Azərbayanlı alim Gürcüstan hökumətini məhkəməyə verəcək


Əslən Dmanisi rayonu Gəyliyən kəndindən olan tarixçi-alim, antropoloq, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri Kərəm Məmmədov Gürcüstana buraxılmayıb.

24News.ge xəbər verir ki, bu barədə jurnalistlərə tarixçi özü məlumat verib. Alim bir neçə gün öncə ailəsi ilə birlikdə doğulduğu kəndə getmək istəsə də, gürcüstan sərhədçiləri ona “arzuolunmaz şəxs” elan olunması ilə bağlı məlumat verdiyini söyləyib:

“İlk dəfə 2017-ci ildə Gürcüstana girişim məhdudlaşdırılmışdı. O zaman mənə “arzuolunmaz şəxs” elan edilməyimlə bağlı heç bir sənəd təqdim edilməmişdi. Bu ilin mart ayında anam rəhmətə gedəndə, daha sonra isə aprel ayında Gürcüstana getmişəm.

İyulun 23-də Gürcüstana sonuncu səfərimdə “arzuolunmaz şəxs” elan edilməyimlə bağlı məlumat verdilər. Bununla bağlı mənə təqdim olunan sənəddə 7 bənd var. 6 bənddə konkret olaraq Gürcüstan ərazisində separatçılıqla məşğul olmaq və s. qadağalar barədə məlumat verilib. Həmin bəndlərin qarşısında heç bir işarə qoyulmayıb. Yəni qeyd olunan 6 bəndə görə şübhəli sayılmıram, lakin sonuncu bənd “digər səbəblər” işarələnib. “Digər səbəblər”in nə olması ilə bağlı isə heç bir məlumat verilməyib. Araşdırıb dəqiqliklə öyrənəcəyəm. Heç bir əsaslı səbəb olmadan mənim Gürcüstana girişimə qadağa qoyulub”.

Tarixçi məsələ ilə bağlı hələlik heç bir yerə müraciət etmədiyini bildirib:

“Şübhəsiz ki, bu hadisə ilə əlaqədar olaraq beynəlxalq instansiyalara müraciət edəcəyəm. Avropa İnsan Haqları Məhkəməsinə, lazım olsa, BMT-yə qədər gedib çıxacağam. Ermənilərin Cavaxetiyada açıq-aşkar separatçılıqla məşğul olan təşkilatı belə var. Nə üçün onlara heç bir məhdudiyyət qoyulmur, amma azərbaycanlı alimə qadağa qoyulur?”

K.Məmmədov bu hadisənin səhhətinə pis təsir etdiyini və hazırda ürək çatışmazlığı ilə bağlı müalicə aldığını söyləyib.Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.