top of page

Avtobuslarda kondisioner mübahisəsi davam edir


“Cəhənnəm marşrutları”ndakı vəziyyət yenə gündəmə gəlib...

Havalar isindikcə Bakının marşrut avtobuslarında havalandırma sisteminin olmaması və ya onların işlək vəziyyətdə olmaması məsələsi yenidən gündəmə gəlib. Sərnişinlər avtobus sürücülərindən, sürücülər isə sərnişinlərdən şikayət edirlər. Vəziyyət ciddiləşəndə isə sürücülər avtobusu dayandırır, sürməkdən imtina edirlər. Bununla da mübahisə münaqişə formasında davam edir...

Koronavirus pandemiyasının ölkədə yayılması və rəqəmlərin günbəgün artması müvafiq qurumları hərəkətə keçirib. Ekspertlər bildirirlər ki, yoluxma daha çox insanların sıx olduqları yerlərdə baş verir və buna görə də əhalidən xahiş edilir ki, maskadan istifadə edib, sosial məsafəni gözləsinlər. Lakin insanların ən çox bir-birilərinə yaxın məsafədə durmağa məcbur olduqları ictimai nəqliyyatda hələ ki proses doğru formada tənzimlənmir. Yeni qərarlar ictimaiyyətdə qəbul edilmir, narazılıq yaradır.

Məsələn, iyunun 10-da Bakı Nəqliyyat Agentliyi məlumat yaydı ki, COVID-19 infeksiyasının yayılma riskini nəzərə alaraq ictimai nəqliyyatda, ictimai iaşə obyektlərində sərinləndirmə sistemlərinin işə salınmasına məhdudiyyət qoyulub. Hesab edilir ki, kondisionerlər havanı içəridə dövr etdirirlər və içəridə viruslu xəstə varsa, bu zaman hər kəsin koronavirusa yoluxma riski artır.

Lakin pəncərəsi çox az açılan iri avtobuslarda havalandırma sisteminin işə salınmaması sərnişinlər tərəfindən ciddi narazılıqla qarşılandı. İyunun 11-də Bakı Nəqliyyat Agentliyi tərəfindən məlumat yayıldı ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi bölməsi TƏBİB-lə aparılan müzakirələrin nəticəsi olaraq avtobuslarda sərinləndirmə sistemlərinin işə salınmasına qərar verilib.

“Yeni Müsavat”ın əməkdaşı olaraq avtobus dayanacaqlarında olub, ümumi vəziyyətlə maraqlanıb, sərnişinlərin şikayətlərini dinlədik.

Müşahidə etdik ki, sərnişinlər dayanacaqlarda yenə də maska taxmırlar. Kiçik kölgəlik əraziyə yığışaraq Günəşin şüasından qorunub, virusun təhlükəsini unudan insanlar bir-biriləri ilə əl görüşür, söhbət edirdilər. Həm də şikayətlənirdilər. Əksər sərnişinlərin şikayətləri avtobusların xəttə az buraxılması ilə bağlıdır. Sərnişinlər bildirdilər ki, metronun işləmədiyi müddətdə xəttə buraxılan ekspress avtobuslar yenə də fəaliyyətlərinə davam edirlər: “Onlara çox az adam minir. Demək olar ki, hər kəs metrodan istifadə edir ki, mənzil başına tez çatsın. Ancaq digər xətlər üzrə xüsusilə də günün pik saatlarında sıxlıq yaranır. Avtobuslarda ayaq üstə durmağa belə yer olmur. Ona görə də ekspress marşrut xəttini ləğv edib, həmin xətdəki avtobusları sıxlığın olduğu marşrutlara versələr daha faydalı olar”.

Eyni zamanda sərnişinlər Bakı kənd və qəsəbələrinə işləyən avtobusların da vəziyyətindən şikayət edirlər. Sərnişinlər bildirirlər ki, qəsəbələrə verilən avtobusların əksəriyyəti iri tutumlu deyil. Ona görə də günün pik saatlarında insanlar qapıdan sallanmış formada gedirlər.

Ən çox şikayət 105 və 40 nömrəli avtobuslardandır. Sərnişinlər bu avtobusları “cəhənnəm marşrutları” adlandırırlar. Çünki həm kondisioneri yoxdur, həm də texniki cəhətdən vəziyyətləri normal deyil. Sərnişinlər bildirirlər ki, bu xətlərdə işləyən avtobuslar tez-tez sıradan çıxdığı üçün gün ərzində gecikmələrlə də üzləşirlər. Buna görə də obyektiv və subyektiv səbəblərdən hər gün sıxlıqla üzləşib, virus təhlükəsi ilə üz-üzə qalırlar.


Bakı Nəqliyyat Agentliyindən “Yeni Müsavat”a bildirilib ki, avtobusların yenilənməsi prosesi davam etdirilir. Qeyd edilib ki, hazırda Bakıda 700-dən çox avtobusda kondisioner var və onlar isti havalarda işə salınır. Azadpress.az

bottom of page