
“Herba Flora” tibb mərkəzinin baş həkimi, fitoterapevt, ixtisasca infeksionist olan Füzuli Hüseynov Musavat.com-un suallarını cavablandırarkən virusa qarşı immuniteti gücləndirəcək qidaları sadalayıb.
- İmmunitetimizi artırmaq üçün nə etməliyik?
- Şəxsən mən özüm təbii üsullarla müalicə edirəm. Çalışmaq lazımdır əsasən təbii üsullara müraciət edilsin. Eyni zamanda, qidalanma da bu məsələdə önəm daşıyır. İlk öncə qidalardan söz açım, əsasən tərkibində C vitamini olan qidalara üstünlük vermək lazımdır. Çünki vitamin C birbaşa olaraq özü antioksidantdır və eyni zamanda, immun sisteminin yüksəlməsi ilə bağlı birbaşa orqanizmə təsir edir. Önəmli olan bitkilərdən biri itburnudur. Onun tərkibində vitamin C var. Vitamin C deyəndə ilk öncə yada limon, portağal düşür. Halbuki itburnuda olan C vitamini limon bitkisindəkindən 20 dəfə çoxdur. Axşamdan 2 xörək qaşığı itburnunu termosda dəmləmək olar. Və yaxud ən sadə yol, itburnu əvvəlcə üyüdülür, 2-3 xörək qaşığı götürülərək 3 stəkan suda dəmlənir. Üyüdüldükdən sonra itburnunu dəmləmək daha asandır, yəni gözləməyə ehtiyac yoxdur.
Bəziləri düşünür ki, bitkilər dəmləndikdən sonra isti suyun təsirindən tərkibindəki vitaminlər ölür. Amma bu fikir doğru deyil. İtburnu üyüdülüb, dəmləndikdə tərkibindəki vitaminlərin 80-85 faizi dözümlülük nümayiş etdirir. Bu dözümlülülk 20-25 dəqiqə davam edir. Bir qədər sonra temperatur 80 dərəcəyə enir və bu zaman onun tərkibindəki C vitamini parçalanmır və bu vitamin insan orqanizminə güclü təsir göstərir. Həmçinin kök, balqabaq şirəsi çox əhəmiyyətlidir. Gün ərzində bu şirələrdən 2-3 stəkan istifadə etmək olar. Daha sonra çaytikanın meyvəsinin şirəsi var. Ümumiyyətlə çaytikanında Mendeleyevin cədvəli qədər elementlər var. Beləliklə, çaytikanın meyvəsi yığılır, ətçəkən maşından keçirilir, bal şərbəti ilə qarışdırılıb, içilir. Bu başdan-başa minerallar zəngin olan şirədir. Quşarmudu meyvəsi də çox böyük əhəmiyyətə malikdir. Onun da meyvəsi üyüdülüb, bal şərbəti ilə qarışdırılıb, istifadə olunur. Quşarmudunun da tərkibində bütün vitaminlər, elementlər var.
- El arasında zoğal mürəbbəsinin də qripə, koronavirusa qarşı əhəmiyyətli olduğu deyilir.
- Həm zoğal, həm də moruq mürəbbəsi də orqanizm üçün çox faydalıdır.
- Ümumiyyətlə, dünyada koronavirus aşkar edildiyi andan soğan və sarımsağın, hətta alkoqolun, çoxlu miqdarda su qəbul edilməsinin faydalı olduğu deyilir. Siz necə düşünürsüz?
- İlk öncə qeyd edim ki, alkoqol qəbul etməklə virusdan yan qaçmaq boş fikirlərdir. Alkoqol, siqaretin özü immuniteti aşağı salır. Koronavirus insanın ağciyərində fəallaşa bilir. Ona görə də gün ərzində çoxlu miqdarda su qəbul etmək çox faydalıdır. Həmçinin sarımsaq və soğan çox faydalıdır. Sarımsağın özünün otaqda olması ətrafdakı virusları öldürür, çünki çox güclü bakteriya öldürücü təsiri var. Soğana gəldikdə, el arasında bəzən qrip olan şəxsin burnuna soğan suyu sıxılır ki, bu da çox faydalıdır.
- Bəzən deyirlər ki, sarımsaqdan çox istifadə immuniteti aşağı salır.
- Sarımsaq immuniteti artıran qidalardan biridir. Lakin çalışmaq lazımdır ki, lazımi qaydada qəbul edilsin. Çünki tərkibində kükürdlü birləşmələr var və ondan çox qəbul etdikdə mədədə qastrit əmələ gələ bilir. İstifadə etdikdə isə çalışmaq lazımdır ki, ağızda çox çeynənilsin, iri şəkildə mədəyə ötürülməsin.
- Sonuncu sualım, hazırda Azərbaycanda koronovirusla bağlı vəziyyəti necə dəyərləndirirsiniz?
- Dünya ilə müqayisə edəndə deyə bilərəm ki, bu virus Azərbaycanda da çox da aşkarlanmayıb. Cəmi bir ölüm halı qeydə olunub, o hadisədə də xəstə sətəlcəmin ağır formasından dünyasını dəyişib. Əlbəttə ki, ajiotaja ehtiyac yoxdur. Özümüzü kütləvi tədbirlərdən, məkanlardan qoruyaq, antioksidantlı vasitələrdən istifadə edək.Azadpress.az