Xələf Xələfov Laşa Darsaliyanın fikirlərinə münasibət bildirib. Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov KİV-in sualını cavablandırıb. Sual: Gürcüstanın Xarici İşlər nazirinin müavini Laşa Darsaliya Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Komissiyaların son iclasında müzakirə olunan məsələləri şərh edərkən, deyib: "Komissiyanın iclasında biz status-kvonun hər hansı şəkildə dəyişilməsi barədə təsəvvürün meydana gəlməsinə xidmət edən addımların atılmaması vacibliyi məsələsini qaldırdıq". Bu barədə nə deyə bilərsiniz? Cavab: Beynəlxalq hüquqa əsasən, SSRİ-nin süqutundan sonra Azərbaycan Respublikası və Gürcüstan avtomatik olaraq aralarında mövcud olan əvvəlki inzibati sərhədlərin varisi olublar. Sonradan bu sərhədlər dövlət sərhədləri oldu və iki ölkənin sərhəd xidmətlərinin nəzarəti altına keçdi. "Keşikçidağ" hissəsində sərhəd həmişə olub və o, Azərbaycan və Gürcüstan sərhəd xidmətləri tərəfindən qorunurdu və qorunmaqda davam etdirilir. Gürcüstanlı zəvvarların “Keşikçidağ” qoruğunun ərazisində yerləşən mağaralara keçidləri, gürcü tərəfinin xahişinə və qarşılıqlı razılaşmaya əsasən, Azərbaycan sərhədçilərinin nəzarəti altında gerçəkləşirdi. Belə vəziyyət bu gün də davam edir. Öz ərazisində bəzi təsərrüfat və ya digər işlərin həyata keçirilməsinə gəldikdə isə, bu hər bir tərəfin suveren hüququdur.Azadpress.az