
Bakıda sürüşmə zonaları yenidən aktivləşib. Yanvarın 9-da Badamdar ərazisində baş verən sürüşmə nəticəsində ərazidən keçən avtomobil yolu tamamilə bağlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb ki, həmin ərazidə aktivlik davam edir.
Lakin Badamdar tək deyil, digər ərazilərdə də vəziyyət ürəkaçan deyil. Məlumat üçün bildirək ki, Coğrafiya İnstitutunun mütəxəssislərinin apardıqları tədqiqatlara əsasən Bakının bir neçə əsas sürüşmə ocaqları müəyyənləşib.
Əhmədli şosesi, Zığ şosesi, Binəqədi, Bayıl, Badamdar, Masazır gölünün ətrafında - ümumilikdə təxminən 20 yerdə böyük sürüşmə sahəsi var. Həmin sürüşmə sahələrində 150 mindən çox əhali məskunlaşıb. Bu ərazilərdə sürüşmə sahələri geniş yayılıb və həmin ərazilər sürüşmə baxımından təhlükəli hesab edilir. Mütəxəssislərin sözlərinə görə, son 20-25 ildə Bayıl yamacında sürüşmə sahəsi daha da artıb.
Sürüşməyə təbii amillərlə yanaşı su, kanalizasiya borularının köhnəlməsi və həmin ərazilərdə çoxsaylı iritonnajlı maşınların hərəkəti səbəb olur.Azadpress.az