top of page

"Bu danışıqlardan hansısa nəticə gözləmirəm"


Prezident Aparatının keçmiş işçisi, hazırda Beynəlxalq və Strateji Tədqiqatlar Mərkəzinin direktoru, politoloq Eldar Namazov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Prezident İlham Əliyevin Vyanada Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündən sonra qarşı tərəf ritorikasını dərhal dəyişdi. Bu fonda dünən Moskvada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında baş tutan görüşü necə qiymətləndirirsiniz?

- Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün nəticələri barədə mətbuata geniş açıqlamalar verilməyib. Fikrimcə, hazırda Ermənistan tərəfi danışıqlarla yox, imitasiya ilə məşğuldur. Həm Ermənistan hakimiyyətinin vəziyyətini, həm də Paşinyanın və müdafiə nazirinin son sərsəm bəyanatlarını nəzərə alsaq, bu danışıqlardan hansısa nəticə gözləmirəm.

Erməni tərəfinin son dövrlərdə aqressiv bəyanatlar verməsi onunla bağlıdır ki, mayın ortalarına, yəni Avropa Birliyi ilə Azərbaycan arasında strateji əməkdaşlıq haqqında saziş imzalanana qədər Azərbaycanın hərbi əməliyyatlara başlamayacağını güman edir. Buna görə də, həmin dövrə qədər özlərini sığortalanmış hesab edirlər. Bu səbəbdən Ermənistan auditoriyasına hesablanmış aqressiv və heç bir ciddi əsası olmayan bəyanatlar səsləndirirlər.

- Görüşdə çəkilmiş fotoşəkil sosial şəbəkələrdə müzakirə aparılır. Ermənistan xarici işlər nazirinin qarşısında tünd göy rəngli, qalın qovluq var və Mnatsakanyanın yanında da rusiyalı həmkarı Sergey Lavrov əyləşmişdi. Sizcə, bu qovluqda nə ola bilər? Ümumiyyətlə, diplomatik etiketdə bu, nəyə işarədir?

- Bu, mənə başqa bir şeyi xatırlatdı. Vaxtilə ABŞ-la Rusiya birgə Minsk qrupunun danışıqlarına paralel, vətəndaş cəmiyyətinin nümayəndələrinin danışıqlarını təşkil etmişdilər. Yəni vaxtilə hakimiyyətdə olmuş, o danışıqlarda iştirak etmiş adamları, o cümlədən məni də görüşə dəvət etmişdilər.

Qarşı tərəfdən görüşdə Ermənistanın keçmiş müdafiə naziri, baş naziri var idi. Həmin görüşə bir erməni qalın qovluqla gəlirdi və onun adını “hüquqi papka” qoyurdu. O qovluğun içərisində internetdən toplanmış yüzlərlə erməni uydurmaları yer alırdı. Bütün erməni yalanlarını çap edib, üst-üstə yığıb böyük qovluqla gəzirdi. Hər dəfə torpaqların işğal olunması, BMT Təhlükəsizlik Şurasının qərarları ilə bağlı söhbət düşəndə, yəni ermənilər çətin vəziyyətdə qalanda, tez o qovluğu çıxarırdı, internetdən topladığı müxtəlif yazıları çıxarıb hamıya göstərməyə başlayırdı.

Bununla o, danışıqları pozmağa çalışırdı. Əminəm ki, indi Ermənistanın xarici işlər nazirinin qarşısında olan o qovluqda müxtəlif dövrlərdə çap olunmuş materialları toplayıb ki, vaxtaşırı danışıqları pozmaq, bu mərhələni uzatmaq, mümkün nəticənin qarşısını almaq üçün müxtəlif mövzuları ortaya atsın.

Mən həmin qovluqda hansısa ciddi və ağlabatan sənəd olduğuna inanmıram. Çünki Ermənistan diplomatiyasının tutduğu mövqe, ümumiyyətlə, yalandan və heç bir əsası olmayan uydurmalardan ibarətdir. 2000-ci illərin əvvəllərində Moskvada keçirilən danışıqlarda qovluqla gəzən erməni dığasını mən ələ salanda, həm Rusiyadan, həm də ABŞ-dan olan ekspertlər də gülürdülər və həmin qovluğa işarə edərək deyirdilər ki, yenə də aranı qatmağa gəldi.

