top of page

İsrail Azərbaycandan yeni məhsul alacaq


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalı daha bir qeyri-ənənəvi Azərbaycan məhsulunun xarici bazarlara ixracını təşkil edib. Musavat.com Mərkəzə istinadən xəbər verir ki, Azexport portalının dəvəti ilə İsrailin ən böyük biyan və ekstraktı idxalçısı, həmçinin bu sahədə dünya üzrə ilk onluqda yerləşən “F&C Licorice Group” şirkətinin nümayəndələri Bakıda səfərdə olub. Qonaqların İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Azərbaycandan biyan ixrac edən şirkət nümayəndələri ilə görüşü təşkil olunub. Azexport portalının meneceri Ayxan Qədəşov bildirib ki, görüşdə Azərbaycandan növbəti mövsüm illik müqavilə üzrə 2.5-3 min ton yüksək keyfiyyətli biyan məhsulunun İsrailə ixrac olunması haqqında ilkin razılıq əldə olunub. Həmçinin İsrail nümayəndələrinə gələcəkdə birgə əməkdaşlıq çərçivəsində Azərbaycanda biyan qəbulu və emalı məntəqələrinin yaradılması üçün təkliflər təqdim olunub. Qeyd edək ki, Azərbaycanda bir il ərzində oxratoksin A göstəricisi 20-dən aşağı olan 6-7 min ton qurudulmuş və preslənmiş yüksək keyfiyyətli biyan məhsulu əldə olunur. Əldə olunan məhsul əsasən Çin, Sinqapur, Hindistan, İsrail, İran kimi ölkələrə ixrac olunmaqla yanaşı, daxili tələbatın ödənilməsi məqsədi ilə də istifadə olunur. Azexport portalı sadalanan texniki və keyfiyyət göstəricilərinə uyğun gələn biyan kökü məhsulunun ixracında maraqlı olan sahibkarlara müraciət edərək bildirir ki, portal vasitəsi ilə “F&C Licorice Group” və digər aidiyyəti beynəlxalq şirkətlərin əlaqə vasitələrini əldə edə bilərlər.Azadpress.az  


bottom of page