top of page

ABŞ və Rusiyanın "minalı xəritə" rəqabəti



Azərbaycan dövləti daha bir uğurlu manevr etməyi bacardı. İşğaldan azad olunmuş ərazilərdə böyük quruculuq prosesi qarşısındakı növbəti əngəli də dəf etdi. Və bundan sonra bölgəyə qayıdış layihəsinin daha da sürətlənəcəyi qətiyyən şübhə doğurmur.

Məsələ ondadır ki, Azərbaycan Ermənistandan Ağdamın ardınca daha iki rayonda - Füzuli və Zəngilanda minalanmış zonaların xəritələrini aldı. Həmin xəritələr 92 min tank və piyada əleyhinə mina barədə məlumatı əhatə edir. Əvəzindəsə, humanizm davranışı nümayiş etdirərək, 15 erməni diversantı Ermənistana təhvil verdi.

Bu önəmli əməliyyat bir neçə maraqlı məqamı da ortaya çıxartmış oldu. Belə ki, artıq rəsmi İrəvan anlayır ki, nüfuzlu beynəlxalq qurumlara və nəhəng dövlətlərə şikayət etmək, hətta yalvarmaq tamamilə mənasızdır. Çünki rəsmi Bakı həmin beynəlxalq qurumların və dövlətlərin heç vaxt növbətçi bəyanatdan uzağa getməyəcək reaksiyasına əhəmiyyət belə, vermir. Və Azərbaycanın maraqları təmin edilməyən heç bir kənar fəaliyyətə imkan tanımır.


Deməli, rəsmi İrəvan erməni diversantları geri istəyirsə, ilk növbədə Azərbaycanın tələb-şərtlərini yerinə yetirməlidir. Minalanmış ərazilərin bütün xəritələrini Azərbaycana təqdim etməlidir. Üstəlik, unutmamalıdır ki, rəsmi Bakı "nə qədər xəritə, o qədər erməni diversant" prinsipinə üstünlük verir. Əks halda, hər hansı xarici təzyiq qarşısında belə, erməni diversantlar Ermənistana qaytarılmaz.

Digər tərəfdən, o da aydın oldu ki, rəsmi Bakı konkret plan və proqram əsasında hərəkət edir. Bunu bir neçə gün öncə Azərbaycan məhkəməsi tərəfindən erməni diversantlara verilən həbs cəzaları da təsdiqləyir. Yəni, hüquqi-siyasi prosedurların ardıcıllığına olduqca həssas yanaşılır.

Halbuki, bəzi sosial şəbəkə istifadəçiləri Azərbaycan məhkəmələrini erməni diversantlara yüngül cəzalar təyin etməkdə suçlayırdılar. İndi yəqin ki, hər kəs öz suallarına arqumentli cavablar tapa bilib. Hər halda, 6 ay həbs cəzası verilmiş erməni diversantların minalanmış zonaların xəritələrinə dəyişdirilməsi tənqid edilən məhkəmə qərarlarına haqq qazandırır. Çünki, erməni diversantlar Azərbaycanda həm cəzalandırıldılar, həm də təyin edilmiş hüquqi cəzalarını son gününə qədər çəkmiş oldular.

Əslində, erməni diversantlar üzərində ardıcıl məhkəmə prosesləri müəyyən mənada, Ermənistan üzərində təzyiq effekti də yaradır. Hər halda, rəsmi İrəvan erməni diversantların törətdiyi cinayətlərin ağırlıq dərəcəsini anlamamış deyil. Əgər, onlara daha ağır cəzalar verilərsə, geri qaytarılmasının da çətinləşəcəyini çox gözəl bilir.

Ona görə də, Paşinyan hakimiyyəti rəsmi Bakının tələb-şərtlırini yerinə yetirmək baxımından, maksimum səviyyədə tələsmək məcburiyyətində qalır. Məhkəmə prosesinin sona çatmasından öncə qərar verməli olduğundan, "siyasi bazarlıq" imkanlarından da məhrum olur. Yəni, sosial şəbəkələrdə tənqid həvəskarlarının arqumentlərinin qərəzli və tələskən olduğu da təsdiqləndi.

Eyni zamanda, rəsmi Bakının 15 erməni diversantı mina xəritələrinin qarşılığında Ermənistana təhvil verməsi Azərbaycanın beynəlxalq imicinə də müsbət dividentlər əlavə etməkdədir. Bu olaya verilən ilk reaksiyalar da bunu təsdiqləyir. Belə ki, bir sıra nüfuzlu beynəlxalq qurumlar, o cümlədən, Avropa Birliyi və Avropa Şurası rəsmi Bakının bu addımını humanizm kimi dəyərləndirir. Üstəlik, minalanmış ərazilərin xəritələrinin Azərbaycan vətəndaşlarının həyatını xilas edəcəyini qeyd edirlər, bundan məmnun olduqlarını vurğulayırlar.

Yəni, Ermənistanın cinayətkar taktikası dolayısı ilə etiraf edilir. Beynəlxalq qurumlara daim şikayət edib, yalvaran rəsmi İrəvanın "maskası" da yırtılmış olur. Və bu, yaxın gələcəkdə Ermənistanın beynəlxalq arenada ifşa olunması baxımından, böyük əhəmiyyət daşıyır.

Onu da qeyd edək ki, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza bu məsələyə olduqca maraqlı şərh verməklə, Azərbaycanın haqlı mövqeyinə dəstək olub. Onun fikrincə, minalanmış zonaların xəritələrini saxlanılan şəxslərlə (erməni diversantlar) dəyişdirilməsi praqmatik, müsbət və vacib prosesdir: "Ümid edirəm ki, bu proses davam etdiriləcək və bütün minalanmış zonaların xəritələri təhvil veriləcək. Bu, Ermənistanda pozitiv siyasi dinamikanın yaranmasına da təsir edə bilər. Və son nəticədə Ermənistanın həm Azərbaycanla, həm də Türkiyə ilə nəqliyyat-kommunikasiya, iqtisadi əlaqələrini bərpa edərək, regional iqtisadi proseslərə inteqrasiyasına geniş imkanlar açar".