İndi Ermənistanın xarici işlər nazirinin hərəkətini yalnız ona bənzədə bilirəm.

- Son zamanlar ermənilərin Dağlıq Qarabağın ətrafındakı yeddi rayonun qaytarılması ilə bağlı razılığa gələcəyi ehtimalları səslənir. Bu ehtimallar nə dərəcədə real görünür?

- Dağlıq Qarabağla bağlı danışıqlarda gərək bizim öz vahid milli strategiyamız olsun və bu, təkcə Dağlıq Qarabağ məsələsini əhatə etməsin. Ümumiyyətlə, Azərbaycanın uzun illərlə ölçülən strategiyası olmalıdır. Bir məqama diqqət yetirin. 1990-cı illərin ikinci yarısında Ermənistan parlamentində həm müxalifət, həm də iqtidar bir araya gələrək, Dağlıq Qarabağ məsələsini müzakirə edib bəyanat qəbul etmişdilər. Həmin bəyanatda müxalifətlə iqtidarın razılaşdırılmış vahid mövqeyi ifadə edilirdi.

Həmin sənəddə üç əsas prinsip göstərilirdi, məhz bu şərtlər çərçivəsində Ermənistan Qarabağ məsələsinin həllinə razılıq verə bilər və bu üç şərt xaricində onlar başqa bir sənəd qəbul etməyəcəklər. Həmin şərtlərdən birincisi Dağlıq Qarabağın rəsmi Bakıya birbaşa tabeçiliyinin olmaması haqda idi. İkinci şərt Dağlıq Qarabağla Ermənistan arasında daimi fəaliyyət göstərən bir dəhlizin olması idi. Üçüncüsü isə Dağlıq Qarabağın təhlükəsizliyinin təminatı idi.

Əslində vaxtilə biz Qarabağ xartiyasının yaranması ilə bağlı təşəbbüs irəli sürdük və altı ildən çox Azərbaycanda fəaliyyət göstərən partiyalar, ictimai təşkilatlar, qurumlar ona imza atdı. Biz Ermənistanın vahid strategiyasına qarşı öz tələblərimizi və şərtlərimizi qoyduq.

Maraqlıdır ki, Minsk qrupunun həmsədrləri ermənilərin həmin üç şərtini nəzərə aldılar. Faktiki olaraq Madrid prinsipləri və mərhələli həll planı da elə həmin üç şərtə cavab verən planlardır. Madrid prinsiplərinə görə, Dağlıq Qarabağ ətrafında işğal olunmuş 7 rayon azad olunur, amma Dağlıq Qarabağa müvəqqəti status verilir.

Müvəqqəti status hələ Qarabağın Bakıya tabeçiliyi deyil. Müvəqqəti statusa görə, ermənilər Azərbaycan hakimiyyətinin təsiri altında olmur və Azərbaycan onlara nəzarət etmir. Sadəcə olaraq, bunun adını müstəqillik qoymurlar və dünyanın heç bir ölkəsi onları müstəqil ölkə kimi tanımır və statusla bağlı danışıqlar davam etdirilir. Yəni Ermənistanın Qarabağın Bakıya tabe olmaması ilə bağlı şərti, artıq Madrid prinsiplərində və Minsk qrupunun yanaşmasında var.

Ermənilərin ikinci şərti Dağlıq Qarabağla Ermənistan arasında açıq yolun fəaliyyət göstərməsi ilə bağlı idi, bu da həmin prinsiplərdə var. Söhbət Laçın dəhlizindən gedir. Nəhayət, onların üçüncü tələbi Qarabağın təhlükəsizliyinə təminat verilməsi də Madrid prinsiplərində yer alıb. Orada həm ATƏT-in mandatı ilə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi nəzərdə tutulub, həm bu sülh prosesinə üç həmsədr ölkə qarant durur, ikitərəfli və çoxtərəfli sazişlər imzalanır ki, təhlükəsizliyə təminat verilsin.

Ermənilərin hər üç tələbi sənəddə öz əksini tapıb. Buna baxmayaraq, ermənilər mövqelərini 180 dərəcə dəyişib, deyirlər ki, Dağlıq Qarabağın müstəqilliyinin tanınmasını tələb edirik və Qarabağın ətrafında işğal olunmuş əraziləri də azad etmək fikrimiz yoxdur. Təsəvvür edirsinizmi sərt tələblər irəli sürürlər, Minsk qrupu onların tələblərini təmin edəndən sonra, onlar öz şərtlərini ikiqat sərtləşdirirlər.

