Azərbaycanın Gürcüstandakı səfirliyinin qarşısında orduya dəstək aksiyası keçirilir


Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının qarşısında Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində baş verən gərginliklə bağlı Azərbaycana və Azərbaycan ordusuna dəstək aksiyası keçirilir.

APA-nın yerli bürosunun xəbərinə görə, Gürcüstanın müxtəlif bölgələrində yaşayan soydaşlarımız paytaxt Tbilisidəki səfirlik binasının önünə toplaşaraq Azərbaycana öz dəstəklərini ifadə edirlər.

Əllərində həm Azərbaycan, həm də Gürcüstan bayraqları tutan aksiyaçılar Gürcüstanın bu mübarizədə Azərbaycanla həmrəy olduğunu bildirirlər.

Aksiyada gürcüstanlı ictimai xadimlər və politoloqlar da iştirak edir. Baş verə biləcək təxribatların qarşısını almaq məqsədi ilə əraziyə hüquq-mühafizə orqanının əməkdaşları cəlb edilib.

Qeyd edək ki, bu aksiya Azərbaycana dəstək məqsədi ilə Gürcüstanda son bir həftə ərzində keçirilən sayca üçüncü aksiyadır. Daha əvvəl Ermənistanın Tbilisidəki səfirliyinin qarşısında və “Sınıq körpü” sərhəd keçid məntəqəsində də aksiya təşkil olunub. Azadpress.az

Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.