Bir neçə gün öncə “Azercell” ötən ilin hesabatını açıqlayıb. Şirkət bəlkə də ilk dəfə olaraq açıqladığı hesabatda gəlirləri gizlədib.
Axar.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz qeyd edib. O bildirib ki, hesabatda əhəmiyyət kəsb etməyən məsələlər daha çox qeyd edilib:
“Azercell”in tam hesabatı hələlik sayta yerləşdirilməyib. Açıqladığı məlumatlarda isə gəlirlər və xərclərlə bağlı statistikanı nə qədər axtarsam da, rəqəmlərə rast gəlmədim. “Azercell”in açıqladığı bu məlumatda sadəcə görülmüş işlərə, tədbirlərə və ictimai əhəmiyyət kəsb etməyən bir xeyli statistikaya yer ayrılıb. Düzdür, ötən müddət ərzində “Azercell” bir sıra yeniliklərlə bağlı açıqlamalar verib, rebrendiq edib, yeni hədəflər müəyyən edib və s. Bununla belə şirkətin builki hesabatından cəmiyyətin yalnız bir gözləntisi vardı: Görəsən dövlət şirkətinə çevriləndən sonra “Azercell”də vəziyyət necə dəyişib? Gəlirlər və xərclər necə olub? Mənfəət olubmu? İdarəetmədə situasiya necə olub?”
Forum rəhbəri aidiyyəti qurumların dövlət büdcəsindən yarım milyarda yaxın vəsait ayrılan “Azercell”ə ciddi nəzarət etməsinin lazım olduğunu bildirib:
“Cəmiyyəti NRYTN-nin “Azercell”i “sağlamlaşdıra” bilib-bilməməsi ilə bağlı məsələlər narahat edir. İnternet xidmətlərinin qiymətlərini artırmasından belə qənaətə gəlmək olar ki, qurumun investisiya imkanları elə də güclü deyil. Düşünürdüm ki, dövlət şirkətinə çevriləndən sonra “Azercell” daha geniş, daha əhatəli hesabat verəcək. Çünki “Azercell”in sağlamlaşdırılandan, investisiya imkanları güclənəndən sonra yenidən özəlləşdirilməyə çıxarılacağı gözlənilir. Odur ki, bu dövlət şirkəti şəffaflığa, hesabatlılığa daha ciddi önəm verməliydi. Təəssüf ki, hələlik gözləntilər özünü doğrultmayıb. 2018-ci ilin martında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “AzInTelecom” MMC “Azercell”in səhmlərinin 51.3%-ni satın alıb. Və bundan sonra “Azercell” dövlət şirkətlərinin reyestrinə daxil edilib. “Azercell”i satın almaq üçün Maliyyə Nazirliyi büdcədən təxminən 450 milyon manat vəsait ayırıb. Fikrimcə, aidiyyəti dövlət qurumları, büdcədən təxminən yarım milyard manat dövlət vəsaiti yatırılan şirkətə ciddi nəzarət etməli, ictimai nəzarət imkanları yaratmalı, idarəetməsini şəffaf qurmalı, şirkətin gələcəkdə özəlləşdirilməyə çıxarılmasına diqqəti artırmalıdır. Cəmiyyət zamanında Azərbaycanda innovasiyaların və texnologiyaların inkişafında, İT kadrların formalaşmasında müstəsna rol oynayan, gözəl ənənələri olan bu qurumun yenidən dirçəlməsini, ölkənin innovasiya ekosistemində özünəməxsus yer tutmasını gözləyir”.Azadpress.az