Azərbaycanda iqtisadiyyatında bahalaşma dalğavari xarakter daşıyır və strateji əhəmiyyətli bir xidmət və ya malın bahalaşması bərabərində digər önəmli istiqamətlərdə də qiymət artımını gətirmiş olur. Bu əsasən də dövlətin təbii inhisarında olan sahələrlə bağlıdır. Məlumdur ki, Azərbaycanda bu ilin 4 yanvar tarixində Tarif Şurasının qərarı ilə Aİ-92 benzini və dizel bahalaşdı. İyunun 1-də isə Aİ-95 markalı benzinin qiyməti qalxdı, 1.25 manatdan 1.40-a yüksəldi. Hökumət isə Aİ-95 benzinin bahalaşmasını dünya bazarında neftin qiymətinin artması ilə əlaqələndirdi və vurğuladı ki, dizel və Aİ-92-dən fərqli olaraq, xaricdən idxal olunan bu benzin növünün qiyməti Tarif Şurası tərəfindən tənzimlənmir. Tarif Şurasının yerli istehsal olan yanacağın qiymətini tənzimləməkdə məqsədi daxili bazarı xarici təsirlərdən qorumaqdır. Lakin artıq ictimai rəydə dizel və Aİ-92-nin qiyməti də “üzməyə” başlayacağı ilə bağlı fikir yaranıb. Bu baş verərsə, hazırda bazarlarda gedən bahalaşma daha da sürətlənə bilər.
Məsələ ilə bağlı SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov da açıqlama verib. O vurğulayıb ki, bu yanacaq növləri Azərbaycanda istehsal edildiyindən onların qiymətinin artması və ya dəyişməsi birbaşa olaraq dünya bazarlarından asılı deyil. İbrahim Əhmədov qeyd edib ki, bəzi ölkələrdə dövlət qiymətləri müəyyən çərçivədə “üzməyə” buraxır və bazarın təsirlərinə qarşı açıq qoyur, bəzi ölkələrdə isə Azərbaycanda olduğu kimi, qiymətlər dövlətin müvafiq tənzimləyici qurumları tərəfindən müəyyən edilir: “Buna görə də ölkə daxilində Aİ-92 markalı benzinin və dizel yanacağının qiymətinin dövlət tərəfindən hansı səviyyədə müəyyən edilməsi ilə bağlı hər hansı açıqlamanın verilməsində SOCAR bir şirkət olaraq səlahiyyətli deyildir".
SOCAR-ın açıqlamasından aydın olan budur ki, belə bir qərarın məsuliyyəti Tarif Şurasının üzərinə düşür. Bəs Tarif Şurasının qərarı olacaqmı? Hökumət onu da unutmamalıdır ki, bu yanacaq növlərinin bahalaşması isə birbaşa bazara təsir edir. O halda bahalaşma qaçılmazdır. Vətəndaşları narahat edən isə odur ki, Azərbaycan neftinin qiymətinin 70 dolları ötdüyü bir vaxtda belə bir qərar mümkündürmü və hökumət bu addıma gedə bilərmi?
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı alim, sabiq maliyyə naziri Fikrət Yusifov da vurğuladı ki, Aİ-92 markalı benzinin və dizel yanacağının bahalaşması gözlənilmir, çünki sonuncu artım 5 ay öncə baş verib: “Aİ-95 markalı benzin bahalı xarici avtomobillərdə istifadə olunur, onu adətən imkanlı insanlar istifadə edir və bu cür qiymət artımı onların büdcəsinə çox da təsir etmir. Kütləvi şəkildə istifadə olunan yanacaq isə Aİ-92 markalı benzin və dizeldir. Onların bahalaşması digər sahələrdə də qiymət artımına səbəb olacaq. Bu baxımdan hesab etmirəm ki, bu yanacaq növlərində qiymət artımına gedilə bilər. Dünya bazarında neftin qiyməti 72 dollara yaxınlaşır, Azərbaycan nefti isə ”Brent" markalı neftdən 1 dollar baha satılır. Deməli, neftimizin qiyməti 73 dollara yaxındır. Belə olan halda benzinin qiymətinin qaldırılmasında heç bir məntiq yoxdur. SOCAR-da bu qiymətlərin əsaslı şəkildə endirilməsi üçün ehtiyatları var".
Yerli istehsal olan yanacağın maya dəyərində neftin qiyməti mühüm rol oynayır. Bu mənada neftin dünya bazarında daha da bahalaşacağını ifadə edən proqnozları da nəzərdə saxlamaqda fayda var.
İqtisadçı alim, deputat Vüqar Bayramov neftin qiyməti ilə bağlı proqnozların 80 dolların üzərində olduğunu qeyd edib: “Neftin qiyməti 70 dollarlıq psixoloji həddi keçib. OPEC+ ölkələrinin hasilatı gözləndiyindən daha az artırması və qlobal tələbin çoxalması neftin qiymətini yüksəldib. Qlobal vaksinasiyanın genişlənəcəyi halda neftə tələbin daha da artacağı gözlənilir. Neftin qiymətinin yüksəlməsi enerji ixrac edən ölkələrin, o cümlədən Azərbaycanın valyuta gəlirlərini artıracaq. Ölkəmizin ümumi ixracatının 85 faizinin enerji məhsullarının təşkil etdiyini nəzərə aldıqda neftin hər barelində qiymət artımları ölkəmiz üçün əlavə valyuta gətirir. Enerji ixracatımızdan daxilolmaların artması qeyri-neft sektoruna və xüsusən də infrastruktur layihələrinə daha çox vəsaitin ayrılması baxımından da təqdirəlayiqdir”.
Neftin bahalaşması dövlət büdcəsinə valyuta daxilolmalarını artırdığı üçün həm də hökumətə rahat hərəkət imkanı yaradacaq. Azərbaycanda bahalaşma adətən iqtisadi böhran dövrlərində olduğundan gəlirlərin artımı əlavə bir nəfəslik rolu oynaya bilər və bahalaşma dalğası müəyyən qədər səngiyər.
Digər tərəfdən, bu il inflyasiya ilə bağlı rəqəmlərin yüksək olması, hətta bəzi müstəqil ekspertlərin ikirəqəmli inflyasiya ilə bağlı proqnozları da hökuməti kütləvi istifadə olunan yanacaq növləri ilə bağlı artım qərarı verməkdən çəkindirər.
Comments