları dərhal bloklayır, necə demokratdır ki, əks fikrə dözümsüzdür, tolerantlığı sıfırdır. Mən dağıdılmış azərbaycanlı qəbirləri ilə bağlı foto və hesabat yerləşdirdim, Azərbaycan dövlətçiliyi ilə bağlı linklər göndərdim, qəzəblənib məni blok elədi. Erməni lobbisinə xidmət edərək anti-İslam mövqeyini gizlətmir”.

Sahib Məmmədov vurğulayıb ki, ermənipərəst qüvvələrin qarayaxma kampaniyasının fokusunda Azərbaycanın xristianlığa qarşı olduğu əsas götürülüb: “Halbuki Azərbaycan bir nömrəli tolerant ölkələrdəndir, dini konfensiyalararası barışın mərkəzidir. Təəssüf ki, hədyanlar yayırlar, bunun üçün Əkrəm Əylisli, Leyla Yunus, Arif Yunus, Styenar Gil kimi adamlardan istifadə edirlər”.Azadpress.az


bottom of page