Zelenski Bakıya niyə gəlir?


Ukrayna Prezidenti Vladimir Zelenskinin Cənubi Qafqaz ölkələri içərisində birinci növbədə Azərbaycanı seçməsinin bir neçə səbəbi var.

Axar.az xəbər verir ki, bunu analitik Elxan Şahinoğlu Zelenskinin bu gün Bakya səfərə gəlməsi ilə bağlı danışarkən deyib. O bildirib ki, birinci səbəb Ukraynanın iqtisadi-ticarət mübadiləsində Azərbaycanın həm Gürcüstanı, həm də Ermənistanı üstələməsidir:

“Azərbaycanın iki qonşusundan fərqli olaraq, Ukraynada yatırımları var, Kiyevdə Dövlət Neft Şirkətinin fəaliyyətindən, yanacaqdoldurma məntəqələrindən və servisindən ağız dolusu danışırlar. Buna baxmayaraq, rəsmi Kiyev Azərbaycanın Ukraynaya daha çox yatırım qoymasını istəyir. İki il əvvəl Ukraynanın iqtisadiyyat nazirinin müavini ilə görüşmüşdüm. O, Azərbaycanın Ukraynanın neft terminallarının və dəniz limanlarının özəlləşdirilməsində iştirakını arzuladıqlarını bildirmişdi. Ukrayna Azərbaycan üçün münbit bazardır. Ona görə də dost dövlətə yatırımları artıra bilərik. Ukraynanın Qara dənizdəki limanlarından gəlir etmək mümkündür. Zelenski azərbaycanlı həmkarı ilə iki ölkə arasında ticarət mübadiləsinin artırılması və investisiyalar mövzusunu müzakirə edəcək”.

Ekspert Zelenskinin Azərbaycanı seçməsinin ikinci səbəbinin Ukrayna və Azərbaycanın oxşar dərdi ilə əlaqəli olduğunu söyləyib:

“Donbas probleminin Dağlıq Qarabağ problemindən köklü fərqi yoxdur. Donbasdakı separatizmin tarixi Dağlıq Qarabağın separatizm tarixindən uzun olmasa da, Ukrayna, Rusiya, Fransa və Almaniya liderlərinin son Paris görüşü göstərdi ki, Donbasda sülh əldə etmək çətin olacaq. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyi kimi, Ukrayna da birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Kiyev mütəmadi olaraq erməni separatçılarının Dağlıq Qarabağda keçirdikləri “seçkiləri” pisləyən bəyanatlar yayır, rəsmi Bakı da Krımda və ya Donbasda keçirilən “seçkiləri” tanımadığını açıqlayır. Ukrayna XİN son açıqlamalarında Ermənistanın mövqeyini tənqid edən bəyanatlar da yayıb. Çünki BMT-də keçirilən səsvermələrdə Ermənistan Krımı Ukrayna ərazisi kimi göstərən qətnamələrin əleyhinə səs verir. Vladimir Zelenski Prezident İlham Əliyevlə görüşdə separatizmlə mübarizə məsələsinə də toxunacaq, iki ölkənin ərazi bütövlüyünün təminatı məsələsi bir daha vurğulanacaq”.

Analitik üçüncü səbəbin Azərbaycandakı Ukrayna icması ilə bağlı olduğunu nəzərə çatdırıb:

“Zelenski ukraynalıların Bakıdakı icması ilə də görüşəcək. Azərbaycanda yaşayan ukraynalıların sayı Ukraynada yaşayan azərbaycanlıların sayından xeyli azdır. Buna baxmayaraq, Bakıda və Sumqayıtda yaşayan ukraynalılar Azərbaycan vətəndaşları kimi iki ölkə arasında əlaqələrin inkişafına çalışırlar. Krım ilhaq olunanda ukraynalıların icmasında çat yaşandı, kiçik qrup Rusiyanın mövqeyini dəstəklədi. Belə olan halda Ukraynanın Azərbaycandakı keçmiş səfiri Mişenko qollarını çırmalayaraq Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qrupun güclənməsində xüsusi rol oynadı, ölkələrinin parçalanmasını dəstəkləyənlər isə icmadan uzaqlaşdırıldı. Hazırda icma aktiv şəkildə fəaliyyət göstərir. Zelenski icma ilə görüşüb, onların arzu və istəklərini dinləyəcək”.Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.