top of page

Azərbaycanın qaz hasilatı 25 milyard kub metr olacaq


Energetika naziri Pərviz Şahbazov ADA Universitetində keçirilən 14-cü Bakı Yay Enerji Məktəbində “Azərbaycanın enerji siyasəti və bərpa olunan enerjinin artan rolu” mövzusunda çıxış edib.

Bu barədə Azadpress.az  Nazirliyin Mətbuat xidmətinə istinadən xəbər verir.

Nazir Pərviz Şahbazov deyib ki, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin çoxşaxəli, müasir, çevik qərarlarla inkişaf etdirdiyi enerji siyasəti nəticəsində Azərbaycanda enerji təchizatı ilə bağlı əsas məsələlər həll edilib. Enerjiyə olan daxili tələbat tam təmin edilib. Eyni zamanda Azərbaycan neft-qaz, elektrik enerjisi sahəsində ixrcatçı ölkəyə çevrilib. Bu illər ərzində enerji siyasətimiz nəinki ölkəmizin milli və iqtisadi təhlükəsizliyinin, həm də Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayıb.

Bildirilib ki, "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan indiyə kimi 514 milyon ton neft, “Şahdəniz”dən isə 127 milyard kubmetr qaz və 29 milyon tona yaxın kondensat hasil edilib. 1995-2019-cu illərdə Azərbaycana qoyulan 140 milyard ABŞ dollarından çox xarici investisiyanın 85 milyard ABŞ dolları neft sektoruna cəlb edilib. Bu müddətdə neft sektoruna yatırılan ümumi investisiyanın həcmi isə 106 milyard ABŞ dollarından çox olub.

Nazir “Cənub Qaz Dəhlizi” layihəsində isə Azərbaycanın qaz ölkəsi kimi inkişafı, bazarlarını şaxələndirməsi və Avropanın diversifikasiya məqsədlərinin birləşdiyini qeyd edib: ”Şahdəniz” yatağından ilbəil artan qaz hasilatının 2024-cü ildə 25 milyard kubmetri ötəcəyi gözlənilir. Bu isə imkan verir ki, Cənub Qaz Dəhlizi tam işə düşdükdən sonra “Şahdəniz” qazının alıcılarını 16 milyard kubmetrlik qaz həcmləri ilə təmin edək. TANAP-la Türkiyəyə qaz nəqli artıq 6 milyard kubmetrə çatıb. Layihənin sonuncu seqmenti - TAP yekunlaşmaq üzrədir. Xəzər qazı ilk dəfə olaraq Avropaya məhz Azərbaycanın təşəbbüsü olan mənbə və marşrutların şaxələndirilməsi layihəsi - Cənub Qaz Dəhlizi ilə çatdırılacaq“.

Energetika naziri Azərbaycanın “OPEC plus” formatı çərçivəsində fəaliyyətinə də toxunub: ”OPEC plus” razılaşması imkan verir ki, gündəlik neft istehsalı 2 il ərzində bazardakı vəziyyətə görə tənzimlənsin. Proqnozlara görə artıq 3-cü rübdən neftə tələbin təklifi üstələyəcəyi və 3,9 milyon barrel defisitin yaranacağı gözlənilir. İlin ikinci yarısından neftə tələbatda gözlənilən artımla əlaqədar bazarın balanslaşdırması məqsədilə avqustun 1-dən ixtisarların 7,7 milyon barrelədək yumşaldılması fazasına daxil oluruq. Təklifin birinci rübdəki 100 milyon barreldən üçüncü rübdə 88,3 mln barrelədək azalması ilə bağlı nikbin proqnozlar belə deməyə əsas verir ki, “OPEC plus”ın təklifin tənzimlənməsi siyasəti özünü doğruldur. Bununla belə pandemiya davam edir və dünya iqtisadiyyatı bərpa olunanadək neft bazarını əsasən format çərçivəsindəki fəaliyyətimiz balanslaşdıracaq”. 

Nazir həmçinin ölkəmizin müasir enerji siyasətinin prioritetləri kimi bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, energetika sisteminin səmərəliliyinin artırılması və mərhələli şəkildə liberal bazar modelinə keçilməsinin isə Azərbaycan Prezidentinin rəhbərliyi ilə aparılan islahatlar prosesinin hədəfləri olduğunu diqqətə çatdırıb. Bu məqsədlə 4 yeni qanun layihəsinin hazırlandığı, daha 2 yeni qanun layihəsi və "Energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası”nin işlənildiyi, Səudiyyə Ərəbistanının “ACWA Power” və BƏƏ-nin “Masdar” şirkətləri ilə 440 MVt gücündə pilot layihələrin icra edildiyi barədə məlumat verilib.

“İlin sonuna kimi 240 MVt gücündə külək və 200 MVT gücündə günəş elektrik stansiyalarının tikintisinə başlamağı planlaşdırırıq. 400 milyon ABŞ dolları həcmində investisiya hesabına tikiləcək bu stansiyalar illik 1,4 milyard kilovat/saat elektrik enerjisinin istehsalı, 300 milyon kubmetrdən çox təbii qaza qənaət edilməsi, 600 min tondan çox karbon qazı tullantısının azaldılması və yüzlərlə yeni iş yerlərinin yaradılması gözlənilir. Paralel olaraq, hərraclar vasitəsilə 1 000 MVt-a yaxın əlavə güclərin yaradılması istiqamətində də hazırlıq görülür”, - deyə nazir əlavə edib. 

Comments


bottom of page