Azərbaycanda 2000-ci illərin ortalarından etibarən iri vəzifəlillərin bir-biri ilə quda olması adi hal almışdı. Son zamanlar hökumətdə yüksək post tutan bir sıra şəxslərin "vurulması" ilə xeyli məmur-quda da işsiz qalmış oldu.
Qaynarinfo bu yazıda həmin mövzunu araşdırıb.
Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin qızı ilə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu evlidir. Hazırda Hacıyev həbsdə, Mahmudov isə vəzifəsizdir.
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov isə kənd təsərrüfatı naziri Heydər Əsədovun qızı Fəridə ilə evlidir. İndi Z.Məmmədov işsiz olsa da, H.Əsədov karyerasındakı son yüksək vəzifələrlə (Hesablama Palatasının sədri, kənd təsərrüfatı naziri) müqayisədə daha aşağı post tutur. O, Azərbaycan Dövlət Dəniz Akademiyasının rektorudur.
Sabiq Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovla "Azərenerji” ASC-nin keçmiş sədri Etibar Pirverdiyevlə qudadır. Belə ki, sabiq nazirin oğlu Eldar Abbasov Pirverdiyevin qızı Dünya Pirverdi ilə evlidir. Abbasov pedaqoji fəaliyyətlə məşğuldur, Pirverdiyev isə ümumiyyətlə işsizdir.
Ötən il vəzifəsindən çıxarılan baş nazirin müavini, yazıçı Elçin Əfəndiyev sabiq eks-spiker Rəsul Quliyev qohum-qudadırlar. Hazırda onların hər ikisi vəzifəsizdir.
2007-ci ildə keçmiş vergilər naziri Fazil Məmmədovun qızının toyu olub. Nazir öz müavini Namiq Əliyevlə quda olub. Hazırda F.Məmmədov vəzifəsizdir, Vergilər Nazirliyi İqtisadiyyat Nazirliyinə birləşdikdən sonra N.Əliyev də müavin postunu itirməli olub.
Milli Məclisin spikeri Oqtay Əsədov Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevlə qudadır.
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmovun qızı Günel Rüstəmova ilə "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadə evlidir.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Milli Məclisin deputatı Qalib Salahzadə ilə qudadır.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin qızını gəlin gətirib. Elçin Quliyevin digər qudası isə bu yaxınlarda vəzifədən təqaüdə göndərilən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovdur. Xidmət rəisinin qızı sabiq vitse-premyerin nəvəsi ilə ailə həyatı qurub. Onların qudalığı qalsa da, Ə.Həsənov artıq vəzifə sahibi olmadığından məmur-quda sayılmırlar...
Azadpress.az nazirlərin yüksək vəzifə daşıyan qohumları ilə bağlı araşdırmanı azxeber.com-a istinadən təqdim edir:
Gənclər və İdman naziri Azad Rəhimovun qudası və oğlu yüksək vəzifə daşıyır. Nazirin qudası Niyazi Bayramov Gəncə şəhər İcra Hakimiyyətinin başçısıdır. Bu təyinata qədər Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı və Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin rəisi vəzifələrində işləyib.
Nazirin oğlu Arif Rəhimov 2014-cü ilin yanvarında yaradılmış “Baku Grand Prix” şirkətinin rəhbəridir. Bu şirkət Bakıda keçirilən dünyada avtomobil idmanının ən bahalı növlərindən birinin – “Formula-1”in “Qran Pri” yarışının təşkilatçısıdır.
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun atası və oğlu yüksək vəzifə daşıyır. Nazirin atası Fəttah Heydərov Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatıdır. Buna qədər Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri, Culfa rayon İcra Hakimiyyətinin başçısı olub.
Nazirin oğlu Tale Heydərov Azərbaycan Avropa Cəmiyyətinin sədridir. İddialara görə, onun rəhbəri olduğu və lobbiçilik fəaliyyəti ilə məşğul olan qurum fəaliyyətini dayandırıb, ancaq bu barədə rəsmi açıqlama verilməyib.
Təhsil naziri Ceyhun Bayramovun qardaşı yüksək vəzifədədir. Azər Bayramov Maliyyə nazirinin müavinidir. Eyni zamanda Büdcə gəlirlərinin proqnozlaşdırılması üzrə komissiyanın sədridir. Buna qədər Maliyyə Nazirliyinin Vergi Siyasəti və Gəlirlər Baş İdarəsinin rəisi işləyib.
Səhiyyə naziri Oqtay Şirəliyevin oğlu önəmli vəzifə tutur. Murad Şirəliyev Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədr müavinidir. 2000-ci ildən bank sektorunda olan M.Şirəliyev bundan öncə “Kapital Bank”ın İdarə Heyətinin sədr müavini olub.
Kənd Təsərrüfatı naziri İnam Kərimovun qardaşı yüksək vəzifədə çalışır. Mətin Kərimli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavinidir. “Harvard” Universitetinin məzunu olan M.Kərimli bundan öncə Vergilər Nazirliyinin Beynəlxalq münasibətlər idarəsinin rəisi vəzifəsində çalışıb.
Energetika naziri Pərviz Şahbazovun atası yüksək vəzifədədir. Oqtay Şahbazov uzun illərdir Prezident Adminstrasiyasında yüksək vəzifə tutur. Hazırda Azərbaycan Respublikası Prezidentinin İşlər müdiridir. 1-ci dərəcə Dövlət müşaviri, “Əməkdar dövlət qulluqçusu” fəxri adı və “Şöhrət” ordeni ilə təltif edilib.Azadpress.az