“Alban məbədləri, yoxsa xristian türk babalarımızın kilsələri?


“Xristian türklərin tikdiyi kilsələr “əbədi və daimi məbəd” anlamında olan qədim “bəngü” sözü ilə «vəng» adlanır: “Qoşa-vəng”, “Xuda-vəng”, “Dədə-vəng”, “Qıpçaq-vəng” və s....”

“İrəvanın yaxınlığında “Qıpçaq-vəng”, Göycə gölü yaxınında “Qoşa-vəng” və s. Albaniyadan kənardakı məbədlər də qıpçaq və başqa türk boylarının idi...”

44 günlük müzəffər savaşımızdan sonra Qarabağdakı, Kəlbəcərdəki, Laçındakı və s. xristian məbədlərinin “erməni kilsələri” deyil, “alban kilsələri” olması haqda təbliğat geniş vüsət aldı. Bildiyimiz kimi, Azərbaycanın digər bölgələrində - Şəkidə, Qaxda, Zaqatalada və s. “alban məbədləri” adlanan abidələr mövcuddur. Bəs həmin məbədləri belə adlandırmaq doğrudurmu? Bununla onların yerləşdiyi bölgələrimizdə türk babalarımızın qədimdən yaşaması faktını şübhə altına alaraq hayların və digərlərinin əlinə də kozır vermirik ki? Bir yandan da deyirik ki, Qarabağda, elə Qərbi Azərbaycanda da yaşayan ermənilərin xeyli hissəsi orta əsrlərdə Qriqoryan kilsəsinin təsiri altında haylaşmış qədim türk boylarıdır. Bəs o yurdlarda, o cümlədən Kəlbəcərdə, Laçında, Ağdərədə, Hadrutda, Xocavənddə yaşamış və İslamdan öncə xristian olmuş türk babalarımız hansı kilsələrdə ibadət edib? Görəsən, “alban” deyilən tayfaların elə türk tayfaları olması haqda deyilənlər doğrudurmu?

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən tanınmış türkoloq alim, professor Firudin Cəlilovun araşdırmalarından belə nəticəyə gəlmək olur ki, albanlar türk tayfaları olub, odur ki, “alban kilsəsi”, “alban məbədi” yerinə elə “türk kilsəsi”, “türk məbədi” ifadələrini də işlətmək olar...

“Yalnız adını çəkdiyiniz Quzey Azərbaycan bölgələrində deyil, daha geniş çoğrafiyanı əhatə edən ərazilərdə müxtəlif xristian türklərin tikdiyi kilsələr “əbədi və daimi məbəd” anlamında olan qədim “bəngü” sözü ilə «vəng» adlanır: “Qoşa-vəng”, “Xuda-vəng”, “Dədə-vəng”, “Qıpçaq-vəng” və sairə. Bu vənglərdə türkcə oxunan duaların yüzlərlə əlyazması qalmışdır və bu, elmə bəllidir, çoxu da çap olunub” – deyən türkoloq hesab edir ki, hazırda “Ermənistan” adlanan Qərbi Azərbaycan ərazisində də kifayət qədər türk xristian kilsələri olub.

“Alban türk boyunun qurduğu dövlət Alban adlanırdı, orada yaşayan xalqların çoxuna da alban deyilirdi. Azərbaycanlı adı kimi. Alban ərazisindən kənarda da türk xristian kilsələri vardı, Döğu Anadoluda, Güney Azərbaycanda və sairə. İrəvanın yaxınlığında “Qıpçaq-vəng”, Göycə gölü yaxınında “Qoşa-vəng” və s. Albaniyadan kənardakı məbədlər də qıpçaq və başqa türk boylarının idi...” – deyə professor vurğulayıb.

Azadpress.az