Bu il dünyanın bir sıra ölkələrində, o cümlədən ABŞ-də prezident seçkiləri keçiriləcək. Məlum olduğu kimi, orada prezidentliyə iddialı olan iki əsas şəxs respublikaçı Donald Tramp və demokrat Cozef Baydendir.
Hər iki tərəfin kifayət qədər tərəfdarı olsa da, hazırkı dövlət başçısı Baydenin reytinqinin getdikcə azaldığı görünür. Onun xarici siyasətdəki bəzi uğursuzluqları, habelə radikal addımları mövcud iqtidara qarşı narazılıqları artırır. Əlbəttə, Baydenin reytinqinin azalmasında onun yaşının, tez-tez yıxılmasının, çıxışları zamanı çaşmasının, unutqanlığının da müəyyən rolu var.
“Reuters” və “Ipsos”un birgə keçirdiyi sosioloji sorğunun nəticələrinə əsasən, respublikaçıların 49 faizi Trampın yenidən ABŞ prezidentliyinə namizədliyini müdafiə edib. Respondentlərin 12 faizi ABŞ-nin BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heylinin, 11 faizi Florida qubernatoru Ron Desantisin, 4 faizi iş adamı Vivek Ramasvaminin, daha 4 faizi isə Nyu-Cersinin keçmiş qubernatoru Kris Kristinin Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd kimi irəli sürülməsini dəstəkləyib. Sorğu iştirakçılarının 22%-i digər siyasətçiləri dəstəkləyib və ya cavab verməyib.
azırda Trampla Bayden arasında kəskin mübarizə gedir. Hər iki siyasətçi fürsət tapan kimi bir-birini ittiham edir. Böyük "şahmat taxtası"nda baş verənlər də, sözsüz ki, prezident seçkilərinin nəticəsinə birbaşa təsir edəcək. Xüsusilə, Şərqi Avropa və Yaxın Şərqdəki proseslərin gedişi ABŞ-də prezident seçkilərinin nəticəsində həlledici faktor ola bilər. Əgər ABŞ-dəkı prezident seçkilərinə kimi Ukrayna təşəbbüsü ələ alsa və İsrail HƏMAS-la "Hizbullah" üzərində ciddi üstünlük əldə etsə, onda Baydenin şansı daha çox olacaq. Kiyevin geri çəkilməsi, eləcə də Təl-Əvivin məqsədlərinə çatmadan əməliyyatları dayandırması isə, əksinə, Trampın əlini gücləndirə bilər.
Hazırda hər iki siyasətçinin şansı aşağı-yuxarı eynidir. Bu mənada, qarşıdakı aylar hər iki tərəf üçün əhəmiyyətlidir. Doğrudur, ABŞ-də daxili və xarici siyasəti müəyyənləşdirən “dərin dövlət” var. Hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, konkret “qırmızı cizgilərdən” kənara çıxarılacağı ağlabatan görünmür. Amma Tramp hakimiyyətə gələrsə, ABŞ-nin xarici siyasətində müəyyən dəyişikliklərin olacağı da qaçılmazdır. Məlum olduğu kimi, Trampın hakimiyyəti dövründə Vaşinqtonla Moskva arasında münasibətlər daha loyal idi.
Xatırlatmaq yerinə düşər ki, Tramp Baydendən fərqli olaraq radikal addımlarda maraqlı olan siyasətçi deyil. O deyib ki, hakimiyyətə gəlsə, Ukraynadakı müharibəni bir günə bitirə bilər. Əlbəttə, bunun özü hər şeydən əvvəl manipulyasiya cəhdidir. Tramp xal yığmaq istəyir, ancaq nəzərə almaq lazımdır ki, onun Rusiya lideri Vladimir Putinlə münasibətləri yaxşıdır. O, Ukraynaya dəstəyi birdəfəlik dayandırmaqla müharibəni bitirə bilər.
İkincisi, Tramp hakimiyyətə gələrsə, Türkiyə ilə münasibətlərdə də müəyyən yumşalmalar ola bilər. Vaşinqton əvvəlkitək müxtəlif regionlarda Ankaranın “ayağına dolaşmayacaq”.
ABŞ-nin Cənubi Qafqazla bağlı siyasətində isə ciddi dəyişikliyin olacağı inandırıcı deyil.
Məlum olduğu kimi, Azərbaycana silah satışını qadağan edən 907-ci düzəliş Demokratların dövründə qəbul olunmuşdu. Tramp bunu ləğv edəcəkmi? İnandırıcı görünmür. Çünki 907-ci il düzəliş vaxtilə Trampın hakimiyyəti dövründə də qüvvədə idi. Hərçənd, bu məsələ daha rəsmi Bakı üçün o qədər də əhəmiyyətli deyil. Nəzərə almaq lazımdır ki, Azərbaycan sözügedən məhdudiyyət qüvvədə ola-ola Qarabağı müharibə yolu ilə işğaldan azad etdi.
Bundan başqa, Respublikaçılar hakimiyyətə gələrsə, ABŞ-nin NATO-dan çıxmaq məsələsi gündəmə gələ bilər. Respublikaçıların irəliyə sürdüyü namizədlərdən biri Vivek Ramasvami daha əvvəl bunun anonsunu vermişdi. O bildirmişdi ki, əks halda, ABŞ ilə Rusiya arasında birbaşa toqquşma yarana bilər.
ABŞ-nin Çinlə mövcud gərginliyi də yəqin ki, olduğu kimi davam edəcək. Çünki hər iki dövlət supergüc olmaq iddiasındadır. Hakimiyyətə kimin gəldiyindən asılı olmayaraq "iki qoçun başının bir qazanda qaynayacağı" inandırıcı görünmür.
Beləliklə, dediyimiz kimi, hər iki siyasətçinin şansı təxminən bərabərdir. Amma tamamilə sürpriz adın, məsələn respublikaçı Vivek Ramasvaminin hakimiyyətə gəlməsi istisna deyil.Çünki ABŞ tarixində belə hallar olub.
Müasir ABŞ tarixində Respublikaçılarla Demokratların adətən bir-birilərini əvəz etdiklərini düşünsək, bu dəfə Respublikaçıların hakimiyyətə gəlmələri mümkündür. Bütün hallarda ölkədəki prezident seçkilərinin nəticəsi qlobal proseslərə təsirsiz ötüşməyəcək.
コメント