Göründüyü kimi, beynəlxalq mütəxəssislər də rəsmi İrəvana konstruktiv və praqmatik siyasi qərarların qəbulunu məsləhət görürlər. Ancaq rəsmi İrəvanın bu məsləhətlərə nə qədər və ya hansı sürətlə uyacağı hələlik mübahisəli məsələdir. Və bu, Ermənistanı inkişaf perspektivlərindən uzaqda saxlayan əsas problemlərdəndir.

Nəhayət, mina xəritələrinin erməni diversantlara dəyişdirilməsi prosesində elə beynəlxalq siyasi iradə mərkəzləri arasında qeyri-rəsmi rəqabətin olduğu da müşahidə edilir. Əslində, ziddiyyətlərə yol açmadıqca bu, olduqca önəmli faktordur. Çünki, beynəlxalq siyasi iradə mərkəzləri arasındakı rəqabət müəyyən mənada, regionda olan problemlərin həllini nisbətən sürətləndirə də bilər. Və Azərbaycanın maraqlarına tamamilə cavab verir.

Xatırladaq ki, bu məsələdə ilk cəhd Rusiya tərəfindən edilmişdi. Ancaq həmin cəhd uğursuz olduğunda rus general Rustam Mahmudovun təyyarəsi Ermənistana erməni diversantlar olmadan enmişdi. Və bu rəsmi İrəvanla Kreml arasında siyasi qalmaqal yaratmaqla yanaşı, Rusiyanın Ermənistandakı nüfuzunu da zədələmişdi.

İkinci cəhd ABŞ tərəfindən olunmuşdu. Dövlət Departamentinin təmsilçisi Filip Rikerin regiona səfəri nəticəsində Ağdamın mina xəritələri 15 erməni diversantı ilə dəyişdirilmişdi. Həmin prosesdə Avropa Birliyi və Gürcüstan da vasitəçi statusunda iştirak etmişdi.

Nəticədə ABŞ və Qərb Ermənistan ictimai rəyində həm Rusiyadan bir addım önə çıxa bilmişdi. Həm də Ermənistanda seçki öncəsi Paşinyan hakimiyyətinin siyasi mövqelərini nisbətən gücləndirməyə nail olmuşdu.

Bu dəfə isə proses yalnız Rusiyanın birbaşa vasitəçiliyi ilə reallaşmış oldu. Kreml bu uğurlu manevr ilə bir tərəfdən öz generalı R.Muradovun imicini nisbətən reabilitasiya etmiş oldu. Digər tərəfdən isə regionda problemlərin həlli baxımından, hələ də ciddi təsirə malik olduğunu təsdiqlədi. Və bu, Kreml tərəfindən regionda maraqları olan Qərb siyasi dairələrinə verilmiş ciddi mesaj da hesab oluna bilər.

Ancaq Rusiyanın Ermənistanda zədələnmiş nüfuzunun tam bərpa edildiyini iddia etmək bir qədər çətindir. Çünki, Ermənistan cəmiyyəti Türkiyə-Rusiya münasibətləri və KTMT-dan verilən "bizə arxayın olmayın, sərhədləri demarkasiya edin" mesajına görə Kremldən narazıdır. Və böyük ehtimalla Rusiya hələ uzun müddət Ermənistan ictimai rəyində Qərbə uduzmaq reallığı ilə barışmalı olacaq.

Bu, indiki halda, Ermənistanda ən çox Paşinyan hakimiyyətinə sərfəlidir. İndi Paşinyan hakimiyyəti eyni vaxtda həm Rusiya, həm də ABŞ və Qərb ilə anlaşa bildiyini təbliğ etmək şansı qazanıb. Bununla yanaşı, Rusiyanın Ermənistanda nüfuzunun qənaətbəxş olmamasından gələcək planları baxımdan, yararlana bilər.

Bununla belə, Rusiyanın vasitəçilik uğuru dividentsiz də deyil. Birincisi, Azərbaycan bundan olduqca məmnundur və rəsmi Bakının Kreml ilə anlaşma imkanları genişlənir. Çünki rəsmi Bakı əldə etdiyi hər mina xəritəsi ilə bölgədə quruculuq prosesini daha da sürətləndirmək şansı qazanır.

Digər tərəfdən, indi Rusiya minalı xəritələrin Ermənistandan alınmasında daha da israrlı davranmaq məcburiyyətində qala bilər. Hər halda, Kreml regionda öz nüfuzunu və mövqelərini möhkəmləndirməkdə maraqlıdır. ABŞ və Qərbin regional proseslərdə önə keçməsini əngəlləmək baxımından, Kreml bundan sonra analoji anlaşmalara vasitəçiliyin öz nəzarətində qalmasına çalışacaq. Və minalı xəritələrin qondarma olmadığına da məhz Rusiya təminat verməli olacaq.

Göründüyü kimi, Cənubi Qafqazda Rusiya ABŞ və Qərb ilə vasitəçilik rəqabəti aparır. İndiki situasiyada bu rəqabət regional proseslərin uğurlu nəticələr verməsi baxımından, faydalıdır. Ona görə də, Azərbaycanın bu rəqabətdən öz maraqları çərçivəsində faydalana biləcəyi istisna deyil.

Elçin XALİDBƏYLİ, Siyasi ekspert,

bottom of page