top of page

"Avropaya gedən Azərbaycan qazı Gürcüstanı beynəlxalq oyunçuya çevirib"


“Şahdəniz” yatağından Avropa Birliyinə təbii qazın tədarükünə başlanılması enerji təhlükəsizliyi sahəsində irəliyə atılmış böyük addımdır”. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxariya bildirib. Onun sözlərinə görə, Cənub Qaz Dəhlizinin əsas məqsədi həmçinin ümumi Avropa bazarında rəqabətin gücləndirilməsidir: “Bu dəhliz Azərbaycanın “Şahdəniz” yatağından Gürcüstan vasitəsilə Türkiyə və Avropa Birliyinə, Yunanıstan və Albaniyaya qaz çatdıracaq”. Baş nazir qeyd edib ki, əlavə qaz müqaviləsi 2026-cı ilədək qüvvədə olacaq və Gürcüstan sənədə əsasən hər il 500 milyon kub metrədək qaz əldə edəcək: “Cənub Qaz Dəhlizinin inkişaf etdirilməsi siyasi əhəmiyyəti də kəsb edir. Əgər indiyədək Gürcüstan yalnız regional əhəmiyyətli qaz tranziti ölkəsi idisə, Azərbaycan qazının Türkiyəyə, Rusiya qazının isə Ermənistana çatdırılmasını həyata keçirirdisə, artıq indi ölkə beynəlxalq miqyaslı oyunçuya çevrilib. Bundan sonra ölkə ərazisi vasitəsilə nəql olunan qaz beynəlxalq, əsasən də Avropa Birliyinin energetika bazarlarının diversifikasiyasında və tədarüklərin təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayacaq”. Azadpress.az


bottom of page