Zakir Həsənovun bəyanatı düşməndə vahimə yaradıb


Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun AzTV-yə müsahibəsi ciddi rezonans doğurub. Nazirin aprel döyüşlərini xatırlatması, ordumuzun qüdrətindən bəhs etməsi və Ermənistan müdafiə naziri David Tonoyana verdiyi tutarlı cavab hamının ürəyincə olub. 

Qeyd edək ki, Ermənistanın müdafiə naziri ABŞ-da olarkən “sülh naminə ərazi” formulasının əvəzinə, “yeni ərazilər üçün yeni müharibə” formulasını qəbul etdiyini demişdi. Tonoyanın Azərbaycanı yeni işğalla hədələməsinə reaksiya verən cənab Həsənov öncə xatırladıb ki, hərbçilər söz güləşdirməklə məşğul olmamalıdırlar: “David Tonayan hərbçi deyil. Yəqin onun rəhbərlik etdiyi ordunun imkanlarından xəbəri yoxdur. Azərbaycanın Ordusu da, iqtisadiyyatı da, nüfuzu da günü-gündən güclənir. Ermənistanın müdafiə naziri David Tonayan Amerikaya pul dilənməyə getmişdi. Ondan əvvəlkilər gedəndə deyirdilər ki, bizə pul verin bel alacağıq, xəndək qazacağıq, yoxsa türklər üstümüzə gəlirlər. İndikilər isə belin qiymətindən daha çox pul dilənirlər ki, silah alıb Azərbaycan Ordusuna hücum etməyə cəhd göstərsinlər. Ermənistanın nə iqtisadiyyatı, nə güclü ordusu, nə silahı, nə şəxsi heyəti, nə də ki, digər imkanı var. Ona görə də Ermənistan Azərbaycana hücum edə bilməz. Mən bunu eşidəndə deyirdim ki, nə olardı, Ermənistan ordusu hücuma keçərdi. O, boş-boş danışır və artıq erməni xalqı da onlara inanmır. Bunlar hamısı boş söhbətlərdir. Hücuma keçsəydilər, mən onunla İrəvanda görüşərdim. Lakin onların hücuma keçməyə imkanları yoxdur. Bütün imkanlarını yığsalar, aprelin dörd-beş qatı olacaq. Mən bunu arzulayıram və gözləyirəm”. Z.Həsənov xatırladıb ki, Azərbaycan Ordusunun kiçik bir hissəsi 2016-cı ilin aprelində 3 gündə Ermənistan ordusunu darmadağın etdi: “Dördüncü gün ermənilər bütün gücünü bir istiqamətdə toplayaraq hücüma keçmək istədilər. Orada da bir nəticə əldə edə bilmədilər. Əksinə, məğlubiyyətə uğradılar. Onlarda heç bir güc yox idi. Bu da təbii idi. Çünki istər demoqrafiq, istər iqtisadi, istərsə də hərbi baxımdan Azərbaycanla ayaqlaşa bilmirlər”. Z.Həsənov bildirib ki, Azərbaycan aprel döyüşlərində cəmi bir tank itirib, o da minaya düşüb: “Biz onu bərpa etmişik. Ermənilər isə 33 tank itiriblər. Azərbaycan 1 top itirib. Onların 15 topunu məhv etmişik. Aprel döyüşlərində düşmənin 300-dən çox şəxsi heyəti məhv edilib, 1000-ə yaxın yaralıları oldu. Bizdə olan məlumata görə, onlardan 500-dən çoxu ağır yaralanıb. Bütövlükdə, aprel döyüşləri Ermənistan üçün dağıdıcı oldu”. Müdafiə naziri bu sərt fikirləri məhz Ali Baş Komandan, Prezident İlham Əliyevin “müharibə hələ bitməyib” bəyanatından sonra səsləndirib. Hesab olunur ki, bu, həm də növbəti savaşın anonsudur. Xüsusilə də Azərbaycanın genişmiqyaslı hərbi təlimlər keçirməsindən sonra səslənən bəyanatlar düşmən ölkəni həyəcanlandırıb.

Politoloq Tofiq Abbasov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan müdafiə nazirinin cavabı son dərəcə tutarlı və dərin mənalıdır: “Axı, hamıya bəllidir ki, İrəvan qorxu və təşviş içindədir. Səbəb də məhz Azərbaycan ordusunun real üstünlüyə malik olmasıdır. Bel olan halda İrəvan gücünü diplomatik sahəyə yönəltmək əvəzinə, belə düşük bəyanat üstünlük verib özünü gülünc vəziyyətə salır. Tonoyanın bəyanatından ciddi məntiq çıxarmaq qeyri-mümkündür, əslində belə fikirlər istehzaya layiqdir. Güman edirəm ki, Zakir Həsənov düzgün ifadə ilə erməni nazirə cavab verib”. Qeyd edək ki, bəzi müxalif çevrələr, ayrı-ayrı sosial şəbəkə istifadəçiləri xarici işlər naziri Elmar Məmmədyarovun son açıqlamasına tənqidi yanaşıblar. Hesab olunur ki, D.Tonoyanın təhdidi, Nikol Paşinyanın təxribatçı bəyanat verən nazirini açıq müdafiə etməsi və prezident Armen Sərkisyanın Qarabağa gələrək təmas xəttindən Azərbaycan ərazilərinə iddia etməsinin qarşılığında XİN rəhbərinin səsləndirdiyi mövqe adekvat deyildi. Xatırladaq ki, nazir Brüsseldəki brifinqdə demişdi ki, tərəflər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nifrəti necə azaltmağın yollarını axtara bilər. Politoloq T.Abbasov qeyd etdi ki, Elmar Məmmədyarov da tam əsasla İrəvanı qınayır: “Çünki erməni siyasi elitası ağıl və müdrikliklə hərəkət etsəydi, vəziyyət çoxdan yüngülləşərdi. Erməni diplomatiyasının axsaması problemi dalana dirəndirdi, ona görə də İrəvan daim qondarma manevrlər etməklə konkretlikdən yayınır. Lakin Ermənistan prosesi süni süründürməklə özünə zərər vurur. Belə getsə, onun çıxış yolu tapılmayacaq. Odur ki, Paşinyan gərək öz xarici işlər nazirinə elə tapşırıq versin ki, Moskvada keçiriləcək Məmmədyarov-Mnasakaniyan görüşündə cüzi də olsa, bir nəticə ortaya çıxsın. Erməni diplomatiyasının siyasi zəmində xaos yaratma taktikası prosesi müharibəyə doğru aparır. Bunu görməmək mümkünsüzdür. Yeni hərbi kampaniya isə Ermənistana indiki şəraitdə heç lazım deyil. Çünki yarımhal vəziyyətdə olan ölkə tam çökə bilər. Necə deyərlər, qoy özləri bilsinlər”. Cavid TURAN, “Yeni Müsavat” Azadpress.az 


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.