"Avto-utilizasiya proqramı ictimai müzakirəyə çıxarılmalıdır"-Ekspert


"Hazırda istismar olunan 1 milyon 402 mindən artıq nəqliyyat vasitəsindən 35%-nin istehsal tarixi 10 ildən, 23%-nin istehsal tarixi 20 ildən, daha 19,1%-nin istehsal tarixi isə 30 ildən yuxarıdır".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev deyib.

Nazir bildirib ki, 2016-cı illə müqayisədə 2018-ci ildə avtomobil idxalı 5 dəfədən çox artıb: "Avtomobil parkının köhnəlməsi intensiv şəkildə gedir".

Babayev qeyd edib ki, nəqliyyat sektorundan atmosferə zərərli təsirlərin azaldılması üçün ölkənin avtomobil parkının yenilənməsi, habelə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsini təşviq edən müxtəlif vergi, gömrük güzəştləri, subsidiyaların tətbiq edilməsi səmərəli ola bilər. O əlavə edib ki, ölkədə ekoloji vəziyyəti yaxşılaşdırmaq, eləcə də yerli avtomobil istehsalını stimullaşdırmaq məqsədilə köhnəlmiş, texniki təhlükəsizlik baxımından və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin dövriyyədən çıxarılması məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən nəqliyyat vasitələrinin utilizasiyası proqramı hazırlanır.

Utilizasiya proqramına nə zaman başlanıla bilər?

İNəqliyyat eksperti Eldəniz Cəfər Sputnik Azərbaycan-a bildirib ki, utilizasiya proqramının layihəsi hazır olduqan sonra ictimaiyyətlə məsləhətləşmələr aparılmalıdır. Çünki utilizasiya birtərəfli həyata keçirilməməlidir. Burada bütün tərəflərin fikri nəzərə alınmalıdır. İstehsalçıların, distribüter şirkətlərin, vətəndaşların fikrinə önəm verilməlidir: "Proqram reallaşdırılan zaman ilk növbədə alıcıların fikrinə önəm vermək lazımdır. Proqram könüllü surətdə həyata keçirilməlidir. Avtomobillərin könüllü şəkildə utilizasiyaya verilməsi stimulaşdırılmalıdır.

Azərbaycanda avtokreditləşmənin faizləri olduqca yüksəkdir. Bu faizlər azaldılmalıdır. Faizlər azaldılmasa, utilizasiya proqramının effekti olmayacaq. İlkin olaraq, 40 faiz ödəmə və illik 16 faiz məsələsi aradan qaldırılmalıdır. İlkin ödəniş olaraq vətəndaş, yeni avtomobil alarkən avtomobilin ümumi məbləğinin 20 faizini, illik isə 9-10 faiz ödəməlidir. Əgər bu şərtlə olarsa, vətəndaşlar da utilizasiya proqramına qoşulacaqlar və Azərbaycanın avtomobil parkı yenilənə biləcək".

Ekspert qeyd edib ki, utilizasiya proqramının əsas məqsədi yol hərəkəti təhlükəsizliyini qorumaq və ekoloji vəziyyəti yaxşılaşdırmaqdır.

Onun sözlərinə görə, utilizasiya proqramına çoxdan ehtiyac var. Çünki Azərbaycanda minik və yük avtomobilləri, avtobusların böyük əksəriyyətinin istismar müddəti başa çatıb. Əsasən də söhbət köhnə sovet avtomobillərindən gedir. Onların istismar müddəti çoxdan başa çatıb.

"Vətəndaşlar üçün müəyyən şərait yaradılmasa, yenə də avtomobilə ehtiyacı olan fiziki və ya hüquqi şəxslər müxtəlif yollarla istismar müddəti keçmiş avtomobillərdən istifadə etmək yollarını axtaracaqlar. Bu halların baş verməməsi üçün vətəndaşlara kompensasiya, vauçer və eyni zamanda yeni avtomobillər alarkən onlara kifayət qədər yüksək endirimlər edilməlidir. Və banklar tərəfindən həmin şəxslərə güzəştlər edilməlidir. Banklar avtomobilini könüllü olaraq utilizasiyaya verən şəxslərə avtokreditləşmənin faizini ucuz verməlidir", - deyə ekspert bildirib.

O əlavə edib ki, utilizasiya proqramı 2020-ci ildən həyata keçirilə bilər: "Hesab edirəm ki, ilkin mərhələdə bu bir illik pilot layihə kimi aparıla bilər. Hələ proqramın layihəsi müəyyən edilməyib, müzakirələr aparılır".

İradə Cəlilova, Sputnik Azərbaycan

Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.