
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizmi” fənninin xarici və ölkə universitetlərində tədrisi layihəsi uğurla davam edir. Hazırda sözügedən layihə çərçivəsində respublikamızın 40, dünyanın 17 aparıcı universitetində “Azərbaycan multikulturalizmi” fənni uğurla tədris edilir.
Yaponiyanın sayılıb-seçilən və ən güclü 5 universitetindən biri olan Hokkaydo Universitetində Azərbaycanın multikulturalizm modeli ilə bağlı müntəzəm dərslər keçirilir. Dərslər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Hokkaydo Universiteti Slavyan Avrasiya Araşdırmalar Mərkəzinin cari ilin may ayında əldə edilib razılaşması əsasında baş tutub. Fənni Hokkaydo Universitetində konfliktologiya elmləri üzrə PHD təhsili alan yaponşünas alim, Yaponiya hökümətinin dövlət təqaüdçüsü Əlibəy Məmmədov tədris edir.
Azərbaycan multikulturalizm dərsləri üçün qeydiyyatdan keçən yaponiyalı tələbələr arasında gələcəkdə Azərbaycanda təhsil almaq, bu ölkədə iş qurmaq və eyni zamanda, Yaponiya universitetlərində Azərbaycanla bağlı dərs demək istəyən və bu məqsədlə Azərbaycanın mədəniyyəti, tarixi, ədəbiyyatı və multikultural durumu ilə bağlı biliklərə yiyələnmək istəyənlər çoxluq təşkil edir. Seçilən tələbələr Azərbaycanda qış və yay məktəblərində iştirak üçün şans qazanmış olacaqlar. Bu da öz növbəsində tələbələrə stimul verən amillərdən biridir.
Prezident İlham Əliyevin “Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq” təşəbbüsünün öz real həllini tapması məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin apardığı ardıcıl və məqsədyönlü işin nəticəsində xaricdə “Azərbaycan multikulturalizmi” fənlərinin tədrisi daha geniş coğrafiyanı əhatə etməkdədir.Azadpress.az
