"Gələn ildən məhkəmə sistemində Mediasiya tətbiq ediləcək"


Azərbaycanda təxminən 6 aydan sonra iqtisadi və ailədaxili mübahisələri məhkəmələrdən əvvəl mediatorlar həll edəcək.

İndiyə kimi Azərbaycanda mediasiya təcrübəsi tətbiq olunmayıb və bu, Azərbaycanın məhkəmə-hüquq sistemində yenilikdir. Azadpress.az-ın mediasiya haqqında suallarını hüquqşünas Zaur Seyidzadə cavablandırıb.

Zaur bəy,Mediasiya haqqında qanun nə zamandan tətbiq ediləcək?

Azərbaycanda 2019-cu il martın 29-da Mediasiya haqqında qanun qəbul edildi, məcburi məhkəmə mediasiyasına dair müddəalar isə 2020-ci ilin iyulun 1-dən qüvvəyə minəcək.

Mediasiyanın tətbiqi belədir: qanun qəbul olunandan sonra ailə və məişət məsələlərində məhkəməyə müraciət etdikdə onlardan mediator qəbulunda olub-olmamaları soruşulacaq. Tərəflərə mediasiya institutuna müraciət etmək təklif ediləcək.Mediasiya prosesində həllinə nail olunmamış problemlərə məhkəmə baxacaq.İki tərəf razılığa gəlsələr məhkəməyə ehtiyac qalmayacaq.

Vəkillə mediatorun fərqi nədirʔ

Mediator – mediasiya prosesi zamanı tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı qanunla müəyyən olunan prosesi həyata keçirməli olan şəxsdir.Vəkil ilə mediatorun arasında ən böyük fərq, mediatorun müstəqilliyi və neytrallığıdır. Mediator heç bir tərəfi təmsil etmir. Mediasiya sessiyalarında heç kim uduzmur. Çünki əldə edilən barışıq sazişinin özü prosesin hər tərəfin məmnunluğu ilə nəticələndiyinin göstəricisidir.

Mediasiya haqqında qanuna görə bu xidmət pulludur, ancaq mediator və ya mediasiya təşkilatı öz razılığı ilə mediasiyanı ödənişsiz əsaslarla da həyata keçirə bilər.Mediasiya zamanı tərəflər mediatorun (vasitəçinin) köməyi ilə həm özlərinin, həm də qarşı tərəfin mövqeyini yenidən qiymətləndirmək imkanı əldə edirlər. Bu zaman tərəflər qarşı tərəfin sübutları və hüquqi əsasları ilə tanış olur, məhkəmə prosesinin gedişatı və nəticəsi barədə daha aydın mənzərə qazanırlar.

Mediator ona gələn şikayət tərəflərini hansı üsullarla razılığa gətirəcək ?

Mediatorlar yekun qərarı verəcək səlahiyyətə malik deyillər. Bütün səlahiyyətlər tərəflərin üzərindədir. Onlar istədikləri zaman mübahisələr həll edilə və ya nəticəsiz qala bilər.

Mediasiya sessiyaları vasitəsilə tərəflər öz mübahisələrini sülh yolu ilə həll edərək, öz peşəkar və ya şəxsi münasibətlərini qoruya bilərlər. Bu isə ailə və ya biznes münasibətlərində yarana biləcək gərginliyin aradan qalxmasında böyük rol oynayacaq.

Başqa ölkələrin təcrübəsində mediasiya necə tətbiq olunurʔ

Dünyada bütün məsələlər üzrə mediasiya prosesi tətbiq olunsa da Azərbaycanda qanun bu məsələlərə məhdudiyyət tətbiq edir.

Qanuna görə, mülki işlər, iqtisadi mübahisələr, ailə münasibətləri, əmək və inzibati hüquq üzrə mübahisələrdə mediasiya tətbiq olunacaq.Mediasiya əksər məhkəmə proseslərindən fərqli olaraq, konfidensialdır. Bu isə tərəflər barədə həssas məlumatları qorumaqla yanaşı, tərəflərin arasındakı mübahisənin mövcudluğunu gizli saxlayır və tərəflərin öz işgüzar münasibətlərini davam etdirməklərinə şərait yaradır.

Mediasiya vətəndaşlara səmərəli olacaqmı?

Məndə olan məlumata görə,ötən dövrdə ailə institutunun inkişafına və nikah münasibətlərinin möhkəmlənməsinə dəstək verilməsi, nikahın pozulması hallarının mümkün qədər qarşısının alınması məqsədilə mediasiya xidmətinin göstərilməsinə dair vətəndaş cəmiyyəti institutları ilə birgə layihələr həyata keçirilib. Bakı şəhərinin rayon və “ASAN xidmət" mərkəzlərindəki qeydiyyat şöbələrində bu xidmətlərə müraciət edənlərdən 1900-dən çox şəxs psixoloqla söhbətə cəlb olunub və onlardan 300-ə yaxın ailə nikahın pozulmasından imtina edib.Demək ki,səmərəlidir.

Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.