Düşünürəm ki, Azərbaycan artıq bu danışıqlara öz milli strategiyamızla çıxmalıdır. Bu strategiya təkcə Dağlıq Qarabağ məsələsi ilə bağlı olmalı deyil. Məsələn, Azərbaycanın Naxçıvanla birbaşa əlaqəsi olmalıdır. Biz Azərbaycanı Naxçıvana birləşdirən dəhliz məsələsini ortaya qoymalıyıq, eyni zamanda, Zəngəzurun işğal olunmuş hissəsinin Azərbaycana qaytarılmasını tələb etməliyik.

Ermənistan öz qoşunlarını Azərbaycan ərazisindən çıxarmırsa, bizim qoşunlarımız Zəngəzura da, Göyçə mahalına da daxil olaraq, oradan deportasiya olunmuş azərbaycanlıların öz doğma yurd-yuvalarına qaytarıb, orada rahat yaşamasına qarant durmalıdır. Necə ki Yerevan deyir, mənim ordum Dağlıq Qarabağda qarant kimi dayanıb. Əgər belədirsə, onda Ermənistandan deportasiya olunmuş azərbaycanlıların da qarantı bizim ordumuz olmalıdır.

Azərbaycan ordusu şərait yaratmalıdır ki, Zəngəzurdan, Göyçədən olan əhali geri qayıtsın. Azərbaycan diplomatiyası indi nə gözləmə, nə də müdafiə mövqeyində olmalıdır. Ermənilərin həyasızlığının layiqli cavabı verilməlidir. Düşünürəm nə qədər ki, diplomatiyamız müdafiə mövqeyində dayanıb, biz istədiyimiz nəticələri əldə edə bilməyəcəyik.

- Ermənistanla Rusiya arasında olan gərginlik fonunda Türkiyə-Rusiya tərəfdaşlığı Suriyadan sonra üzünü Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəldə bilərmi?

- Bu, çox böyük geopolitik projedir. Bayaq qeyd etdiyimiz kimi bizim milli strategiyamız lazımdır və bu strategiyada təkcə Qarabağ yox, Zəngəzur, Göyçə mahalı və başqa məsələlər də qoyulmalıdır, o cümlədən siz dediyiniz məsələ, Türkiyə-Rusiya arasında olan strateji tərəfdaşlığının gətirəcəyi nəticələr, bütün Avrasiya məkanında geopolitik vəziyyəti dəyişə biləcək prosesdir.

Böyük bir Avrasiya bölgəsində 300 milyondan artıq insan yaşayır, Türkiyədən, Ukrayna və Belarusdan tutmuş Çin sərhədlərinə qədər yaşayan xalqların 50 faizdən çoxu türk xalqlarıdır. Sayca ikinci slavyan xalqlarıdır. Avrasiya məkanında geopolitik durum slavyan-türk münasibətlərdən asılıdır. Vaxt var idi ki, Avrasiya məkanına türklər hegemonluq edirdilər. Rus knyazları türk xanlarından knyazlığa razılıq alırdılar. Hətta məşhur Aleksandr Nevskiy də gəlib türklərdən knyazlığa razılıq almışdı.

Sonra dövran dəyişdi, böyük bir rus dövləti yarandı və ruslar hegemonluq etməyə başladılar. Sonra yenə dövran dəyişdi və xəritədə yeni türk dövlətləri öz müstəqilliyini bərpa etdilər. İndi yeni bir dövr başlayır və yeni bir balans yaranır. Rusların hərbi gücü çoxdur, ancaq türk xalqlarının da iqtisadi, demoqrafik və digər potensialları ruslardan üstündür. Ona görə də, gələcəkdə bu, Türkiyə-Rusiya münasibətləri kontekstindən türk-slavyan xalqları kontekstinə keçəcək və bu münasibətlərdən asılı olaraq, bütün Avrasiya məkanında geopolitik vəziyyət müəyyənləşəcək.

Nəzərə almaq lazımdır ki, Avrasiya məkanı dünya geopolitikasının mərkəzidir. Kim Avrasiya məkanına hegemonluq və nəzarət edirsə, burada söz sahibdirsə, o, dünya siyasətində də söz sahibidir.Azadpress.az


bottom of page