Milli qəhrəmanı təhqir edən tələbə küçə süpürəcək


Xətai rayon Məhkəməsində Milli Qəhrəman Mübariz İbrahimovun anası Şamama İbrahimovanın psixologiya fakultəsinin tələbəsi Nərmin Şahmarzadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı qərar verib.

Azadpress.az xəbər verir ki, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Qərara əsasən Nərmin Şahmarzadə 400 saat islah işləri cəzası alıb.

Qeyd edək ki, N.Şahmarzadə ötən il dekabrın 5-də yazdığı statusdan bir neçə gün sonra facebook profilində canlı yayımda Milli Qəhrəmanın ailə üzvlərindən üzr istədiyini dilə gətirib, bəzi saytların onun statusunu təhrif etdiyini deyib. Məhkəmə Milli Qəhrəmanın anasının şikayətini icraata götürüb.

Azərbaycan Silahlı Qüvvələrinin giziri Mübariz İbrahimov 2010-cu il iyunun 18-də cəbhənin Tərtər rayonu Çaylı kəndi istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək həlak olub.


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.